Müəllimi borca görə işdən qovdular - “Özbaşınalığa etiraz edirdim...”

img

15-11-2017 [17:36]


Abşeron rayonu, Qobu qəsəbə Qəzənfər Xalıqov adına 1№-li tam orta məktəbin müəllimi həmkarından aldığı borc pulu qaytarmadığı üçün işdən qovulub.

Bu barədə BakuPost.az-a işdən çıxarılan müəllim Aqşin Həsənov özü məlumat verib. Bildirib ki, o, bir müddət əvvəl riyaziyyat müəllimi kimi çalışdığı Masazır kənd 2№-li tam orta məktəbindəki özbaşınalıqlara etiraz olaraq, ərizə yazaraq işdən azad olunduqdan sonra, başına ağıla gəlməyən hadisələr gəlib:

"Təhsil Nazirliyinin II dərəcəli diplomuna layiq görülmüş, kurikulum üzrə I dərəcəli sertfikat almış müəlliməm. İşlədiyim bütün məktəblərdə şagirdlərim riyaziyyat üzrə fərqlənib. Abşeron rayonu Masazır kənd 2 nömrəli tam orta məktəbində də peşə fəaliyyətimə görə nüfuz qazanmışam. Lakin bu məktəbin direktoru vəfat etdikdən sonra məktəbdə büdrəmələr, peşəkar müəllimlərə qarşı diqqətsizlik başladı. Bir neçə dəfə məktəbə yeni direktorlar təyin olundu. Amma bu, vəziyyəti daha da pisləşdirirdi. Heç biri vəzifə məsuliyyətini layiqincə yerinə yetirmirdi. Bir neçə dəfə direktorlar dəyişdirildikdən sonra Xırdalan məktəblərindən birindən Mehbarə adlı müəllimə direktor təyin olundu. Amma o da məktəbin təhsilində heç bir müsbət addım atmadı, əvvəlki problemlərdən istifadə edib məktəbi gəlir yerinə çevirdi.

Mənim kimi müəllim üçün belə bir mühitdə işləmək ağır idi. Ona görə də ərizə yazıb işdən çıxdım”.
Nazilə Məmmədova

İşsizlikdən əziyyət çəkən pedaqoq Abşeron rayon Təhsil Şöbəsinə müraciət edib. Qurumun yeni müdiri Nazilə Məmmədova ilə görüşüb və müsbət cavab alıb:"O, mənə başqa məktəbdə işə düzəlmək üçün kömək edəcəyinə söz verdi. Oktyabrın əvvəllərində Qobu 1 nömrəli tam orta məktəbə direktor müavini vəzifəsinə təyin olundum. Məktəbdə direktor əvəzi Nisəxanım müəllimə ilə görüşdüm və normal şəkildə işə başladım. Qısa müddətdə işimi yüksək səviyyədə qurmağa çalışdım. Kollektivdə hörmət qazandım. Lakin həftənin sonu məni Təhsil Şöbəsinə çağırdılar. Şöbə müdiri Nazilə Məmmədova dedi ki, sənin keçmiş iş yerində iş yoldaşına borcun var, həmin müəllim bizə sizdən şikayət edib. Ona görə işdən çıxarıldım. Mən vəziyyəti anlatdım, bildirdim ki, həmin adamla razılığa gəlmişəm, qaytaracağam. Düşünürəm ki, borcun işimə, müəllimliyə aidiyyəti yoxdur. Borcum varsa, ən azından işləməliyəm ki, onu qaytarım. Nazilə xanım təkid etdi ki, həmin müəllim dilindən yazılı izahat versin, yalnız ondan sonra işimə bərpa olunacağam”.

A.Həsənov borclu olduğu keçmiş iş yoldaşı ilə görüşüb və o, yazılı izahat verib:"O, bu əmələ görə peşman olduğunu dedi və yazılı izahat verdi. Bundan sonra da Nazilə Məmmədova işə qayıtmağıma icazə vermədi. Dedi, borcu olan adama iş verə bilmərəm, get ödə, bitir, sonra gəl. İndi soruşuram ki, işim olmadığı halda borcumu necə ödəyim?”

Abşeron rayon Təhsil Şöbəsindən məsələ ilə bağlı BakuPost.az-ın sorğusuna cavab olaraq bildirilib ki, A. Həsənov əvvəllər işlədiyi məktəbdə həmkarı Əbdilov Vilayət Mürsəl oğlunun 22000 AZN dəyərində pulunu mənimsəyib:"Aqşin Həsənov Tarqulu oğlu 01.10.2011-ci il tarixindən Masazır kənd 2 nömrəli tam orta məktəbində riyaziyyat müəllimi vəzifəsində çalışıb. 01.02.2017-ci il tarixindən etibarən üzrlü səbəb olmadan dərs ilinin sonunadək tədris prosesini pozaraq dərslərdə iştirak etməyib və bunun səbəbi barədə məktəb rəhbərliyinə şəxsən heç bir məlumat verməyib. Qardaşı Rüfət Həsənov məktəbə gələrək, onun polis tərəfindən axtarışda olduğunu, məktəbə gəlməməsinin səbəbi kimi qarşdaşı A. Həsənovun bir neçə şəxsə qarşı dələduzluq edərək, onların külli miqdarda pulunu mənimsədiyini və bu barədə Abşeron Rayon Polis İdarəsində cinayət işinin açıldığını bildirib. Daha sonra məlum olub ki, A. Həsənov işlədiyi məktəbin müəllimi Əbdilov Vilayət Mürsəl oğlunun 22000 AZN dəyərində pulunu mənimsəyib. Hal-hazırda məsələ üzrə məhkəmə işi davam edir.

13.09.2017-ci il tarixində məktəb rəhbərliyi A. Həsənovun ərizəsinə əsasən onu işdən azad edib. Bundan sonra A. Həsənov rayonun Təhsil Şöbəsinə yazılı şəkildə müraciət edərək, 2017-ci ildə keçirilən müəllimlərin işə qəbulu imtahanında 33 bal topladığını və hər hansısa məktəbdə vakansiya olarsa, riyaziyyat müəllimi işləmək istədiyini bildirib. A. Həsənovun diqqətinə çatdırılıb ki, Abşeron rayonu üzrə keçid balı 48-dir və onun işlə təmin olunması ilə bağlı Təhsil Şöbəsi tərəfindən Təhsil Nazirliyinə məktub ünvanlanıb.

11.10.2017-ci il tarixində A. Həsənov Qobu qəsəbə 1 nömrəli tam orta məktəbində analıq məzuniyyəti yerinə uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə təyin olunmaq üçün müraciət edib. Lakin onun həmin vəzifəyə təyin edilməsi məqsədəmüvafiq hesab edilməyib”.

Hüquq müdafiəçisi, "Müvəkkil” Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov BakuPost.az-a açıqlamasında bildirib ki, borca görə və yaxud da cinayət işinin başlanmasına görə kimisə işdən çıxarmaq qanun pozuntusudur:"Baş verən hadisədə Əmək qanunvericiliyi pozulub. Kiminsə haqqında cinayət işinin başlanması, hələ həmin şəxsin günahkar olması demək deyil. Təqsirsizlik prezumpsiyası deyilən bir anlayış var - kiminsə günahkar olmasını məhkəmə müəyyən edir. Məhkəmə hökmü olmadan həmin şəxsin cinayət törətməsini iddia etmək, hətta bu azmış kimi onu işindən azad etmək ciddi səhvdir”.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR