“Azərbaycanda büdcə korrupsiyası yüksək səviyyədədir” - İqtisadçı maxinasiyalardan danışdı (Müsahibə)

img

23-09-2017 [22:30]


Azərbaycan iqtisadiyyatının əsas problemlərindən biri də büdcə vasaitlərinin düzgün xərclənməməsidir. Böhranlı vəziyyətdə büdcə vəsaitlərinin səmərəsiz xərclənməsi və mənimsəmələr ölkənin iqtisadi həyatında daha ciddi problemlərə yol açır. "Real” Hərəkatının icra katibi, tanınmış iqtisadçı Natiq Cəfərli "Reytinq”ə müsahibəsində büdcə xərcləmələri zamanı ciddi qanun pozuntularının olduğunu deyərək, bu sahəyə ictimai nəzarətin də gücləndirilməsini vacib sayır.

Mia.az saytı N.Cəfərlinin müsahibəsini təqdim edir:

- Dünya təcrübəsi göstərir ki, büdcə xərcləmələrinə nəzarətdə dövlət qurumlarından başqa qeyri-hökumət təşkilatlarının və medianın da ciddi rolu olur. Avropa ölkələrinin, yaxud digər inkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda görürük ki, büdcə xərcləmələrinə çox ciddi vətəndaş nəzarəti var. 
Azərbaycanda büdcə xərcləmələrinə vətəndaş nəzarəti demək olar ki, yoxdur. Amma ilboyu büdcə xərcləmələri ilə bağlı monitorinqlər aparan və parlamentə məlumat verən bir qurum var - Hesablama Palatası. İnsafən, bəzi hallarda ciddi araşdırmalar aparırlar. Təəssüf ki, bunun nəticələrini görmürük.
Xırda işlərdə, vətəndaş cəmiyyəti ilə bağlı məsələlərdə ciddi araşdırmalar aparılır, 15-20 min manatlıq vergidənyayınmalara görə cinayət işləri açılır, büdcəyə ziyan vurmaq adı altında böyük həbs cəzaları müəyyənləşir. Lakin, son illərdə Hesablama Palatasının apardığı yoxlamaların ciddi nəticəsi yoxdur.
Müəyyən faktlar açıqlanır, rəqəmlər sadalanır, hətta bəzən söhbət milyonlardan, on milyonlardan getsə də, bu iş sonda nəticəsiz qalır. Yəni, büdcənin milyonlarla vəsaiti mənimsənilir, buna görə cavab verən olmur. Çox təəssüf ki, bu cəzasızlıq mühiti növbəti qanundankənar fəaliyyətə - büdcə vəsaitlərinin göyə sovurulmasına şərait yaradır.
Fakt odur ki, bir çox dövlət qurumları büdcə vəsaitlərini normal xərcləmir, hətta korrupsiya faktları aşkar şəkildə önə çıxır. Əgər o qurumların cavabdeh şəxsləri, rəhbərləri ciddi cəzalar alsaydılar, hesab edirəm ki, bu cəzalar çəkindirici faktora çevrilərdi. Hələ ki, çəkindirici faktoru görmürük.

- Necə düşünürsünüz, radikal addımlar atılarsa, büdcə vəsaitlərinin xərclənməsindəki problemləri aradan qaldırmaq olar?

- Dünyada maraqlı örnəklər var. Sinqapur dünyada ən çox korrupsiyaya uğramış ölkələrdən biri idi. Li Kuan Yu hakimiyyətə gələndən sonra kompleks islahatlara başladı. Məhz, sərt cəzaların tətbiqi, qanunun aliliyinin təmini nəticəsində 15-20 ilin içində Sinqapurda sıçrayışlı inkişaf oldu. Bu gün dünyada ən şəffaf ölkələrdən biri Sinqapurdur, hətta ən az korrupsiya olan ölkələr reytinqində birinci yerdədir.
Yəni, sərt cəzaların olması labüddür. Korrupsiya, büdcə xərcləmələrinə nəzarətlə paralel, sərt cəzalar da olmalıdır. Dünya təcrübəsi də göstərir ki, cəzasızlıq mühitində növbəti qanunsuz addımlar atılır. Ona görə də, bu istiqamətdə qanunvericilikdə dəyişiklik etməkdə də, bu məsələlərdə vətəndaş cəmiyyətinin dövlətə kömək edən bir institut kimi görməkdə də yarar var.
Təəssüf ki, Azərbaycanda vətəndaş cəmiyyətinə ögey münasibət göstərilir. Hər dəfə vətəndaş cəmiyyəti ilə bağlı açıqlamalarda "5-ci kalon”, "digər qüvvələrə xidmət edən qruplar” - kimi sözlər eşidirk. Əslində isə normal ölkələrdə vətəndaş cəmiyyəti dövlətin pulsuz auditoru, köməkçisi rolunda çıxış edir, dövlət də bunu müsbət qarşılayır. Təəssüf ki, bizdə əksinədir. Halbuki belə olsa, büdcə xərcləmələrinə nəzarət asanlaşar, korrupsiya halları azalar.

- Büdcə ortadadır, xərclərin istiqamətləri, layihələr də bəllidir. Bilirəm, dəqiq demək çətindir. Təxmini hesablamalara görə il ərzində büdcə vəsaitlərinin nə qədəri mənimsənilə bilər?

- Doğurdan da çox çətin sualdır. Amma beynəlxalq araşdırmalar göstərir ki, Azərbaycanda "kölgə iqtisadiyyatı” təqribən 60-65 faiz civarındadır. Bu, artıq onu sübut edir və göstərir ki, "kölgə iqtisadiyyatı” yüksək olan ölkələrdə həm korrupsiyanın səviyyəsi, həm də büdcə vəsaitlərinin xərclənməsində yeyintilərin həcmi yüksək olur.
İndiyə qədər reallaşdırılmış layihələrdə mənimsəmələrin böyük olduğu ortaya çıxıb. Məsələn, Azərbaycanda bir km yolun çəkilməsinə xərclənən vəsait az qala, dünyada rekord səviyyədədir.
Artıq sübut olunmuş məqamlara əsasən demək olar ki, Azərbaycanda büdcə korrupsiyası yüksək səviyyədədir. Azərbaycan dövlətçiliyinə ən böyük zərbə vuran amillərdən biri də büdcə korrupsiyasıdır.
Dövlət məişət korrupsiyasının böyük bir hissəsini həll eləməyə nail oldu. "ASAN Xidmət”lərin yaradılması göstərdi ki, məişət korrupsiyasını ləğv etmək mümkündür. Bu, vətəndaşların "korrupsiyanın bizim qanımızda olması” ilə bağlı absurd fikirlərini də alt-üst elədi.
Amma büdcə korrupsiyası hələ də qalır. Onu da unutmayaq ki, büdcə korrupsiyası dövlətə zərər vuran ən böyük amillərdən biridir.

- Vətəndaşlar sadəcə, gündəlik həyatlarının, dolanışıqlarının yaxşı olmasını istəyir. Qeyd etdiyiniz büdcə korrupsiyası aradan qalxarsa, insanlara hansı formada təsir edə bilər?

- Gəlin sadə və obrazlı dillə deyək. Əgər bir tikinti layihəsinə bir milyon ayrılırsa və onun yarısı "yeyilirsə”, təbii ki, bu, keyfiyyətsiz işə səbəb olur. Əgər ayrılan vəsaitin tamamı xərclənsə, bu, əlavə iş yerləri yaradar və layihələrin keyfiyyətli həyata keçirilməsinə səbəb olar. Sonra da həmin keyfiyyətsiz işlərin bərpası üçün büdcədən pul ayrılmaz.
Azərbaycanda beton yollar çəkildi və elan olundu ki, 20-25 il təmirə ehtiyacı olmayacaq. Amma Bakı-Quba beton yolu dəfələrlə təmirə dayanıb. Bu da büdcəyə ziyan vurulmasına səbəb olur. Yəni ayrılan vəsaitin tamamı xərclənsə, növbəti illərdə büdcəyə əlavə yük düşməz.

- Hazırki hakim komanda 20 ildən çoxdur ki, fəaliyyət göstərir. Necə düşünürsünüz, bu komanda qeyd etdiyiniz dəyişiklikləri gerçəkləşdirə bilər?

- Əslində bu, siyasi iradədən asılıdır. Yəni, "ASAN Xidmət” nümunəsi də bunu göstərdi. Sadəcə, Azərbaycanda bir fəlsəfi məsələ də var. Ölkədə aşağıdan yuxarı ideoloji bağlılıq olmadığına görə belə bir vəziyyət yaranıb. Yəni, məmur təbəqəsi arasındakı bağlılıq maraqlar üzərində qurulub. Büdcə vəsaitlərinin mənimənilməsi, korrupsiya maraqları monolotlik görüntüsü yaradıb və hakimiyyətin müxtəlif qollarında təmsil olunan məmurların birləşdirici amilinə çevrilib. Bu ideoloji boşluğa korrupsiya daxil olub. İdeoloji bağlılıq olmadığı bir şəraitdə komandanın formalaşması ancaq maddi maraqlar üzərində qurulur. Mənə elə gəlir ki, ən çətin nöqtə də bu fəlsəfi məqamdır.

Bəlkə də hakimiyyət başındakılar müəyyən pozitiv addımlar atmaq istəyirlər. Amma məhz, komanda daxilində narazılığın yaranacağına, siyasi loyallığın ancaq korrupsiya yolu ilə təmin olunduğunu bildirərək radikal addımlar atmaqdan çəkinirlər. Ona görə də hələlik ciddi addımlar ata bilmirlər.

- Natiq bəy, əslində büdcə vəsaitlərinə şəxsi pul kimi yanaşmaq lazımdır, amma bizdə fərqli yanaşılır. Əksəriyyət büdcədən oğurlamağa çalışır. Təkcə məmurlar yox, cəmiyyətin əksər üzvləri fürsət axtarır ki, büdcədən nəsə qoparsın. Sizcə, əsas problemlərdən biri də bu deyilmi?

- Haqlısınız. Vətəndaş-dövlət münasibətlərində ən önəmli bağlardan biri vergi sistemidir. Vətəndaşın vergisi ilə büdcə formalaşır və formalaşan büdcəyə vətəndaş özününkü kimi baxır. O zaman artıq xərcləmələr vətəndaşların müəyyən etirazına səbəb olur.
Dünyanın inkişaf etmiş ölkələrində vətəndaş-dövlət münsibətləri iki bağ üzərində inkişaf edir. Onlardan biri seçki, digəri vergidir. Bizdə hər iki bağda ciddi problemlər var.
Belə ki, büdcənin formalaşmasında vətəndaşın iştirakı azdır. Yəni, fiziki şəxslərin büdcənin formalaşmasındakı rolu 7 faizdir. Büdcənin 50 faizindən çoxu Neft Fondundan tranfert olunur, digər hissəsi isə neft sahəsi və ona xidmət edən sektordan gələn vergilər hesabına formalaşır. Bu da vətəndaşı büdcənin onun özününkü olduğu fikrindən ayrı salır. Əslində, bu, çox ciddi psixoloji problemdir. Bunun təşviq olunmasına, izahat işlərinin aparılmasına, mediada vətəndaşın büdcəyə nəzarətinin vacib olduğunu vurğulamaqla nəticələr əldə etmək mümkündür. Burada medianın da rolu ciddi olmalıdır. Mediada büdcə xərcləmələri ilə bağlı gedən materialları dövlət orqanları ciddi araşdırmalıdır. Təəssüf ki, bunları da görmürük. Vətəndaş dövlət büdcəsinin özü tərəfindən formalaşdırıldığına inanmadığı üçün xərcləmələrin də hansı formada həyata keçirildiyinə biganə qalır. Bu da həm sosiolji, həm də psixoloji problemdir. Korrupsiyadan, sistemin ümumi problemlərindən əlavə, vətəndaş-dövlət münasibətlərinin bu sahəsində də ciddi axsamalar var.


Digər xəbərlər
SON XƏBƏRLƏR