BDU və Pedaqoji Universitetin tələbələri olan iki bacı 100 manata görə təhsilini davam etdirə bilmir - Müəllimədən fəryad

img

23-09-2017 [21:53]


Zərdab rayonu, Pərvanlı kənd orta məktəbinin ibtidai sinif müəlliməsi Gülnisə Məmmədova vətənpərvər, xeyirxah insanlara, aidiyyəti qurumlara müraciət edib.

Onun Mia.az saytına daxi olan müraciətini oduğu kimi təqdim edir və ümid edirik ki, oxumaq istəyən iki qız uşağının təhsillərini davam etdirmələri üçün nəcib insanlardan, o cümlədən universitet rəhbərliyindən xoşməramlı addımlar atılacaq: 

"Hazırda 2 qız övladım Azərbaycan Dövlət Pedoqoji və Bakı Dövlət Universitetlərində təhsil alır, lakin imkansızlıq ucbatından onları oxutdura bilmirəm. Qızımın biri 3-cü kursda, digəri isə 1-ci kursda təhsil alır. 

Böyük qızım 501 balla Azərbaycan Dövlət Pedoqoji Universitetinin filologiya fakültəsinə daxil olub. 

Digər qızım isə 478 balla Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə daxil olub. 

Ümumilikdə 4 övladım var, digər 2 uşağım isə məktəblidir. Övladlarımı oxuda bilməməyimin səbəbi yoldaşımın ağır xəstəlik səbəbindən işləməməsidir. Əvvəl ustalıq edirdi, mən isə məktəbdə müəllimə işləyərək onların ehtiyaclarını ödəyirdik. Lakin hazırda demək olar gözləri görmür, işləyə bilmir. İndi qalmışam çıxılmaz vəziyyətdə. Qızlarım mənə deyirlər ki, mama, getməyək, oxumuruq. 

Bakıda ucuz qiymətə ev tapmaq olmur. Mən əsas kirayə puluna görə narahatam. Hazırda hər ay hər biri üçün 100 manat kirayə pulu verməliyəm. Bu da edir 200 manat. Fikirləşirəm ki, hər ay 200 manat onların ev kirayəsinə verə bilməyəcəyəm. Bir yandan da yoldaşımın müalicəsi üçün kredit götürmüşük. Mənim aylıq maaşım 286 manatdır. Mən bu pulla onları oxuda bilmirəm. Onlar qalacaq yerlə - yataqxana ilə təmin olunsalar, pulsuz bir yerdə qalsalar, birtəhər də olsa oxudaram. Əsas ev problemidir. 

Sentyabr ayının kirayə pulunu vermişdim. Oktyabrın 5-də yenidən 200 manat ödənməlidir. Buna isə imkan yoxdur. Məcburam onların təhsili yarımçıq qoyam, amma bunu istəmirəm. Onların ən böyük arzusu oxumaqdır. Çoxları deyir ki, oxutma, imkanın yoxdur yarımçıq saxla. Amma mən deyirəm ki, nəyə görə oxutmayım, yazıq deyillərmi? Ödənişli fakültəyə girməyiblər axı, ödənişsizdir. Onların oxumasını istəyirəm, başqa heç nə. 

Kimsə onlara kömək olsun. Aidiyyəti orqanlardan, vətənpərvər, xeyirxah, imkanlı insanlardan sadəcə qızlarımın oxumasına kömək olmalarını xahiş edirəm.

Ailənin əlaqə telefonu 051 437 63 74".

Digər xəbərlər
SON XƏBƏRLƏR