"Doğru danışıb-danışmadığına əmin olmaq üçün ona cihaz qoşduq..." - General

img

22-09-2017 [13:36]


Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
APA-nın məlumatına görə, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə MTN-in sabiq əməkdaşı, general-mayor Məzahir Yaqubov şahid qismində ifadə verib.
 
Zərərçəkmiş Mətləb Mustafayevin epizodu üzrə danışan şahid deyib ki, Mətləb Mustafayevlə üç dəfə görüşüb, İlqar Əliyevin göstərişi ilə ona cihaz qoşublar: "Həmin aparat insanın doğru danışıb-danışmadığını müəyyən edir”.
 
O, həmin görüşlərdə İlqar Əliyevin də iştirak etdiyini, Mətləb Mustafayevin doğru danışdığını müəyyən etdiklərini söyləyib.
 
M. Mustafayev isə deyib ki, onlar üç yox, beş dəfə görüşüblər. O bildirib ki, iki saat davam edən görüşdə guya ondan tapıldığı iddia edilən silahla bağlı hər hansı sual verilməyib. M. Mustafayev ona cihaz qoşulduqdan sonra iki dəfə özünü pis hiss etdiyini deyib. Bildirib ki, həbsdə olduğu müddətdə ailəsinə yazdığı heç bir məktub çatdırılmayıb. Lakin bir məktubunu Məzahir Yaqubov ailəsinə çatdırıb: "Məzahir Yaqubov mənə dedi ki, "sevin ki, evindən bir kisə "poroşok" çıxmayıb".
 
Prokuror E. Quliyevdən M. Mustafayevə qoşulan cihazın istifadəsinə razılıq olub-olmamasını soruşub. E. Quliyev deyib ki, həmin cihaz bütün dünyada tətbiq edilir və hər hansı təhlükəsi yoxdur.
 
M. Mustafayev isə deyib ki, cihaz ona icazəsiz qoşulub və ondan bununla bağlı razılıq alınmayıb.
 
İclasda keçmiş MTN əməkdaşı Təranə adlı şahid də ifadə verib. O, Monitorinq Mərkəzinin əməkdaşı olduğunu, Eldar Mahmudovun razılığı, Natəvan Mirvətovanın dərkənarı ilə telefon danışıqlarını dinlədiklərini deyib. Bildirib ki, bununla bağlı məhkəmə qərarının olub-olmadığını bilmir.
 
İclasda dövlət ittihamçısı şahid Mahirə Süleymanovanın məhkəməyə gəlib ifadə verməsi barədə vəsatət verib. Hakim vəsatəti təmin edib və onun prosesə məcburi gətirilməsi barədə qərar qəbul edib. M. Süleymanovanın E. Quliyevin tanışı olduğu bildirilir.
 
Proses sentyabrın 25-də davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR