BMU-da 2017-2018-ci tədris ilinin açılış mərasimi keçirilib

img

15-09-2017 [12:51]


Tədbirdə universitet kollektivi ilə yanaşı universitetin Himayəçilər Şurasının üzvləri, millət vəkilləri, Abşeron İcra Hakimiyyətinin başçısı, iş dünyasının nümayəndələri və valideynlər iştirak edib.

Universitetin rektoru, professor Havar Məmmədov yeni dərs ili münasibətilə tədbir iştirakçılarını təbrik edib və uğurlar arzulayıb. Rektor qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli 2429 nömrəlisərəncamı ilə Ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını, bu sahədə ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı Mühəndislik Universiteti yaradılıb.

Universitetin yaradılmasına səbəb sərəncamda qeyd edildiyi kimi Azərbaycan iqtisadiyyatının indiki inkişaf səviyyəsi mövcud elmtutumlu sənaye müəssisələrində istehsal proseslərini təşkil etmək və innovativ texnologiyalarla işləmək bacarığına malik mütəxəssislərin hazırlığını həyata keçirən, müasir tələblərə uyğun yeni ali təhsil müəssisəsinin təsis edilməsi zərurətinin meydana çıxmasıdır.

Bu il ilk tələbə qəbulunu həyata keçirən Bakı Mühəndislik Universitetinə 17 mühəndislik ixtisası ilə yanaşı iqtisadiyyat və idarəetmə ixtisasları üzrə qəbul həyata keçirilib. Hal-hazırda universitetdə 4526 tələbə təhsil alır. Bunlardan 3944 bakalavr, 525 magistr, 57 nəfər isə doktorantura pilləsində oxuyurlar. Dövlət İmtahan Mərkəzi tərəfindən aparılan 2017-2018-ci tədris ili üzrə qəbulda 772 nəfər bakalavr ixtisaslarını 161 nəfər isə magistr ixtisaslarını seçib. Bunlardan da 115 nəfər 600-dən çox bal toplayıb, 253 nəfər isə 500-dən çox bal toplayıb. Universitetdə 44 nəfər Prezident təqaüdçüsü təhsil alır.

BMU-nun Himayəçilər Şurasının üzvü Muxtar Babayev yeni dərs ili münasibətilə təbriklərini çatdırıb və mühəndislik ixtisaslarının ölkəmizin inkişafındakı rolundan danışıb. Tələbələri universitetdə olan yüksək potensialdan istifadə edərək mütəxəsis kimi yetişərək sənayenin inkişafına töhvə verməyə səsləyib.

Abşeron İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova möhtərəm Prezidentimiz İlham Əliyevin təhsilə olan xüsusi diqqət və qayğısından danışıb. Rayonun təhsil uğurlarını qeyd edən icra başçısı BMU-nun tələbələrinə uğurlar və səviyyəli mütəxəssis olmaları ilə yanaşı layiqli vətəndaş olmalarını arzulayıb.

Tələbələri təbrikə gələn özəl sektorun nümayəndələri də BMU ilə əməkdaşlıqlarına xüsusi diqqət yetirdiklərini və bu əməkdaşlığın nümunə olduğunu qeyd ediblər.

Sonda yüksək balla BMU tələbəsi adını qazanmış tələbələrə universitet və ölkəmizin öndə gələn şirkətləri tərəfindən hədiyyələr təqdim olunub.



Digər xəbərlər
SON XƏBƏRLƏR