Sumqayıtın icra başçısı ənənəni pozdu - Gənc tələbələrdən etiraz

img

12-09-2017 [16:55]


Sabah Sumqayıt şəhər İcra Hakimiyyətində 2017-2018-ci il tədris ilində qəbul imtahanlarında 650-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olan məzunlarla görüş keçiriləcək.

Artıq ənənə halını almış bu görüş ali təhsil müəssisələrinə qəbul olmuş tələbələr arasında böyük sevinclə qarşılansa da, AFN-ə verilən məlumata görə, bu il İcra Hakimiyyəti bir qədər qənaət etməyi qərara alıb. Belə ki, ötən il şəhər icra hakimiyyəti qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olan məzunlarla görüş keçirmişdi. Bu il isə bu göstərici 650 bala qaldırılıb. Nəticədə görüşə dəvət edilən tələbələrin sayı avtomatik olaraq azalır.

Görünür, Sumqayıt gənclərinin ildən-ilə bilik səviyyəsinin artması, ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplamaları sonda şəhər icra hakimiyyətinə baha başa gəlir. Bu isə 600-dən yuxarı bal toplayaraq icra başçısı Zakir Fərəcovla keçirilməsi nəzərdə tutulan görüşə düşə bilməyən tələbələrin motivasiyasına ilk zərbə olur.

Qeyd edək ki, 2016-cı ildə Sumqayıt şəhər İcra Başçısı Zakir Fərəcov 600 baldan yuxarı nəticə göstərərək ali məktəblərə qəbul olan 138 məzunla görüşərək, onların hər birinə qiymətli hədiyyələr təqdim edib, xatirə şəkli çəkdirmişdi. Məsələ haqda saytımıza danışan 600-dən çox bal toplayaraq yeni tələbə adını qazanmış gənc deyir ki, ötənilki görüş onu xeyli həvəsləndirib: "Mənlə birgə hazırlığa gələn abituriyentlər deyəndə ki, görüşə gediblər, icra başçısı tərəfindən mükafatlandırılıblar, sözün düzü, daha da həvəslənmişdim 600-dən çox bal toplamaq üçün çalışırdım. Bilirsiz, söhbət mükafatda deyil, bu sevincin bizimlə birgə geniş ictimaiyyət tərəfindən də yaşanması təbii olaraq bizi daha da motivasiya edir. Amma görünür, hörmətli icra başçısı bu sevinci bizə çox gördü. 630-dan çox bal toplamışam, amma məlum görüşə qatıla bilməyəcəm. Bu məni məyus edir. Mükafat istəmirik, amma görüşdə iştirak etmək istəyirik".

Digər xəbərlər
SON XƏBƏRLƏR