Şriftin ölçüsü / 181 dəfə oxunub

Birinci vitse-prezident Nəsimidəki “Qərənfil” uşaq bağçasında

11 Sentyabr 2017 [17:09]
Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir edilən "Qərənfil” körpələr evi-uşaq bağçası balaca sakinlərini qəbul etməyə hazırdır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva paytaxtın Nəsimi rayonunda yerləşən bu körpələr evi-uşaq bağçasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verərək bildirdi ki, bu bağça 1968-ci ildən fəaliyyət göstərir. 2007-2008-ci illərdə körpələr evi-uşaq bağçasının binasında cari təmir işləri aparılsa da məktəbəqədər təhsil müəssisəsinin əsaslı təmirə ehtiyacı var idi. Burada bu ilin fevral ayında başlanılan təmir nəticəsində uşaq tərbiyə müəssisəsində lazımi şərait yaradılıb.

İkimərtəbəli körpələr evi-uşaq bağçası 12 qrupdan ibarətdir. Bu qrupların hər biri 3 otaq olmaqla lazımi inventarla təchiz edilib. Bütün mebel dəstləri və avadanlıq yenisi ilə əvəz olunub. 225 uşaq yerlik müəssisə azyaşlı sakinlərin zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin edir. Körpələr evi-uşaq bağçasında balacaların təlim-tərbiyəsi ilə məşğul olmaq, həmçinin onların bacarıq və istedadlarını aşkara çıxarmaq üçün hərtərəfli şərait yaradılıb. Üçkorpuslu məktəbəqədər təhsil müəssisəsində müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, idman və musiqi zalları, yeməkxana yaradılıb. 2014-cü ilin fevral ayında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı zamanı Fondun məktəbəqədər təhsil müəssisələrində mövcud vəziyyətin monitorinqinin nəticələri açıqlanıb və ölkədə yeni bağçaların inşasına ehtiyacın olduğu müəyyənləşib. Nəsimi rayonunda əsaslı təmir edilən "Qərənfil” körpələr evi-uşaq bağçası bu istiqamətdə atılan addımlardan biridir. Uşaqların maraqları nəzərə alınaraq bağçanın gözoxşayan həyəti, xüsusi istirahət guşələri var. Burada da yenidənqurma işləri aparılıb, müasir uşaq əyləncə qurğuları quraşdırılıb.

Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verildi ki, uşaqların yol hərəkəti qaydalarına yiyələnmələri üçün xüsusi guşə yaradılıb. Bundan başqa, uşaq müəssisəsinin ətrafındakı ərazidə də abadlıq işləri görülüb.

Bağça ilə tanış olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva müəssisənin işinə uğurlar arzuladı.



SON XƏBƏRLƏR