Şriftin ölçüsü / 170 dəfə oxunub

“Özümü hazırlamışdım ki, həbsdə uzun müddət qalacam” - Mehman Əliyev danışdı

11 Sentyabr 2017 [15:15]

Xəbər verdiyimiz kimi, "Turan” informasiya agentliyinin baş direktoru Mehman ƏIiyev bu gün saat 13.00 radələrində Yasamal rayon Məhkəməsindən azadlığa buraxılıb. 

Onun həbsi ilə bağlı prezident İlham Əliyevə çoxsaylı müraciətlər ünvanlanmışdı. Mehman Əliyev özü də ölkə prezidentinə müraciət yazmışdı. Mediada gedən xəbərlərə görə, Qazaxıstandan qayıdan Azərbaycan prezidenti bu müraciətə reaksiya verərək, prokuror-məhkəmə orqanlarına seçilmiş qətimkan tədbirinin dəyişdirilməsini və vergidən yayınmada ittiham olunan M.Əliyevin təcridxanadan azad edilməsini tövsiyə edib.

M.Əliyev musavat.com-a müsahibəsində azadlığa çıxması, həbs dönəmi və bundan sonrakı planları barədə danışdı.

Müsahibimiz öncə azadlığa çıxması ilə bağlı situasiyanı dəyərləndirdi:

-Mən bu həbsə hazır idim. Uzun və ya qısamüddətli olacaqdı, fərqi yox idi. Hazır idim. Amma ümidimi bağlamırdım ki, tezliklər çıxacam. Özümü hazırlamışdım ki, uzun müddət qalacam.

-Bu sabah etibarilə mediada xəbər yayıldı ki, İlham Əliyev müvafiq orqanlara Mehman Əliyev barəsindəki həbs qərarını dəyişdirməyi tövsiyyə edib. Bundan sonra da media cameəsində ümidlər artdı ki, siz bu günkü məhkəmədən azadlığa buraxılacaqsız. Bəs sizin özünüz azadlığa buraxılacağınızı nə vaxt öyrəndiz?

- Sözün düzü, keçən həftə mənimlə ombudsman aparatından gəlib görüşmüşdülər. O zaman mənə dedilər ki, biz əlimizdən gələn hər şeyi edəcəyik ki, qısa müddətdə siz azadlığa çıxasız, barənizdəki həbs qətimkan tədbiri dəyişsin. Bu, mənimçün siqnal oldu ki, nələrsə dəyişə bilər. Ondan sonra da mənim prezidentə müraciətim oldu. Barəmdəki həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müraciət etmişdim. Məhkəməmdə də məktub yazmışdım bununla bağlı. Bundan sonra da bu proses başladı.

-Mehman bəy, çox nadir hallarda Azərbaycanda siyasi motivlərlə həbs olunan şəxs qısa müddətdə azadlığa buraxılır. Siz bu mənada nadir nümunə təşkil edirsiz. Sizlə bağlı özəl münasibətin səbəbi nə oldu?

-Əslində mənə deyildi ki, daxildə də, xaricdə də mənimlə bağlı çox böyük dəstək oldu. Çoxları üçün belə reaksiya bəlkə də gözlənilməz idi. Mənə olan münasibət öz təsirini göstərdi.

-İlk dəfədir ki, məhbəs həyatı yaşadız. Bu 1 aylıq sürəc necə keçdi, nələr yaşadız? Türmə həyatı sizə nə öyrətdi?

-Mən türmədəki insanlarla söhbət edəndə sanki müsahibə götürürdüm. Kim nəyə görə həbs olunub, taleyi necə gətirib, saxlanma şəraiti, ordakı şərtlər... Bütün bunları söhbət zamanı öyrənmək olur. Hər şeyə diqqətlə baxırdım. Özümçün yaddaşımda qeydlər aparırdım. Amma yazmırdım. Çünki bilirdim ki, nəzarət var, bunu etmək olmaz. Amma içəridə problemləri və onların həll olunması yollarını gördüm. Özümçün müəyyən nəticələr çıxardım. İkincisi, Azərbaycanın televiziya kanallarına baxmırdım. Hələ 2010-cu ildə bu barədə demişdim ki, Azərbaycan telekanallarının ictimai fikrə heç bir təsir göstərmək imkanları yoxdur. Ondan sonra Ramiz Mehdiyev də toplantı keçirərək, bu barədə fikirlərini demişdi, yerli kanalları tənqid etmişdi. İndi mən başa düşdüm ki, vəziyyət daha da kirtikdir, bu telekanalların Azərbaycan ictimaiyyətinə, auditoriyasına ümumiyyətlə, heç bir təsiri yoxdur, sıfır səviyyəsindədir təsir gücü. Acınacaqlı vəziyyət idi gerçəkdən də.

Əslində buna baxmaq mənim üçün gerçək işgəncə idi. Mən mazoxist-filan deyiləm, ona görə də çox baxmırdım. Daha çox kitab oxuyurdum.

-Həbsxana həyatınızda yaşadıqlarınızı bir kitab halına salacaqsız?

-Yox, buna vaxt yoxdur. Əslində buna böyük vaxt lazımdır. Mənim həll etməli, yoluna qoymalı olduğum məsələlər var.

-Bu arada "Turan” necə olacaq? Onunla bağlı bir planınız varmı?

-Bilmirəm. Hesablar bağlanıb, hesabdan pul çıxarılıb. Fəaliyyət göstərmək üçün pul yoxdur. Maliyyə ciddi problemdir.

-Bu bir ayda ən çox nədən ötrü darıxdız?

-Təbii ki, ailəmdən ötrü. Yoldaşım, qızım, atam... İşçilər üçün də həmçinin. Bütövlükdə bu vəziyyət imkan verdi ki, daha çox düşünüm, proseslərlə bağlı xeyli fikirləşmək vaxtı qazandım. Çünki işin-gücün içində düşünməyə imkan olmurdu.

-Düşündüz, düşündüz... Yəqin ki, bunun nəticəsində yeni qərarlar da verdiniz.

-Əlbəttə düşünəcəyik. Bu vəziyyət yarandı və bu, müəyyən bir dönüşdü. Bu, elə-belə deyil. Bəzi məsələlər müəyyən dərəcədə korrektə olunacaq. Mən hər zaman optimist olmuşam, bunu bilirsiz. Məndə pessimizm olmayıb heç zaman.




SON XƏBƏRLƏR