Şriftin ölçüsü / 103 dəfə oxunub

Riçard Hoqlandın irəli sürdüyü təkliflər Azərbaycanın mənafelərinə uyğun deyil - Partiya sədri

05 Sentyabr 2017 [22:43]

Son zamanlar bəzi şərhçilər, politoloqlar ABŞ-ın ATƏT-in Minsk Qrupundakı sabiq həmsədri Riçard Hoqlandın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlamasını az qala Azərbaycanın böyük uğuru, qələbəsi kimi şərh edirlər. Bu zaman bir qayda olaraq bu açıqlamaların Ermənistan ictimaiyyətində ciddi ajiotaj, apatiya yaratdığına, güya Ermənistandakı böhranlı siyasi durumu daha da dərinləşdirdiyinə əsaslanırlar. Hoqlandın açıqlamalarına ermənilərin mənfi münasibət bildirmələri başadüşüləndir. Bu açıqlamalarda nəzərdə tutulan müddəaların həyata keçirilməsi ermənilərin işğalın nəticələrindən maksimum yaralanmaqla bağlı arzularına cavab vermir. 

Bəs bu müddəaların söylənildiyi şəkildə reallaşdırılması Azərbaycanı qane edə bilərmi? 

Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğlu Riçard Hoqlandın irəli sürdüyü 6 təkliflə bağlı detalı rəy hazırlayıb. Onun təklifləri aşağıdakı kimidir.

Birinci təklif. "Dağlıq Qarabağın mürəkkəb tarixini nəzərə alaraq tərəflər regionun yekun statusunu danışıqlar əsasında müəyyən etməyə razı olmalı və bu istiqamətdə öhdəlik götürməlidirlər”. Bu təklif Dağlıq Qarabağın əzəli və əbədi Azərbaycana məxsus olmasını sual altında qoyur və beləliklə də, əslində, dolayısı ilə, sətiraltı bu ərazilərin işğalına haqqq qazandırır! Bu zaman ermənilərin bu ərazilərə sonradan köç etmələri, onun heç bir zaman mövcud olmayan erməni dövlətinə aid olmadığı "unudulur”.

İkinci təklif. "Rəsmi Bakının nəzarətində olmayan sabiq Dağlıq Qarabağ Muxtar Vilayəti hüdudlarındakı ərazilərə müvəqqəti status verilməlidir ki, bu, minimum olaraq ərazinin təhlükəsizliyini və özünüidarəetməsini təminat altına alsın”. 1.Bu təklifin reallaşdırılması Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyinin təmin olunması zərurətini nəzərdə tutmur, əslində qeyri-müəyyən müddətə qondarma rejimə dövlət statusunun verilməsi anlamına gəlir. 2. Azərbaycan artıq bir dəfə Arkadi Volskinin rəhbərliyi altında Dağlıq Qarabağa müvəqqəti statusun verilməsinin "altını çəkib”.

Üçüncü təklif. "Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilər Azərbaycanın nəzarətinə qayıtmalıdır. Azərbaycan dövlətinin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilmədən razılıq ola bilməz”. Bu təklif ikinci təkliflə tam uzlaşmır: ikinci təklifdə Azərbaycan dövlətinin suverenliyinə və ərazi bütövlüyünə hörmət sezilmir.

Dördüncü təklif. "Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən təhlükəsiz dəhliz mövcud olmalıdır. Lakin bu dəhliz bütün Laçın ərazisini əhatə etməməlidir”. Bu təklifin reallaşdırılması kifayət qədər geniş olması nəzərdə tutulan Laçın dəhlizi üzərində Azərbaycanın suverenliyini nəzərdə tutmur, əksinə, beynəlxalq huquqa zidd olaraq onun Ermənistanın nəzarətinə verilməsi anlamına gəlir.

Beşinci təklif. "Sazişdə həmçinin bütün məcburi köçkünlər və qaçqınların öz keçmiş yaşayış yerlərinə qayıtmaq hüququ təmin olunmalıdır”. Bu təklifdə Ermənistandan qovulmuş azərbaycanlıların da öz keçmiş yaşayış yerlərinə qayıtmaq hüququnun təmin olunması nəzərdə tutulmur.

Altıncı təklif. Bu təklifdə sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizlik zəmanətinin vacibliyi vurğulanıb, qeyd edilib ki, iki tərəfin etimadını qazanmış sülhməramlı əməliyyatlar olmadan regionda uzunmüddətli sülh mümkün deyil. 1.Burada "sülhməramlı əməliyyatlar” ifadəsi başadüşülən deyil. "Sülhməramlı qüvvələr”lə, "sülhməramlı əməliyyatlar” fərli anlayışlardır. 2. Sülhməramlı əməliyyatların hansı məqsədlərlə, hansı ərazilərdə aparılacağı, hansı əraziləri əhatə edəcəyi aydın deyil.

Qeyd edilənlərdən göründüyü kimi, Riçard Hoqlandın irəli sürdüyü təkliflər böyük ölçüdə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini nəzərdə tutmur, ölkəmizin mənafeyinə uyğun deyil və qəbul edilə bilməz! 

Fikrimizcə, mövcud reallıqları nəzərə alaraq Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll ediləcəyi təqdirdə aşağıdakılara razı ola bilər (qaçqınların və məcburi köçgünlərin öz doğma yurdlarına qayıtmaları şərti ilə):

1.Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudları çərçivəsində olan əzazilərdə Naxçıvan Muxtar Respublikasının statusuna bərabər muxtar respublikanın yaranmasına razılıq verə bilər.

2. Azərbaycanın suverenliyi altında Laçın dəhlizi yaradıla bilər. Bu dəhlizin təhlükəsizliyinin təmin edilməsi Azərbaycanla yanaşı, beynəlxalq müşahidəçilərə həvalə edilə bilər.

Bu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll ediləcəyi təqdirdə Azərbaycanın ən böyük güzəşti ola bilər! Ermənilər anlamalıdırlar ki, münaqişənin hərb yolu ilə həll ediləcəyi təqdirdə onlara heç bir muxtəriyyət hüququ verilməyəcəkdir!



SON XƏBƏRLƏR