Şriftin ölçüsü / 62 dəfə oxunub

Lənkərana 3 milyon manat ayrıldı

05 Sentyabr 2017 [17:38]

Prezident İlham Əliyev Lənkəran şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində Lənkəran şəhərində irimiqyaslı infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən Lənkəran Beynəlxalq Hava Limanı, Regional Müalicə-Diaqnostika, Uşaq Sağlamlıq, Əlillərin Reabilitasiya və Gənclər mərkəzləri, Bayraq Meydanı tikilmiş, Lənkəran Dövlət Dram Teatrının, Şəhər Mədəniyyət Mərkəzinin, Tarix-Diyarşünaslıq Muzeyinin, 350 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasının binaları və mərkəzi stadion əsaslı təmir olunmuş, müasir tələblərə cavab verən digər sosialyönümlü obyektlər istifadəyə verilmişdir. Bundan əlavə, Lənkəran şəhərinin su təchizatı sistemi yenidən qurulmuş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, iri istehsal və emal müəssisələri yaradılmış, 27 mindən çox yeni iş yeri açılmış, əlil və şəhid ailələri üçün 90 mənzilli 3 yaşayış binası, evləri qəzalı vəziyyətdə olan sakinlər üçün isə 80 mənzilli 3 yaşayış binası inşa edilmiş, geniş abadlıq-quruculuq işləri görülmüşdür.

Sərəncamda qeyd olunur ki, Lənkəran şəhərində 20 çoxmənzilli binanın dam örtüyünün yenilənməsi və fasad hissəsinin əsaslı təmiri üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.




SON XƏBƏRLƏR