Müxalifətin növbəti birliyi baş tutmaya bilər

img

29-08-2017 [17:13]


Qarşıdan siyasi cəhətdən aktiv olan payız fəsli gəlir. Adətən, siyasi təşkilatlar yeni proqram və layihələrə də payızda start verirlər. Nəzərə alsaq ki, gələn il həm də ölkəmizdə prezident seçkiləri ilidir, onda bu payız seçkiyə hazırlıq dönəmi kimi xarakterizə olunmalıdır.

Görəsən, ölkənin müxalifət düşərgəsinin həmişə olduğu kimi, seçkiöncəsi aktivləşmək, hansısa birliklər yaratmaq niyyəti varmı?

Mia.az-ın xəbərinə görə, bu barədə "Reytinq" qəzetinə açıqlama verən ADP sədrinin müavini Taliyət Əliyev deyib ki, ümumiyyətlə, ölkədə keçirilən bütün seçkilər -istər müxalif, istərsə də hakim düşərgədə siyasi qüvvələrin birliyini stimullaşdıran əsas faktorlardan biridir. Bu baxımdan qarşıdan gələn 2018-ci il prezident seçkiləri də müxalif siyasi qüvvələrin birləşməsini stimullaşdıra bilər:

"Düzdür, ölkədə elə seçkilər də olub ki, həmin seçkilərdə müxalif siyasi qüvvələr iştirak etməyib, seçkilər o qədər "sakit” keçirilib ki, hətta cəmiyyətin mütləq əksəriyyətinin ölkədə seçki keçirilməsindən xəbəri olmayıb.

Lakin ölkədə və regionda baş verən hadisələrə diqqət yetirdikdə 2018-ci il prezident seçkilərinin "sakit” keçməyəcəyini deyə bilərik. Unutmaq olmaz ki, 2016-cı ilin sentyabr ayının 26-da keçirilən referendum və bu referendumdan sonra həyata keçirilən təyinatlar hakimiyyətdə klanlararası mübarizəni daha da qızışdırıb”.

T.Əliyev bildirib ki, son dövrlər rusiyameyilli qüvvələrin aktivləşməsini də nəzərə alsaq, 2018-ci il prezident seçkilərinin sıradan bir seçki olmayacağı qənaəti yaranır:

"Hesab edirəm ki, 2018-ci il prezident seçkiləri ölkə müxalifətinin böyük kəsiminin birləşməsini stimullaşdıra bilər. Yəqin ki, qarşıdakı payız aylarında bu birləşmə meyillərini müşahidə etmək mümkün olacaq. Amma, bu birləşmənin hansı konfiqurasiyada olacağını zaman göstərəcək”.

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı isə qeyd edib ki, Azərbaycanda müxalifətin fəaliyyət istiqaməti forma olaraq eynilik təşkil etmir. Onun qənaətincə, hazırda ölkədə ikiyə bölünmüş müxalifət var: "Azərbaycanı qara rəngdə görən və bütün fəaliyyətini ölkədə sabitliyin pozulmasına yönəldən, dövlət maraqlarına zərbə vurmaqdan belə çəkinməyən radikal müxalifət və Azərbaycan da bütün rəngləri eyni görən, hakmiyyətlə dialoq tərəfdarı olan, dövlət və milli maraqları heç zaman güzəştə getməyən konstruktiv müxalifət. Artıq 20 ilə yaxındır ki, bu iki düşərgənin sərhədləri müəyyənləşib. Bunlar arasında birgə fəaliyyətdən və əməkdaşlıqdan söhbət gedə bilməz”.

N.Orduxanlı bildirib ki, radikal müxalifət həm də öz daxilində hər zaman bir-birinə qarşı amansız mübarizə aparır: "Radikal müxalifət yalnız seçki dövründə xarici təsirin hesabına bir müddət əməkdaşlıq edə bilir. Seçki bitəndən dərhal sonra bir-birinə olan nifrətlərini davam etdirirlər. Konstruktiv müxalifətin isə, birgə əməkdaşlığının şahidi olmuşuq. Parlament seçkilərində eyni blokdan çıxış ediblər.

Bir ildən sonra Azərbaycanda prezident seçkiləri nəzərdə tutulub. Ona görə də, gələn il siyasi partiyaların aktiv dövrünün başlanması gözlənilir”.

BAXCP-yə gəldikdə, partiya yetkilisi deyib ki, onlar hər zaman seçkilərdə iştirakın vacibliyini qeyd edib və seçkidə öz namizədləriylə iştirak ediblər. Onun sözlərinə görə, payız fəslində də BAXCP öz daxlində rayon şöbələrinin prezident seçkilərinə hazırlıq işlərini aparacaq və gələn il həm BAXCP-nin növbəti qurulutayı, həm də prezident seçkilərində iştirakı ilə bağlı qərarının olması gözlənilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR