Şriftin ölçüsü / 152 dəfə oxunub

“İnter”in Azərbaycandakı azarkeşləri komandanın rəsmi fanklubunu yaratdı – MÜSAHİBƏ (Foto)

28 Avqust 2017 [10:16]
Yığma komanda və klublarımız son illər Avropa arenasında uğurlu çıxışı ilə bərabər ölkəmizdəki əcnəbi futbol klublarına da maraq artmaqdadır. Bu gün artıq Azərbaycanda Avropanın bir çox futbol komandalarının rəsmi fan klubları mövcuddur.

İtalyanın "İnter” komandasının ölkəmizdəki azarkeşləri son illər uğursuz çıxışına baxmayaraq öz sevimli klublarından üz çevirmirlər. Onlar tez-tez bir yerə toplaşır, komandalarını birlikdə dəstəkləyirlər.

Bu yaxınlarda hətta "İnter”in Azərbaycanda "INTER Club Azerbaijan" adlı rəsmi fan klubu da fəaliyyətə başlayıb. "INTER Club Azerbaijan"nın qurucularından olan Kamran SadıqovUnikal.org-a müsahibəsində fanklubun fəaliyyətə başlaması ilə bağlı maraqlı məqamlardan danışıb.


-Kamran bəy, "İnter”in Azərbaycanda fanklubunu yaratmaq ideyası necə meydana gəldi?

-Əvvəla onu qeyd edim ki, fanklubu tək yox, "İnter” azarkeşləri ilə birlikdə yaratdıq. İşin İtaliya hissəsi ilə Nicat Namazov, Azərbaycan hissəsi ilə mən və digər "İnter” azarkeşləri məşğul olur. Sosial media, maliyyə məsələləri və.s. kimi işlərin öhdəsində birgə gəldik.



-Bəs, rəsmiləşmə prosesi necə oldu?

-Altı ildən çoxdur ki, "Facebook” sosial şəbəkəsində fəaliyyət göstəririk. Planla və səbrlə hərəkət etdik. Bu ilin ilk aylarından etibarən "İnter”in demək olar bütün oyunlarını birlikdə izlədik. Azarkeş ordumuzun gücünü gördükdən sonra rəsmi qərar qəbul etməyin zamanı gəldiyini gördük və "İnter”ə müraciət ünvanladıq. Bizdən tələb olunanları yerinə yetirdikdən sonra "İnter” bizi rəsmən tanıdı.

-Rəsmi fanklub olmağın nə kimi üstünlükləri var?

-Üstünlüklər çoxdur. "İnter” rəsmi üzvlərinə üvlük kartı və müxtəlif hədiyyələr verir. Eyni zamanda klub rəsmi üzvlərini mövsüm ərzində iki oyuna pulsuz bilet, klub mağazalarında endirimlər və xüsusi tədbirlərdə iştirak hüququ ilə təmin edir. Bunlar üstünlüklərin yalnız bir qismidir.

-Rəsmi fanklubun fəaliyyəti nədən ibarətdir?

-"INTER Club Azerbaijan” olaraq "İnter”in oyunlarını bir yerdə, öz məkanımız olan "Black & Blue”da izləyirik. Bundan başqa yığışıb futbol oynayır və müxtəlif tədbirlər keçirirərək qardaşlıq münasibətimizi daha da inkişaf etdiririk. Rəsmiyyət qazandıqdan sonra daha ciddi şəkildə fəaliyyət göstərməyə başlamışıq. Məsələn, yaxın gələcəkdə fanklubun üzvlük kartı olanların qatıla biləcəyi, İtaliyanın Azərbaycandakı səfriliyindən, mediadan və idman aləmindən xüsusi qonaqların iştirakı ilə Qala Gecəsi tədbiri nəzərdə tutmuşuq. Planlarımız arasında fanklub olaraq "İnter”in oyununu Cüzeppe Meazza stadionunda izləmək də var. Bu plan üzərində işləyirik. Daha bir çox fərqli tədbir planımız var ki, addım-addım həyata keçiririk.

-"INTER Club Azərbaijan”ı yaratmaqda məqsədiniz nədir?



-"İnter”in bir şüarı var – Dünya qardaşlığı. Dünyadakı bütün "İnter” azarkeşləri bir-biri ilə qardaşdır. İstəklərimizdən biri Azərbaycandakı "İnter” azarkeşi olan qardaşlarla tez-tez görüşlər keçirərək bir-birimizi yaxından tanımaq idi ki, buna nail olduq. Məqsədimiz "İnter”in ölkəmizdəki populyarlığını daha da artırmaq, futbolla yeni tanış olmuş azyaşlı gənclərin idman, futbol, daha dəqiq desək "İnter” ruhiyyəsi ilə böyüməyinə vasitəçi olmaqdır. Çünki, "İnter” xüsusi komandadır.

-Niyə məhz İnter?

-"İnter” azarkeşi olmaq üçün səbəb çoxdur. Bu kluba bağlanmaq üçün onun tarixinə, uğurlarına və dəyərlərinə nəzər yetirmək kifayətdir. "İnter” daim çempionluğa oynayıb. Lakin son illər öz mövqeyindən uzaqlaşıb. Buna baxmayaraq "İnter”ə maraq çox artıb. Bunun nəticəsi olaraq azarkeşlərin köməyi və təşəbbüsü ilə bu fanklubu yaratmaq qərarına gəldik.

-Bəs Azərbaycan futbolu haqda nə düşünürsüz?

-Ölkə futbolumuzda olan inkişaf göz qabağındadır. Son illər yığma və klub səviyyəsində uğurlarımız çoxalıb. Xüsusən də "Qarabağ”ın Çempionlar Liqası qrup mərhələsinə vəsiqə qazanmağı xalqımızın hər bir nüayəndəsi kimi, biz "İnter” azarkeşlərini də sevincə boğdu. "INTER Club Azərbaijan” olaraq "Qarabağ”ımızı tribunada var gücümüzlə dəstəkləməyə çalışacağıq.



-Son olaraq "İnter” azarkeşlərinə sözünüz...

-Sosial media həmkarlarım Ruslan Şirinov və Cavid Cavadzadə başda olmaqla möhtəşəm azarkeş ordumuzun hər bir üzvünü salamlayıram. Hələ də tanımadığımız "İnter” azarkeşi varsa, çəkinmədən sıralarımıza qoşula bilər. Çünki biz Dünya qardaşlarıyıq.

Həsən Babayev



SON XƏBƏRLƏR