Baş Prokurorluq və DİN Abşerondakı dəhşətli qətllə bağlı məlumat yaydı

img

26-08-2017 [13:09]


Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonunda avqustun 21-də törədilmiş iki ağır cinayətin üstü "isti izlər”lə açılmışdır.

Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Belə ki, avqustun 21-də səhər radələrində Abşeron rayonunun Saray qəsəbə sakini Anar Tanrıverdiyev Daxili İşlər Nazirliyinin "102-Zəng Xidməti” Mərkəzinə zəng edərək qonşuları - 75 yaşlı Məmməd Sərxanovun qətlə yetirilməsi, arvadı Zeynəbin isə aldığı xəsarətlərlə bağlı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirməsi barədə məlumat vermişdir.

Məlumatla əlaqədar Abşeron rayon prokurorluğu və Polis şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmişdir. Baxış zamanı qonşuluqdakı yarımçıq tikilinin zirzəmisinə atılmış ağır cinayətin aləti olduğu şübhə edilən, üzərində qan ləkələrinə bulaşmış tük hissəcikləri olan qalın taxta parçası maddi sübut kimi götürülmüş, şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
İlkin araşdırmalarla ağır cinayətin səhər radələrində törədilməsi müəyyən edilmişdir.

Belə ki, avqustun 21-də səhər radələrində evə açıq pəncərədən daxil olan naməlum şəxs əvvəlcə əlindəki taxta parçası ilə divanda yatmış Məmməd Sərxanovun baş nahiyəsinə bir neçə dəfə zərbə endirdikdən sonra səs-küyə çıxan Zeynəb Sərxanovadan evdəki pul və qızıl-zinət əşyalarının yerini soruşmuşdur. Naməlum şəxs evin sahibəsindən müsbət cavab almadığından onun da baş nahiyəsinə ağac parçası ilə zərbələr endirmiş və hadisə yerini tərk etmişdir.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanmış, prokurorluq və polis əməkdaşlarından ibarət birgə istintaq qrupu yaradılmışdır.

Avqustun 21-də qətlin açılması istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin keçirildiyi bir vaxtda rayon polisinə Xırdalan şəhərində digər ağır cinayət barədə məlumat daxil olmuşdur. Mənzillərdən birinə özünü usta kimi təqdim etməklə daxil olmuş naməlum şəxs orada yaşayan Sevda Hüseynovanı bıçaqla hədələyərək pul və qızıl-zinət əşyalar tələb etmişdir. Lakin, qadının səs-küy salaraq qonşularını köməyə çağırması həmin şəxsin planlaşdırdığı cinayəti başa çatdırmasına imkan verməmişdir.

Qeyd edilən qulduqluq cinayətini törətməkdə şübhəli bilinən naməlum şəxsin müəyyənləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində avqustun 23-də əvvəllər dələduzluq cinayətinə görə məhkum olunmuş Saray qəsəbə sakini Məqsud Əliyev saxlanılmışdır.

Zərərçəkmiş S.Hüseynova quldurluq məqsədilə evinə soxulmuş şəxsin M.Əliyev olduğunu təsdiqləmişdir.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirlərinin gedişində hər iki hadisənin motivinin eyni olması və digər oxşar cəhətlərin mövcudluğu hər iki cinayətin M.Əliyev tərəfindən törədilməsi ehtimalını artırmışdır.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin, rayon prokurorluğu və polis əməkdaşlarının birgə həyata keçirdikləri əlavə tədbirlərlə yuxarıda qeyd edilən qətlin də M.Əliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

M.Əliyev istintaqa ifadəsində hər iki ağır cinayəti tamah məqsədilə törətdiyini etiraf etmişdir.
Cinayət işləri bir icraatda birləşdirilmiş, M.Əliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 181.2.3 (yaşayış sahəsinə qanunsuz olaraq girməklə quldurluq), 181.2.5 (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq etməklə qulduqluq), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə), 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə ittiham elan edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR