“Azərbaycanda ikili vətəndaşlığa icazə verilməlidir” - Deputatdan təklif

img

22-08-2017 [16:11]


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Rafael Cəbrayılov Azərbaycanda da ikili vətəndaşlığa icazə verilməsi məsələsini təklif edib.

Mia.az-ın məlumatına görə, bunu millət vəkili R.Cəbrayılov ölkə.az-a açıqlamasında bildirib ki, hazırda Azərbaycan ikili vətəndaşlığın verdiyi imkanlardan yararlana bilmir:

"Hesab edirəm ki, yaxın gələcəkdə ikili vətəndaşlıq məsələsi Azərbaycan qanunvericiliyinə gətirilməlidir və ölkəmiz bundan yaralanmalıdır. Bu mənim şəxsi fikrimdir. Misal üçün, biz Rusiyada yaşayan azərbaycanlıları nəyə görə ya Azərbaycanı, ya da Rusiyanı seçməsi üçün dilemma qarşısında qoymalıyıq? Bu gün Rusiyada, ABŞ-da və ya digər ölkələrdə yaşayan azərbaycanlı iş adamlarımız var. Onlar nə üçün Azərbaycan vətəndaşı ola bilməsin? Düşünürəm ki, ikili vətəndaşlığa pis baxılması keçmiş SSRİ dövründən qalan haldır. Bilirsiniz ki, Sovet İttifaqı dövründə ikili vətəndaşlıqdan söhbət gedə bilməzdi. Həmin dövrdə ikili vətəndaşlıq məsələsi mütləq siyasətlə əlaqələndirilirdi. Ancaq bu gün vəziyyət tamam fərqlidir. Bu gün dünyada nəinki iqtisadiyyat, hətta idman da siyasətlə əlaqəlidir. Ona görə də biz də qlobal dünyanın tələblərinə uyğun addımlar atmalıyıq. Ən azı çalışmalıyıq ki, Azərbaycan da ikili vətəndaşlığın imkanlarından yararlana bilsin. Daha xaricdə yaşayan soydaşlarımızı dilemma qarşısında qoymaq lazım deyil. Bu cür addımlar Azərbaycan vətəndaşlarının itirilməsinə gətirib çıxara bilər. Düşünürəm ki, bu da indiki vəziyyətdə Azərbaycanın mənafelərinə uyğun deyil”.

Deputat deyib ki, ikili vətəndaşlığa icazə verilsə, o zaman ayrı-ayrı xarici ölkələrdə yaşayan və Azərbaycana bağlı olan insanlar bu imkandan yararlana biləcək:

"Əks halda Azərbaycana bağlı və ya azərbaycanlı olan insanları dilemma qarşısında qoymuş oluruq. Yəni, biz həmin insanları ya Azərbaycan, ya da digər ölkənin vətəndaşı olmağa məcbur edirik. Yaxşı olardı ki, həmin insanlar yaşadıqları ölkələrin vətəndaşı olmaqla yanaşı, həm də Azərbaycan vətəndaşı olsunlar. Bunun üçün də mütləq Azərbaycan qanunvericiliyində dəyişiklik edilməlidir. Ümumiyyətlə, bu məsələ ilə bağlı bir neçə il öncə Azərbaycan qanunvericiliyinə əlavə və dəyişikliklər olunub. Hətta, biz Cinayət Məcəlləsinə də əlavələr etmişik. Bütün bunlar olsa da, ancaq Azərbaycan qanunvericiliyi ikili vətəndaşlığa imkan vermir”.

R.Cəbrayılov qeyd edib ki, ikili vətəndaşlığı qadağan edən analoji qanun bu gün çox az ölkələrdə qalır:

"Bunlardan biri də Rusiyadır. Amma təcrübə də göstərir ki, qanunvericiliklə ikili vətəndaşlığa icazə verən ölkələr bu imkanlardan daha çox bəhrələnirlər. Bundan həmin ölkələr daha çox qazanır. Hesab edirəm ki, Azərbaycanda da buna imkan yaradılsa, ölkəmizə fayda verəcək”.

Deputat onu da vurğulayıb ki, iki vətəndaşlıq məsələsi ilə bağlı beynəlxalq konvensiyaya ehtiyac var:

"Çünki dünyada qloballaşma və inteqrasiya proseslərinin getdiyi vaxtda dünya ölkələrinin vətəndaşlıq haqqında qanunlarının bir-birinə uzlaşdırılması çox vacib məsələyə çevrilib. Bu gün dünyada elə ölkələr var ki, bir neçə vətəndaşlığa, elə ölkələr də var ki, Azərbaycan kimi yalnız tək vətəndaşlığa icazə verir. Bütün bunlara görə də bir çox ölkələrin vətəndaşlıq haqqında qanunları arasında toqquşma yaranır. Bir çox beynəlxalq konvensiyalar zaman-zaman tənzimləndiyi üçün hesab edirəm ki, bu sahədə də tənzimlənmələrə ehtiyac var”.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR