Şriftin ölçüsü / 539 dəfə oxunub

Nazir və komitə sədrləri öz işçilərindən şikayətlənir: İmic, karyera qayğısı, yoxsa korrupsiyaya qarşı mübarizə?

07 Avqust 2017 [09:58]
Son bir ay ərzində ayrı-ayrı nazirlərin rəhbərlik etdiyi qurumlarda korrupsiya, rüşvət və digər hallarla bağlı birbaşa prokurorluğa müraciət etmələri haqda xəbərlər intensivləşib.

Elə son bir neçə gün ərzində  Prokurorluğun bu qəbildən yaydığı açıqlamalar da belə düşünməyə əsas verib.
 
Xatırladaq ki, ötən gün Baş Prokurorluğun mətbuat xidmətindən Mia.az-a daxil olan həmin məlumatda qeyd olunub ki, kənd təsərrüfatı sahəsində ixtisaslaşmış şirkətin vəzifəli şəxslərinin fəaliyyətində aşkar edilmiş qanun pozuntuları barədə Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb:

"Müəyyən edilib ki, "Biləsuvar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC-də xırda buynuzlu heyvanların məcburi kəsiminə, əmtəəlik satışına və əmək haqqı əvəzinə verilmiş xırda buynuzlu heyvanlara görə ümumilikdə müəssisəyə 19 min 765 manat məbləğində ziyan dəyməklə balans dəyəri 163 min 388 manat olan 1584 baş xırda buynuzlu heyvanın çatışmazlığı aşkar olunmuş, habelə ilkin balans dəyəri 25 min 655 manat olan 3217 baş doğulacaq xırda buynuzlu heyvan uçotdan gizlədilib. Həmin qanunsuz hərəkətlərin qeyd edilən cəmiyyətin vəzifəli şəxsləri tərəfindən öz qulluq mövqelərindən istifadə etməklə törədilməsində şübhələr üçün əsaslar yarandığından fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".

Göründüyü kimi, Kənd təsərrüfatı naziri Heydər Əsədovun öz işçilərindən verdiyi şikayət əsasında yoxlama aparılıb, cinayət işi açılıb. 

Bundan bir neçə gün əvvəl isə Fövqəladə Hallar Nazirliyinin oxşar şikayəti əsasında nazirliiyin işçiləri haqda cinayət işinin açılıb. Bu barədə də Baş Prokurorluq rəsmi açıqlama yayıb... 

Bəzi məlumatlara görə, artıq digər nazir və komitə sədrləri də anoloji addımlar atamağa hazırlaşırlar.

Maraqlıdır, görəsən, birdən-birə nazirlərin bu addımı niyə hesablanıb?

Bu barədə Mia.az-ı məlumatlandıran şəxsin iddiasına görə, nazirlərin "korrupsiyaya qarşı mübarizə apardıqları görüntüsü” yaratmaları səbəbsiz deyil:

"Birincisi, bu, ölkədə gözlənilən böyük islahatlarla bağlıdır. İkinciisi isə nazir və komiitə sədrləri bu addımları ilə cəmiyyətə mesaj vermək istəyirlər ki, "biz yaxşı, şəffaf işləməyə çalışırıq, lakin bəzi əməkdaşlarımız qanunsuzluğa yol verir, xalqı bizdən narazı salırlar....”. 

Yəni onlar bütün hallarda özlərinin gələcək karyerası və imiclərinin qayğısına qalırlar. Burada fövqəladə bir yenilik axtarmağa dəyməz”.

Müsahibimiz deyir ki, Heydər Əsədov nazir təyinatından ta bu günə qədər eyni "metod”la çalışır:

 "O, kimisə vəzifədən çıxara bilməyəndə, yoxlama apartdırır, sonra da toplanan materialları prokurorluğa göndərib, məqsədinə nail olmaq istəyir. Xatırlayırsınızsa, 2015-ci ildə Heydər Əsədov bir sıra rayonlarda icra başçılarının yerli nümayəndələri haqda yoxlama apartıdırb, onların artıq subsidiya mənimsəmələri üçün taxıl sahələrinin hektarını şişirtdiyini üzə çıxarmışdı. Həmin vaxt Beyləqan, İmişli və digər bir neçə rayonda icra nümayəndələri haqda toplanmış materiallar Baş Prokurorluğa göndərilərək, cinayət işinin açılmasına nail olunmuşdu. Bəli, ilk baxışdan belə görünür ki, nazir dövlətin ayırdığı subsidiya vəsaitlərinin mənimsənilməsinə qarşı barışmaz mövqedədir. Lakin məsələnin görünməyən tərəfi də var. Bunlardan ən əsası isə peşəkar maliyyəçi olan Heydər Əsədovun belə "metod"larla rayon icra başçılarına güc göstərməklə, öz planlarını icra etməyə cəhdi qabartmaq olar. Sirr deyil ki, yerlərdə bir çox məsələlərdə onunla icra başçıları arasında ciddi fikir ayrılıqları yaşanır. Belə ki, onun qovmaq istədikləri məmurları əksər hallarda icra başçıları qoruyur, imkan vermirlər rahat çıxara bilsin. Və yaxud da çıxarmaq istədiyi şəxsin yerinə göndərmək istədiyi şəxsi icra başçıları qəbul etmir. Heydər Əsədov da bunun əvəzini həmin şəxsi yoxlatdırıb, faktla üz-üzə qoymaqla, həm çıxır, həm də digərlərinə bir dərs vermiş olur”.

Müsahibimiz  bir əsas nüansa da diqqət çəkib: "Diqqət etsəniz, görərsiniz ki, "rəhbərlik etdiyim qurumda bu işçilər qanunsuzluğa yol verib" deyə, hay-küy salan nazir və komitə sədrlərinin kresloları son aylar ciddi laxlayıb, karyeraları  ləngər vurur.  Onlar indi nəinki imiclərini, həm də gələcəklərini düşünmək məcburiyyətindədirlər. Çünki artıq əvvəlki illərdə olduğu kimi "toxunulmazlıq təminatları" yoxdur. Odur ki, onların hazırkı addımlarını bu zəmində şərh etmək daha məntiqli görünür”. 

Mia.az



SON XƏBƏRLƏR