Şəmkirdə uşaqları ilə birgə intihar edən gəlinin qayınanası prokurorluğa çağırıldı

img

28-07-2017 [15:47]


Şəmkirin Zəyəm qəsəbəsində baş vermiş intihar hadisəsilə bağlı cinayət işi başlanıb. Məlumata görə, Mahmudova Pərvanə İlqar qızının iki azyaşlı övladı-Mahmudov Sənan Nəsrəddin oğlu və Mahmudova Səma Nəsrəddin qızını öldürmək həddinə çatdırması ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (intihar) maddəsilə cinayət işi başlanıb.

Hüquq mühafizə orqanlarından Modern.az-a verilən məlumata görə, başlanan cinayət işi ilə əlaqədar zəruri istintaq tədbirləri həyata keçirilir, şahid ifadələri alınır.

Qeyd edilib ki, ifadəsi alınanlar içərisində Nəsrəddin Mahmudovun (P.Mahmudovanın həyat yoldaşı) bibisi Dursun Mahmudova və həyat yoldaşı da var. Onlar intihar etmiş gəlinin ögey qayınanası və ögey qayınatasıdır.

Bildirilib ki, onların ifadəsi alındıqdan sonra sərbəst buraxılıblar. Eyni zamanda, hər iki şəxsin təkrar ifadə üçün prokurorluğa çağırılacağı qeyd olunub.

Kənd sakinlərininModern.az-a verdiyi məlumata görə, N.Mahmudov 5 yaşında olanda bibisi Dursun Mahmudova onu övladlığa götürüb. D.Mahmudovanın heç vaxt övladı olmayıb. Eyni zamanda onun şəkər xəstəsi olduğu deyilir. D.Mahmudovanın xasiyyətcə yaxşı insan olmadığı xüsusi vurğulanır:


"Dursun Pərvanə gəlin gələn gündən onu gözümçıxdıya salmışdı. Hər şeyin üstündə dava salırdı. Pərvanənin əri "Kamaz” şoferidir, kənddə yaşayır. Onun Rusiyada olması ilə bağlı yazılanlar həqiqətə uyğun deyil. Gündəlik yük daşıyır, ailəsini dolandırırdı. Heç nəyə ehtiyacları yox idi, bir sakitlikdən başqa. Dursun arvada görə qazandıqlarını da ürəklə yeyə bilmirdilər. Çünki hər dəfə, özü də heç nədən dava salırdı”.

Sakinlər Nəsrəddin Mahmudovun hazırda çox pis vəziyyətdə olduğunu deyir:

"Özü də onlar Pərvanəylə sevib ailə qurmuşdular. Bir gündə ailəsi yox oldu. Yoldaşı, iki balası canına qıydı. Onlarsız Nəsrəddinin beli bükülüb, gözünün yaşı qurumur”.

İyulun 25-də saat 20 radələrində Dursun Mahmudova ilə aralarında məişət zəminində sözlü mübahisə etdikdən sonra Pərvanə Mahmudova iki azyaşlı uşağını götürüb, həmin qəsəbədə yaşayan atası evinə getmək adı ilə evdən çıxıb. O, bu zaman atası evinə deyil, dəmiryolunun Qovlar-Zəyəm mənzilinin 134-cü kilometrliyinə gəlib. Daha sonra özünü iki azyaşlı uşağı ilə birlikdə Böyük Kəsik-Bakı istiqamətində hərəkətdə olan sərnişin qatarının altına atıb.Hər üç şəxs hadisə yerində ölüb.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR