Şriftin ölçüsü / 454 dəfə oxunub

“15 aydır ki, maaş üzünə həsrətik” - Güləşçilər narazıdır

28 Iyul 2017 [15:20]

Bu gün güləşçilər qarşılaşdıqları problemlər və şəraitsizliklə bağlı açıq havada brifinq keçiriblər.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, jurnalistlərə açıqlama verən Yunan-Roma güləşi üzrə dünya çempionu, "Rio-2016″nın bürünc mükafatçısı Rəsul Çunayev deyib ki, artıq 1 ildir ki, təlim-məşq toplanışı keçmirlər: "Bir ildir ki, federasiya tərəfindən bizə maaşlar, mükafatlar verilmir. Biz dövlətimizi, vətənimizi təmsil edirik. Əsgərlər silahı olmadan müharibə apara bilmədiyi kimi, biz də təlim-məşq toplanışları keçirmədən yüksək nəticə əldə edə bilmirik. Üzdə olan adamlar bizik, uduzanda saytlar, insanlar bizim haqqımızda pis fikir deyirlər. Şərait yaradılanda yüksək səviyyədə çıxış etmişik, lakin hazırda şərait yoxdur. Hətta zallarda içməyə su belə yoxdur, krantdan doldurub içirik. Məşqçilər, masajistlər, həkimlər hamısı çıxıb gedib. Onlar da maaşlarını ala bilməyiblər. Bizim başqa işimiz yoxdur, sırf idmanla məşğul oluruq.

Cənab prezidentimizin dəstəyi ilə yarışlarda yüksək səviyyədə çıxış etmişik. Təəssüflər olsun ki, son 1 ildə federasiyada yaradılan gərginliklər bizim nəticələrimizə təsir edir. 3 həftədən sonra dünya çempionatına getməliyik. Komandanın 70 faizi zədəlidir.

İdmançıların heç birinin müalicə olunmaq imkanı yoxdur. Olimpiyadadan sonra əməliyyat olunmaq üçün 3 ay gözlədim. Məni də müalicə etmədilər, öz hesabıma Türkiyədə əməliyyat olundum. Aramızda elə uşaqlar var ki, məşqə gəlməyə pulları yoxdur. Vəziyyət o qədər acınacaqlıdır ki, xidmətçilər deyir, maşınınızı yuyaq, bizə 5-10 manat verin. Getdik təlim-məşq toplanışına, yemək olmadığı üçün bizi oteldən çıxartdılar. 3 həftə sonra biz gedib dünya çempionatında uduzanda pis olanda biz olacağıq. Səbəb də budur ki, biz heç bir təlim-məşq toplantısı keçmirik. İki ildir bizə formada verilmir, yarışlarda köynəklərimizi bir-birimizə verib dəyişirdik. Tam forma ilə yarışlara qatılan başqa ölkələrin komandaları qarşısında utanırdıq. Bizə bir nəfər də çıxıb demir ki, pul yoxdur, maliyyə ayrılmayacaq, hər kəs də öz işini bilər. Bu gün, sabah deyə-deyə ilyarımdır problemlər davam edir”.

Sərbəst güləş üzrə millinin üzvü Hacı Əliyev də vəziyyətlə bağlı danışıb. O deyib ki, gənc idmançıların məşqə gedib-gəlməyə imkanı yoxdur:

"İlk növbədə cənab prezidentimizə təşəkkür edirəm ki, bizə hər bir şəraiti yaratmışdı. Amma bu gün bir sıra problemlərlə qarşılaşmışıq. "Rio-2016″da 9 medal qazanmışdıq. Bu, zarafat deyil. Bizim bura yığışmağımızın məqsədi odur ki, bu qədər gənclərimiz ciddi problemlərlə üzləşiblər.

Yarıdan çoxu kasıb uşaqlardır. Hamısı bayraq ucaltmaq arzusu ilə alışıb-yanırlar. Biz 15 aydır ki, maaş üzünə həsrətik. Dünya çempionatına çox az vaxt qalıb. Gedib dünya çempionatında məğlub olmaqdansa, getməmək yaxşıdır. Müraciət edirik, deyirlər gözləyin, yaxşı olacaq. Belə olsa, heç bir komanda dünya çempionatına getməyəcək. Diqqət olmasa, nəticə də olmayacaq. Bizə demişdilər İslam Oyunlarından sonra problemlər həll olunacaq.

Bu problemlərdən Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin də xəbəri var.”






SON XƏBƏRLƏR