"Cənab Prezident, Siz jurnalistlərlə dostluğa sadiqliyinizi dəfələrlə sübut etmisiniz..." - Əflatun Amaşov

img

20-07-2017 [21:12]


"Bu gün Azərbaycan güclü, istənilən vəzifəni icra etməyə qadir olan orduya malikdir. 2016-cı ilin aprel hadisələri – bu tarixi və şanlı qələbəmiz, ən əsası isə, Sizin, cənab Prezident, qətiyyətli, cəsarətli addımlarınız, prinsipial mövqeyiniz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə əminliyi artırıb".

Mia.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimindəki nitqində deyib.

"Bugünkü hadisənin əhəmiyyəti barədə dolğun fikir yürütmək üçün çox düşündüm. İlk baxışdan asan olmayacağını bilirdim. Ancaq indi, burada 255 jurnalistin, o cümlədən 20 jurnalist ailəsinin gözlərindəki hədsiz minnətdarlığı, ruh yüksəkliyini müşahidə edərkən anlayıram ki, cənab Prezident, Sizin jurnalistlərimizə bəxş etdiyiniz bugünkü sevinci heç bir sözlə ifadə etmək mümkün deyil.

Bəli, peşəsindən asılı olmayaraq hər bir insanın, o cümlədən hər bir jurnalistin mənzil sahibi olması, öz doğma ocağının istisinə sığınması, rahat məkanda yaşayıb-yaratması çox vacibdir. Düşünürəm ki, Bakının bu gözəl guşəsində, belə möhtəşəm binada dövlətimizin başçısının misilsiz hədiyyəsinə layiq görülmüş qələm sahibi fəaliyyətinə verilmiş bu yüksək qiyməti həyatı boyu unutmayacaq.

Cənab Prezident, Azərbaycan jurnalistlərinə belə böyük, heyrətamiz sevinc hissini yaşatdığınıza görə Sizə dərin minnətdarlığımızı bildirir və mediamıza verdiyiniz yüksək dəyərdən son dərəcədə məmnun olduğumuzu tam səmimi şəkildə ifadə edirik. Biz bilirik ki, beynəlxalq aləmin diqqətini cəlb edən bir çox məsələlərdə olduğu kimi, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması istiqamətində atdığınız addımlar da dünyada ilk təcrübədir.

Möhtərəm cənab Prezident, Siz jurnalistlərlə dostluğa sadiqliyinizi dəfələrlə sübut etmisiniz. Bu, bizim üçün son dərəcə vacibdir. Ancaq bizim Sizinlə dostluğumuzu şərtləndirən amil təkcə milli jurnalistikamızın inkişafına göstərdiyiniz diqqət və qayğı ilə bağlı deyil. Məlumdur ki, həqiqi jurnalist cəmiyyətin nəbzini tutur, ölkədə və dünyada baş verən hadisələri insanlara çatdırır, onu öz təfəkkürünə və dünyagörüşünə uyğun şəkildə süzgəcdən keçirir, təhlillər aparır. Bəs 25 illik müstəqillik tarixinə malik dövlətimizin keçdiyi inkişaf yolunu qiymətləndirən jurnalist hansı gerçəklikləri görür?

Mən həm Sovet dövrünü, həm müstəqilliyimizin ilk illərini, həm ümummilli lider Heydər Əliyevin, həm də Sizin Azərbaycana rəhbərlik etdiyiniz mərhələləri yaşamış bir qələm sahibi kimi haradan başlayıb hara gəldiyimizi aydın görürəm və həqiqətən bu günümüzün reallığı ilə qürur duyuram.

Azərbaycan dövləti bütün məsələlərə sistemli yanaşır, hər bir konkret sahə ilə bağlı müvafiq dövlət proqramları qəbul olunur və icra edilir. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu 1995-ci il Konstitusiyasında demokratik azadlıqların təsbit olunması və daha sonra 1998-ci ildə senzuranın ləğvi bu yanaşmanın əsasını təşkil edir. Siz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi media siyasətini yeni dəyərlərlə zənginləşdirdiniz. Bu gün "Azərbaycan Respublikasında Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” kimi fundamental sənədimiz var, mediaya dövlət dəstəyini həyata keçirən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu uğurla fəaliyyət göstərir. Bu dəstəyin, diqqət və qayğının nəticəsidir ki, jurnalistikamız nüfuzlu və aparıcı peşəyə çevrilib, bu sahəyə güclü axın var. Ən əsası, Sizin müəyyən etdiyiniz istiqamətlərə uyğun olaraq, Azərbaycan mediası qarşısında duran ən mühüm vəzifənin həyata keçirilməsi - Azərbaycanın haqq səsinin dünyaya çatdırılması sahəsində ciddi uğurlar əldə etməyə başlayıb.

Ancaq etiraf etməliyəm ki, jurnalistikamızın uğurları Sizin rəhbərliyinizlə ölkəmizin əldə etdiyi nailiyyətlərdən təəssüf ki, xeyli geri qalır. Bu gün Azərbaycanın adı bütün dünyada tanınır və hörmətlə çəkilir. Paytaxtımız Bakı dünyanın ən gözəl şəhərlərindən birinə, mötəbər beynəlxalq tədbirlərin, idman yarışlarının keçirildiyi məkana çevrilib. Magistral, şəhərlərarası, kəndlərarası yollar ən müasir standartlara uyğun yenidən qurulub. Baxın, regionlarımıza nə qədər turist axını var. Çünki Azərbaycanın bölgələri öz müasirliyi, gözəlliyi, zəngin infrastrukturu ilə diqqəti cəlb edir. Ümumdünya iqtisadi böhran illərində belə Azərbaycanda əhalinin sosial tələbatı ən yüksək səviyyədə təmin olundu. İqtisadiyyat dirçəlib, kənd təsərrüfatının inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlər yüz minlərlə insanın işlə təmin olunmasına, məhsul bolluğu yaranmasına və ölkənin ixrac potensialının yüksəlməsinə şərait yaradıb. XXI əsrin layihəsi olan Cənub Qaz Dəhlizi Azərbaycanın enerji strategiyasına yeni nəfəs verib. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub qlobal nəqliyyat dəhlizlərinin yaradılmasında ən fəal ölkələrdən biridir və faktiki olaraq bu layihələrin təkanverici qüvvəsidir.

Bu gün Azərbaycan güclü, istənilən vəzifəni icra etməyə qadir olan orduya malikdir. 2016-cı ilin aprel hadisələri – bu tarixi və şanlı qələbəmiz, ən əsası isə, Sizin, cənab Prezident, qətiyyətli, cəsarətli addımlarınız, prinsipial mövqeyiniz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə əminliyi artırıb.

Dünyada multikulturalizm mərkəzi və tolerantlıq məkanı kimi tanınan ölkəmizdə bütün xalqlar sülh və əmin-amanlıq şəraitində yaşayır, heç bir milli-dini ayrı-seçkilik yoxdur. Bu gün dünyanı cənginə almış qlobal iqtisadi böhrana qarşı Azərbaycanın güclü immuniteti formalaşıb, planetin ayrı-ayrı bölgələrində qarşıdurma, müharibə, müxtəlif kataklizmlər fonunda ölkəmizdə təhlükəsizlik, sabitlik ən yüksək səviyyədə təmin olunub. Azərbaycan jurnalistləri bütün bunları Sizin düzgün, ölçülüb-biçilmiş idarəçiliyinizin nəticəsi kimi qiymətləndirirlər. BMT Təhlükəsizlik Şurasındakı təmsilçilikdən tutmuş əldə edilən hər bir uğurun qayəsini gərgin əməyiniz, misilsiz Vətən sevginiz təşkil edir.

Əlbəttə, qısa bir çıxışda Sizin rəhbərliyinizlə əldə etdiyimiz uğurları sayıb qurtarmaq mümkün deyil. Amma bütün bunlar həm Azərbaycan vətəndaşlarının, həm də dünya ictimaiyyətinin gözündə yeni Azərbaycan obrazını canlandırıb. İnkişaf, müasirlik, sosial ədalət, vətəndaşa diqqət və qayğı, güclü ordu, güclü və nüfuzlu dövlət – budur bu günün Azərbaycanı.

Hesab edirəm ki, ürəyi cəmiyyətin nəbzi ilə vuran hər bir jurnalist bu reallığı görür, onu yüksək qiymətləndirir. Bütün bunlara görədir ki, cənab Prezident, jurnalistlərimiz Sizi özlərinə dost hesab edir və mən əminliklə deyə bilərəm ki, bu, artıq əbədi dostluqdur.

Möhtərəm cənab Prezident, iki gün sonra Milli Mətbuatımızın yaranmasının 142-ci ildönümünü qeyd edəcəyik. Bu gördüyümüz möhtəşəm binanı həm də peşə bayramı hədiyyəsi kimi qəbul edirik. Jurnalistlərimiz Sizin sayənizdə zəhmətlərinin müstəsna bəhrəsini görürlər. Vətəndaş üçün dövlətinin, Prezidentinin onu qiymətləndirməsindən gözəl yaşantı və qürur ola bilməz. Jurnalistlərimizə bu hissi yaşatdığınıza görə çox sağ olun cənab Prezident. Sizə möhkəm cansağlığı, ölkəmizin çiçəklənməsinə yönəlmiş yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Bir daha təkrar etmək istəyirəm ki, Siz jurnalistlərimizin əbədi dostusunuz. 2017-ci ildə "Jurnalistlərin dostu” mükafatının qalibinin müəyyənləşdirilməsi üçün keçirilmiş sorğunun nəticələri də bunu bir daha təsdiq edir.

Cənab Prezident, icazə verin, Prezident-media dostluğunun simvoluna çevrilmiş "Jurnalistlərin dostu” mükafatını Sizə təqdim edim".

Digər xəbərlər
SON XƏBƏRLƏR