Qurban Qurbanov: "Çatışmazlıqları oyundan-oyuna aradan qaldırmağa çalışacağıq"

img

19-07-2017 [00:25]


"Əvvəl də çətin oyun olacağını qeyd etmişdim. "Samtredia" məğlub olmaq niyyətində deyildi".

Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubu Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində səfərdə Gürcüstanın "Samtredia" klubunu məğlub edib və 2 oyunda da qələbə qazanaraq mərhələ adlayıb.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən təcrübəli çalışdırıcı fikirlərini bildirib: "Hava həddindən artıq isti idi, oynamaq çətin oldu. Oyun keyfiyyətlərini görməsəm də, komandanın durumundan razı qaldım. Bir qədər çox top itkilərimiz oldu. Buna baxmayaraq, bütün oyunçulardan razı qaldım. Futbolçulıarım nəticə üçün maksimumu etməyə çalışdılar. Rəqibə gəlincə, komandanın yüksək motivasiyası var, bizə qarşı yaxşı oyun sərgilədilər. Məncə, "Samtredia" yaxın zamanlarda Gürcüstanın ən yaxşı komandalarından biri olacaq".

- Nikaraqua millisinin kapitanın adı "Qarabağ"la hallanır. Ümumiyyətlə, yaxın günlərdə komandaya yeni futbolçu cəlb olunacaqmı?

- Əlbəttə, transfer etmək istəyirik. Amma dediyiniz futbolçu haqda heç bir məlumatım yoxdur.

- "Samtredia"nın oyunundan razı qaldığınızı dediniz. Komandanın hansı üzvünü "Qarabağ"da görmək istərdiniz?

- Dediyim kimi, "Samtredia"nın oyun üslubunu bəyəndim. Lakin transfer siyahımızda "Samtredia"nın heç bir futbolçusunun adı yoxdur. Ona görə də hansısa futbolçunu fərqləndirmək istəmirəm. Dediyim kimi, "Samtredia" güclü komandadır və futbolçular öz üzərində bir qədər də işləsə, yaxşı nəticələrə imza atacaqlar.

- Qurban müəllim, "Kukesi", yoxsa "Şerif"?

- Əfsuslar olsun ki, suala cavab verə bilməyəcəm. Layiqli olan komanda qələbə qazansın.

- Bu gün öyrəşdiyimiz "Qarabağ"ı meydanda görə bilmədik. Bu, nə ilə bağlı idi?

- Bizim zəif oyunlarımız az olmayıb. Daim qələbə qazana bilmərik. Hətta özümüzdən zəif komandaya da məğlub ola bilərik. Komanda olaraq çatışmayan cəhətlərimiz çoxdur. Bu çatışmazlıqları oyundan-oyuna aradan qaldırmağa çalışacağıq.

APAsport.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR