Şriftin ölçüsü / 118 dəfə oxunub

Prokuror Aleksandr Lapşinə cəza istəyib

14 Iyul 2017 [15:40]
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda həbsdə olan bloqger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Nəsir Bayramov çıxış edib. Prokuror A. Lapşinin cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 6 il 6 ay müddətində azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı deyib ki, A. Lapşin cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən, Azərbaycanın hüdudlarından məcburi şəkildə kənarlaşdırılmalıdır. A.Lapşinin vəkili çıxış üçün məhkəmədən vaxt istəyib. Proses iyulun 19-da davam etdiriləcək.

Qeyd edək ki, iyulun 12-də keçirilən prosesdə Aleksandr Lapşinin məhkəmə istintaqı başa çatdığı elan olunub.

Xatırladaq ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.
A. Lapşin Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunur.



SON XƏBƏRLƏR