Sürücünü 8 dayanacaq izləyib, sonra döyüb... - General oğlunun xuliqanlığının təfərrüatı

img

12-07-2017 [10:12]


"2017-ci il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi "BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatçılığına və insanlarda vahiməyə səbəb olmuş, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq etmişdir".

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Mia.az-a bildirib ki,   Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olmuş, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib:

"Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş vermişdir.

Faktla bağlı 2017-ci il 4 iyul tarixdə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanmışdır.

R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə cinayəti törətməkdə təqsiri olan digər şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".

Xatırladaq ki, adıçəkilən Rüstəm Orucov dünən Prezidentin vəzifədən azad etdiyi general Novruzəli Orucovun oğludur.

O, dünən Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR