Həkim ayağı sınan xəstənin səhvən damarını kəsib öldürdü - Xəstəxanada dava + Açıqlamalar

img

27-06-2017 [14:01]


Azərbaycanda həkim səhlənkarlığı, savadsızlığı üzündən daha bir faciə baş verib. Ağcabədi rayon Mərkəzi Xəstəxanasının cərrahı Çingiz Həsənov ayağı qırılan xəstəni əməliyyat edərkən səhvən arterial damarı kəsib.

Qanaxma nəticəsində rayonun Qiyaməddinli kənd sakini, 59 yaşlı Zahid Quliyev həyatını itirib.

Mərhumun qardaşı Əmrah Quliyev BakuPost.az-a deyib ki, ayağı sınana qədər Z.Quliyevin heç bir xəstəliyi olmayıb. Həyətlərində təsərrüfat işləriylə məşğul olduğu vaxtda hündürlükdən yıxılıb və ayağı iki yerdən sınıb: "Hadisə baş verən gün – ayın 21-də dərhal qardaşımı xəstəxanaya çatdırdıq. Çingiz həkim baxıb dedi ki, qorxulu heç nə yoxdu. İki gün sonra isə əməliyyata ehtiyacın olduğunu bildirdi. Həyatı üçün təhlükə olub-olmadığını soruşanda güldü və dedi ki: "siqaret çəkmir, araq içmir, sapsağlam adamdı, nə problem olacaq ki? Xırda əməliyyat olacaq, mil qoyacağıq”. Əməliyyata girəndən təxminən iki saat sonra çıxıb təcili 150 manat pul lazım olduğunu bildirdi. Səbəbini soruşanda Bərdədən təcili həkim briqadasını çağırdığını dedi. Razılaşdıq. Bərdədən həkimlər gəldi, amma nəticə olmadı. Sən demə, onlar gələnə kimi qardaşım keçinibmiş”.

Ə.Quliyev bildirib ki, həkim əməliyyat otağından çıxanda üst-başı tamam qan imiş: "Həkim məndən pul almağa çıxanda qanın içindəydi. Sonra əməliyyat otağına girəndə gördüm ki, otaq qan gölüdür. Sən demə, qardaşımın arterial damarını kəsib, qanı saxlaya bilməyib”.

Əlavə edib ki, Ş.Həsənovun ölümünü onlardan 7 saat gizlədiblər. Məsələ bilindikdən sonra həkimlə mərhumun ailə üzvləri arasında dava düşüb. Hadisə yerinə polis cəlb edilib.

Ölüm hadisəsiylə bağlı Ağcabədi Prokurorluğunda araşdırma aparılır.

Məsələ ilə bağlı həkimin özü əlaqə yaratmaq mümkün olmayıb. Xəstəxananın baş həkimi Azad Hüseynov də telefonlara cavab vermir. 

Xəstəxananın baş həkiminin müavini Əli İbadov BakuPost.az-a hadisəni təsdiqləsə də, burada təəccüblü heç bir işin olmadığını bildirib: "Həmin xəstə sadəcə əməliyyatdan çıxmayıb. Belə hallar olur da...”

Hadisədə həkim səhvinin olub-olmamasıyla bağlı suala isə belə cavab verib: "Siz yaxşı olar ki, o biri müavinə zəng edəsiz. Çox danışa bilmirəm. Bakıdayam, maşın sürürəm, bu dəqiqə məni cərmələyəcəklər...”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR