1967-ci ildə başlayan ərəb-yəhudi müharibəsi: Yaxın Şərqi dəyişmiş altı günün bütün gizlinləri + Tarixi FOTOLAR

img

26-06-2017 [14:38]


50 il bundan əvvəl - 1967-ci ilin iyun ayında İsrail və onun qonşuları arasında müharibə olub. Bu toqquşma cəmi 6 gün çəkib, amma nəticələri bu günə qədər yerindədir.

Bundan əvvəl, yəni 1948-ci ildə İsrailin ərəb qonşuları bu ölkəyə müdaxilə etmiş və yeni dövləti məhv etməyə cəhd göstərmişdilər. Misir ordusu əzilmişdi, lakin Fəluca dalanına sığınmış qüvvə təslim olmaq istəmirdi.

Gənc Misir və İsrail zabitləri yaranmış vəziyyətdən çıxmaq istəyirdilər. Onların arasında 26 yaşlı hərbi istedad Yitzak Rabin də vardı. O cənub cəbhəsində əməliyyatların başçısı idi. Burada misirli mayor Cəmal Əbdül Nasir də vardı. Onun 30 yaşı yenicə tamam olmuşdu.

Nasistlər 6 milyon yəhudini qırdıqdan bir neçə il sonra bu xalqın İncildə adı çəkilən torpaqlarda dövlət yaratmaq arzusu gerçəkləşmişdi.

Fələstinlilər isə, əksinə 1948-ci ili "əl-Nəqba" - "Fəlakət" adlandırırdılar. 750 min fələstinli bu torpaqlardan qovulmuş və onların geri qayıtmasına heç vaxt imkan verilməmişdi.

Ərəblər üçün təzəcə yumurtadan çıxmış İsrail dövləti qarşısında məğlub olmaq seysmik siyasi məqam idi və illərlə davam edən qiyamlara səbəb olmuşdu.

Nasser following his announcement that he had

Nasir Süveyş böhranından sonra bütün Ərəb dünyasının qəhrəmanına çevrilmişdi.

Özlərinə qarşı xəyanət edildiyini düşünən hərbçilər hakimiyyəti ələ aldılar. Suriyada davamlı hərbi çevrilişlər olurdu. Müharibədən dörd il sonra Nasir başda olmaqla bir qrup gənc hərbçi Misirdə kralı devirdi.

1956-cı ildə Nasir artıq Misirin prezidenti idi. Elə həmin il Nasir Britaniya, Fransa və İsraili Süveyş böhranında dəf edərək Ərəb dünyasının qəhrəmanına çevrilmişdi.

İsraildə isə Rabin özünün hərbi karyerasını davam etdirirdi. 1967-ci ilədək o artıq qərargah rəisi olmuşdu. Bu, ən böyük hərbi vəzifə idi.

Lakin ərəblər məğlubiyyətin acısından xilas ola bilmirdilər. İsraillilər isə unutmurdular ki, qonşuları onları məhv etməyə qalxmışdı. Hər iki tərəf başa düşürdü ki, gec ya tez, başqa bir müharibə olacaq.

Pis qonşular

İsrail və ərəblərin bir-birlərinə nifrət etməsi və inanmaması üçün qarşılıqlı əsaslar çox idi. Lakin 1950 və 1960-cı illərin Soyuq Müharibəsi bu qarşılıqlı düşmənçilik odunun üstünə benzin tökmüşdü.

Sovet İttifaqı Misiri müasir hərbi hava qüvvələri ilə təmin etmişdi. İsrail Birləşmiş Ştatlarla isti münasibətlərə malik idi, hərçənd o vaxtlar hələ Amerikadan ən böyük hərbi yardım alan dövlət deyildi. 1960-cı illərdə İsrail həm də Fransadan təyyarələr, Britaniyadan tanklar almışdı.

1948-ci ildən sonra İsrail özünün kövrək strateji mövqeyini möhkəmlətmək üçün dayanmadan çalışırdı. O həm də bu müddətdə 1 milyon yəhudi mühaciri qəbul edə bilmişdi.

İsrail çevik, hərəki və öldürücü zərbə vuran ordu quruculuğu ilə məşğuldu. Ölkə 1967-ci ilədək artıq özü nüvə silahı yaratmaq səviyyəsinə çatmışdı

Israeli army chief of staff Yitzhak Rabin (L) confers with his officers during military manoeuvres in the Neguev in May 1967

Yitzak Rabin (solda) 1967-ci ildə İsrail ordusunun qərargah rəisi idi.

İvritcə "tikanlı armud" mənasını verən "sabralar", yəni köklü israillilər diasporada yaşayan yəhudilərin səhvlərini təkrar etməməyə and içmişdilər. Onlar döyüşə döyüşlə və hətta bəzən önləyici döyüşlə cavab verməyə hazır idilər.

Rabin arxayın idi ki, İsrail ordusu yaxşı vəziyyətdədir. Bu ordunun missiyası hər bir döyüşdə qalib gəlmək idi, çünki İsrailin bircə məğlubiyyətə də haqqı yoxdu.

Misir ordusu və onun müttəfiqi Suriya hərbi cəhətdən daha az təlim görmüşdü. Bu ordular qürrələnir və unudurdular ki, 1956-cı il Süveyş böhranı zamanı qazanılmış siyasi qələbədən əvvəl böyük məğlubiyyət olub.

Nasir öz diqqətini pan-Ərəb hərəkatının inkişaf etdirilməsinə vermişdi. Onun tərəfdarları inanırdılar ki, bu hərəkat ərəblərin köhnə qüdrətini onlara qaytaracaq. O özünün yaxın müttəfiqi marşal Əbdül Hakim Ameri özünün baş komandanı elan etmişdi.

Abdul Hakim Amir

Əbdül Hakim Amer Misir qoşunlarının baş komandanı idi.

Misir təhlükə hissi olmayan qədim bir dövlət idi. Amerin bir komandan kimi ən böyük missiyası qoşunların hökumətə sadiqliyini təmin etmək, qiyam cəhdlərinin qarşısını almaq və zabitləri məmnun saxlamaq idi. Onun üçün hərbi sənət önəm daşımırdı.

1967-ci ilədək Misir artıq Yəmən müharibəsinə cəlb olunmuş və bu müharibə onun Vyetnamına çevrilmişdi. Ordu yaxşı döyüşmürdü, lakin Nasir Ameri daha yaxşı əsgərlə dəyişə bilməzdi.

Suriya ordusu da kifayət qədər siyasiləşmişdi. Misir kimi o da Sovet İttifaqının müştərisi idi. Burada bir neçə silsilə çevrilişlər bir silsilə generalı hakimiyyətə gətirmişdi.

Ərəblər birlik, sosializm və millilik barədə bol söhbət edirdilər, lakin reallıqda dərindən parçalanmışdılar. Suriya və Misir rəhbərliyi İordaniya və Səudiyyə Ərəbistanı kimi monarxiyaların qurduğu qəsdlərdən ehtiyat edirdi. Krallar isə, əksinə qorxurdular ki, Suriya və Misirdə hakimiyyətə gəlmiş hərbi populistlər onların da səltənətini qarışdıra bilər.

İordaniya kralı Hüseyn Britaniya və Amerikanın yaxın müttəfiqi idi. İordaniya 1948-ci il müharibəsindən qalib çıxan yeganə ərəb ölkəsi olmuşdu.

King Hussein of Jordan, pictured 1964

İordaniya kralı Hüseyn

Hüseynin babası, kral Abdulla Britaniyanın mandatında olan Fələstində yəhudiləri təmsil edən əsas orqan Yəhudi Agentliyi ilə gizli əlaqələrə malik idi. Onlar 1948-ci ildə Britaniya qoşunları Fələstini tərk edən kimi öz aralarında torpaq bölüşdürmək barədə razılığa gəlmişdilər.

1951-ci ildə Fələstin millətçisi Abdullanı Yerusəlimdəki əl-Əqsa məscidində sui-qəsdlə qətlə yetirdi. 15 yaşlı şahzadə Hüseyn kral babasının ölümünü gözləri ilə gördü. Hüseyn ertəsi gün ilk dəfə olaraq üstündə silah gəzdirməyə başladı. Bir il sonra o artıq kral idi.

1948-ci il müharibəsindən sonra İordaniya ilə İsrail arasında yaxınlaşma baş vermişdi, lakin bu yaxınlaşma sülh sazişi olacaq qədər deyildi. Məxfi danışıqlar Hüseynin krallığı dövründə də davam edirdi. Hüseyn öz ölkəsinin ən böyük zəifliyini bilirdi. İordaniya səhrada yerləşirdi və bu səhrada fələstin qaçqınlarından ibarət böyük və narahat əhali məskunlaşmışdı.

Suriya sindromu

1967-ci il müharibəsi ərəblərlə israillilər arasında illərlə artmaqda olan gərginlik və sərhəd toqquşmalarının nəticəsində alovlanmışdı.

Ən qaynar xətt İsrailin Suriya ilə şamal sərhədindən keçirdi. Burada onların arasında mübahisəli torpaq vardı və Suriya İordan çayının ağzını İsrailin su şəbəkəsindən kənara yönəltməyə can atırdı.

Bundan başqa suriyalılar fələstinlilərə sığınacaq vermişdilər və onlar da tez-tez İsrail üzərinə basqınlar edirdilər.

1967-ci il müharibəsinin ərəfəsində Qərb güclərinin Yaxın Şərqdəki bu qarşıdurmada hansı tərəfin daha güclü olmasına şübhəsi yox idi. ABŞ qərargah rəisləri komitəsinin rəhbəri belə nəticəyə gəlmişdi ki, ən azı qarşıdan gələn beş ildə ərəb dövlətlərinin istənilən kombinasiyası İsrailə bata bilməyəcək.

Israil Qüvvələri

May 1967-ci il

- 264.000 hərbçi

- 800 tank

- 300 hərbi təyyarə

Mənbə: Martin Gilbert, The Routledge Atlas Of The Arab-Israeli Conflict

Britaniyanın Tel-Əvivdəki hərbi attaşesi 1967-ci ilin yanvarında hazırladığı hesabatda yazırdı: "Komandanlıq, təlim, avadanlıq və xidmətlər baxşımından İsrail ordusu müharibəyə indi həmişə olduğundan daha çox hazırdır. Yaxşı təlim görmüş, özünəinamlı İsrail əsgərinin güclü döyüş ruhu var və o öz vətəninin müdafiəsi üçün müharibəyə getməyə hazırdır".

Sərhəd toqquşmaları gərginliyi artırırdı. Fələstin partizanları sərhəd çəpərini aşırdılar. İsrail onları terrorçu kimi pisləyirdi və bilirdi ki, onların qarşısını almaq və cəzalandırmaq üçün əks-zərbəyə ehtiyac var.

Jerusalem 1965

Yerusəlim 1965-ci ildə

İsrailin İordaniyanın işğalında olan Qərb Sahili ərazisindəki Samua kəndinə 1966-cı ilin noyabrında endirdiyi ağır zərbənin ardınca, İsrailin öz içərisində mina partlayışı baş vermişdi.

İsrailin hücumu Qərb Sahilindəki fələstinlilər arasında hiddət oyatmışdı. Hüseyn sarsıntı içində idi. O ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) bildirmişdi ki, üç il ərzində İsraillə məxfi danışıqlarda olub və israillilər onu əmin etmişdilər ki, heç bir cəzalandırıcı hücum etməyəcəklər.

Amerikalılar bu məsələdə ərəblərə rəğbətli idilər. Onlar BMT Təhlükəsizlik Şurasının Samua kəndinə hücumu pisləyən qətnaməsini dəstəkləmişdilər.

Hüseyn Qərb Sahilində fövqəladə vəziyyət elan etmişdi. O indi tamamilə əmin iidi ki, taxtı-tacı üçün ciddi təhlükə mövcuddur. Onu qəzəblənmiş fələstinlilər devirə bilərdilər. O həm də ordudakı nasirpərəst radikal zabitlərin çevrilişindən narahat idi. Belə bir çevriliş İsrailin, Qərb Sahilini və Şərqi Yerusəlimi işğal etməsi üçün bəhanə verə bilərdi.

Kral Yaxın Şərqdə haşimilər nəslindən olan başqa bir monarxın - İraq kralı Feysəlin taleyini yaşamaq istəmirdi. Onun əmisi oğlu və dostu olan Feysəl 1958-ci ildə baş vermiş hərbi çevrilişlə devrilmişdi.

Ümumi ərəb qüvvələri

Misir, Suriya və İordaniya - may 1967-ci il

 - 340,000 hərbçi

- 1,800 tank

- 660 hərbi təyyarə

Mənbə: Martin Gilbert, The Routledge Atlas Of The Arab-Israeli Conflict

Müharibəyə doğru yürüş İsrail-Suriya sərhədi boyunca eskalasiyanın artması ilə qoşa gedirdi. Amerikalıların düşüncəsinə görə Hüseyn Suriya liderliyindən fərqli olaraq düzgün siyəsət yürüdür, fələstinlilərin sərhəd üzərindən İsrailə hücumlarını önləyirdi. Suriyalılar isə əksinə fələstinliləri İsrailə basqınlar törətməyə təhrik edirdilər. Bu müddətdə isə İsrail zirehli traktorlarla mübahisəli həmsərhəd torpaqları şumlayıb, əkin yerləri salırdı.

Bütün bunlar 1967-ci il aprelin 7-də İsrail və Suriya arasında tammiqyaslı artilleriya və aviasiya müharbəsinə yol açdı.

Ertəsi gün Yerusəlimdəki gənc fələstinlilər britaniyalı diplomatın sözlərinə görə "İsrailin qüdrətini və ərəblərin gücsüzlüyünü vurğulayan bir sual verdilər: "Misirlilər hardaydılar?"

Nasirin nəhayət sözdən əmələ keçməsi üçün ona göstərilən təzyiq beləcə artırdı.

İsraillilər müzəffər əhval-ruhiyyədə idilər. Lakin bir çox yaşlı siyasətçi və hərbçilər həyəcanlanmışdılar. İsrail parlamenti Knesstin dəhlizində keçmiş qərargah rəisi Moşe Dayan təsadüfən Rabindən sonra ikinci yüksək rütbəli şəxs olan, aviasiya komandanı Ezer Veysmanla rastlaşmış və soruşmuşdu: "Siz ağlınızı itirmisiniz? Siz bu ölkəni müharibəyə sürükləyirsiniz…"

Moshe Dayan

Moşe Dayan çevik həmlənin tərəfdarıydı

Suriya və onun maliyyələşdirdiyi Fələstin partizanları israilliləri təxribata çəkmək üçün əllərindən gələni edirdilər.

Suriya və Misirə, eləcə də Britaniya və ABŞ-a elə gəlirdi ki, İsrail böyük bir hərəkətə hazırlaşır.

Bu arada xəbər agentliklərindən birinin "yüksək vəzifəli İsrail mənbəyinə" istinadən yaydığı məlumatda deyilirdi ki, İsrail, əgər Suriya terrorçuları onun ərazisində təxribat reydlərini dayandırmasalar, Dəməşqin hərbi rejimini devirmək üçün məhdud hərbi əməliyyat keçirə bilər.

Bu xəbərin mənbəyi hərbi kəşfiyyatın başçısı, briqada generalı Aharon Yariv idi. O rejimin devrilməsinin yalnız ən fövqəladə bir halda gündəlikdə olacağını demişdi, lakin xəbəri Suriyada, eləcə də İsrail mətbuatında çox ciddi qarşılamışdılar.

Amma bu anda Sovet İttifaqının müdaxiləsi hər şeyi dəyişdi. Mayın 13-də Moskva Misirə belə bir xəbərdarlıq verdi ki, İsrail Suriya ilə sərhəddə boyük qoşun cəmləşdirir və bir həftə müddətində hücuma keçəcək.

Sovet İttifaqının niyə bu müharibənin ilk gülləsini atdığı indiyədək mübahisələr mövzusudur. İki İsrail tarixiçisi - İzabella Ginor və Gideon Remez yazırlar ki, SSRİ böhranı qəsdən kəskinləşdirirdi. Onlar İsrailin nüvə proqamını bloklamaq istəyirdilər və hətta buna görə qoşun da göndərə bilərdilər.

O vaxt orta vəzifəli sovet rəsmilərindən biri MKİ-yə demişdi ki, Sovet İttifaqı ərəbləri bilərəkdən ayağa qaldırırdı. Bundan məqsəd amerikalılar üçün, Vyetnam müharibəsinin getdiyi bir vaxtda yeni problemlər yaratmaq idi.

1967-ci ildə İsrail və onun ərəb qonşularını qızışdırmaq üçün çox da zəhmət çəkməyə ehtiyac yox idi. Onlar illərdir gözlədikləri bu böhrana baş vurmağa hazır idilər.

Nasirin qumarı

Sovet İttifaqının xəbərdarlığından 24 saat sonra Misirin ali komandanı feldmarşal Amer ordunu hərbi hazırlıq vəziyyətinə gətirmişdi.

Əməliyyatlar rəisi general-leynenant Ənvər əl-Qadi Amerə demişdi ki, ordunun demək olar yarısı, həm də ən yaxşı birləşmələri Yəməndə ilişib qalıb və belə bir şəraitdə İsraillə döyüşə girmək olmaz.

Amer onu əmin etmişdi ki, döyüşmək bu plana daxil eyil. Bu, sadəcə olaraq Suriyanı hədələyən İsrailə "qüvvə nümayişi" olmalıydı.

İki gün sonra Misir artıq bu böhrana daha dərin girmişdi. Qahirə 1956-cı ildən İsraillə sərhədə keşik çəkən BMT sülhyaradıcılarını qovmuş, qoşunlarını Sinay səhrasına yeritmişdi.

A United Nations Emergency Force officer manning a checkpoint on the border between Gaza and Israel, 1966

Misir Sinay və Qəzzadakı BMT qüvvələrini qovmuşdu.

Hələlik başı Suriyaya qarışan İsrail ordusu əvvəlcə Misirə səbrlə yanaşırdı.

Hərbi kəşfiyyatın təhlil bölümünə başçılıq edən Şlomo Gazit Amerika diplomatlarına demişdi ki, İsrail Misirin belə dava-dava deməsindən təəccüblənib, lakin bu sadəcə olaraq "hərbə-zorba" gəlməkdir. O demişdi ki, Misir əgər Tiran boğazını bağlamaqla Qırmızı dənizdəki Eylat portunu blokadaya alarsa, məsələyə ciddi baxıla bilər.

Ab-havanı Nasirin hər yerə burun soxan "Ərəbin Səsi" radiosu qarışdırırdı.

Qahirədə yerləşən bu radiostansiya Nasirin həyati xarici siyasət aləti idi. Böhran ərzində radionun əsas aparıcısı Əhməd Səid İsrailə qan qaynadan hədələr səsləndirirdi.

İsraillilər Nasirin BMT əsgərlərini qovmasına və Sinaya daha çox qoşun göndərməsinə məhəl qoymamışdılar. Onda Nasir stavkaları iki dəfə artırmışdı.

Mayın 22-də o İsrail gəmilərinin Tiran boğazından keçməsini qadağan etdi və beləliklə, Əqəba körfəzinin girişində Eylat portuna blokada qoydu. Buranın blokadası son dəfə 1956-cı ildə qaldırılmışdı.

Sinay səhrasındakı hərbi hava bazasında çıxış edən Nasir demişdi: "Əgər İsrail bizi müharibə ilə hədələyirsə, ona xoş gəlmisən deyirik". Burada xoşbəxt pilotların arasında çəkdirdiyi fotoda Nasirin üzündən ənənəvi nəciblik yağırdı.

Nasirin bu fotosu bütün dünyanı dolaşdı. Ərəblərin lideri hərəkətə hazır olan müasir hərbi texnika - təyyarələrin fonunda İsrail dövlətinə meydan oxuyurdu. Nasir bu şəkildə həyəcanlı görünürdü, sanki aşdığı hasarın böyüklüyündən bir uşaq kimi məst olmuşdu.

Nasser laughing with pilots in the days before the six-day war


Nasir Sinaydakı Bir Gifqafa hərbi hava bazasında. 22 may 1967

Amerikalılar Qahirədən səslənən bəyanata 42 dəqiqədən sonra reaksiya vermişdilər. Prezident Lyndon Johnson acıqlı idi.

BMT-nin baş katibi U Thant artıq havada idi və o sülh missiyası üçün uçuşda olduğu vaxt Nasir yeni hədə səsləndirmişdi. Bununla belə Nasir amerikalılara və sovetlərə Misirin birinci atəş açmayacağı barədə vədinə sadiq qaldığını demişdi.

Lakin U Thant bu nəticəyə gəmişdi ki, Eylatın blokadası vəziyyətindən çıxış yolu tapılmasa, müharibə qaçılmaz olacaq.

Zərbə üçün təzyiq

Nasirin körfəz boğazını bağladığı gün İsrailin baş naziri Levi Eşkol kabinetə tam səfərbərlik əmrini vermişdi. 48 saat ərzində döyüş meydanına 250 min əsgər çıxarıla bilərdi. İcbari müddətli hərbi xidmətdən sonra da bütün İsrail kişiləri hərbi mükəlləfiyyətli sayılırdılar.

Bir neçə günün içində 50 yaşından aşağı bütün israillilər müəyyən bir şəkildə hərbi formada idilər.

Təzyiq general Rabini əzirdi. Bütün hərbi hazırlıqlara baxmayaraq o əmin idi ki, ölkəsini fəlakətə aparır. O siqareti-siqaretə calayırdı və nəhayət əsəb sarsıntı keçirmişdi.

Amma 24 saatı tam yatıb yuxusunu aldıqdan sonra Rabin işə yollanmışdı.

Beynəlxalq diplomatiya böhranın tammiqyaslı müharibəyə keçməməsi üçün cəhdlər edirdi. İsrailin xarici işlər naziri Abba Eban prezident Johnson-la görüşmək üçün təcili Vaşinqtona uçmuşdu.

1956-cı ildə İsrail əvvəlcədən Britaniya və Fransa ilə razılıq əldə etdikdən sonra Misirə hücum etdikdə amerikalılar onu təcavüzkar adlandırmış, tutduğu ərazilərdən geri çəkilməyə məcbur etmişdilər. Bu dəfə Eban icazəni ABŞ prezidentindən almaq istəyirdi.

ABŞ prezidenti isə İsrailə xəbərdarlıq edirdi ki, atəşi birinci onlar açmasınlar. O Ebana deyirdi ki, Misirin hücumundan narahat olmasın. Bu hücum dərhal gözlənilmir və əgər misirlilər hücum etsələr, onda İsrail onların başına cəhənnəm odu tökər.

Lyndon B Johnson 1965

ABŞ prezidenti Lyndon B. Johnson israilliləri birinci atəşi açmamağa çağırmışdı

Johnson bildirmişdi ki, Tiran boğazının təkrar açılması üçün bir yol tapacaq. O ilk növbədə beynəlxalq dəniz qüvvəsindən istifadəni düşünürdü. Amma bunun üçün ona vaxt lazım idi.

Abba Eban qərara gəlmişdi ki, İsrail ABŞ-ın ona qoyduğu sürətlə hərəkət etməlidir. Lakin ordu döyüşə hazır idi və generallar artıq darıxırdılar.

Eban hərbçiləri qıcıqlandırırdı. Onun yekəxanalığı və özündənrazılığı hərbçilərin canını boğazına yığmışdı.

Mayın 28-də hökumət kabineti daha iki həftə gözləmək barədə qərar qəbul edəndə generallar artıq partlama dərəcəsinə çatmışdılar. Onlar üçün buradakı söhbət təkcə Tiran söhbəti deyildi.

Nasir bütün ərəb dünyasını onlara qarşı çevirmişdi. O sərhədə ordu birləşmələri yığmışdı və İsraili hədələyirdi.

İordaniyanın dilemması

Nasir 1956-cı ildən bəri Ərəb dünyasının lideri idi. İndi isə israillilərə nifrətin üzərində qərar tutan Nasir ərəblər üçün siyasi bütə çevrilmişdi.

O mayın 28-də Qahirədə xarici jurnalistlər üçün mətbuat konfransı keçirmişdi və orada bildirmişdi ki, Sinay və Tiran boğazı böhranlarına görə fələstinlilərə qarşı təcavüzkar siyasət yeridən İsrail məsuliyyət daşıyır.

O deyirdi ki, birgəyaşayış mümkün deyil, çünki fələstinlilər 1948-ci ildə öz torpaqlarından qovulublar.

Nasirin belə özünəinamlığı kral Hüseyni küncə sıxmışdı. Hüseyn Nasirə inanmırdı. O MKİ-nin Əmmandakı rezidenti Jack O'Connel-ə demişdi ki, İsrailıin başlıca strateji məqsədi İordan çayının qərb sahilidir. Hüseynin yüksək rütbəli zabitləri isə Nasirlə yaxınlaşmaya can atırdılar.

King Hussein of Jordan (1935 - 1999) (l) and Egyptian President Gamal Abdul Nasser (1918 - 1970) smile after signing a Jordan-Egyptian defence agreement June 1967 in Cairo.

30 May 1967: Hüseyn və Nasir Misir-İordaniya müdafiə sazişini imzaladıqdan sonra gülümsəyirlər

Hüseyn üçün söhbət ölüm-dirimdən gedirdi. O Nasirlə barışıq barədə qərar qəbul etmişdi. O bilirdi ki, bu müharibədən kənarda qalsa, ölkəsinin fələstinli əhalisindən qopan partlayış onun taxtını başına çevirə bilər. Digər tərəfdən o düşünürdü ki, döyüşə girsə, Misirin havadan himayəsi İsrailin Qərb sahilinə irəliləyişini BMT atəşkəs elan edənədək ləngidə bilər.

Mayın 30-da kral Hüseyn Qahirəyə uçdu və sazişi imzaladı. O Əmmana qayıdanda dəlicəsinə xoşbəxt insan kütləsi onun Mercedes maşıını qucağına alıb saray gətirmək istəyridi. Hüseyn bundan çox da rahat olmurdu. O bilirdi ki, kütlə onu Nasirlə saziş bağladığına görə bu qədər "sevir".

Sonralar kral tarixçi Avi Şlayma demişdi: "Mən bilirdim ki, müharibə qaçılmazdır. Mən bilirdim ki, biz uduzacağıq. Mən bilirdim ki, biz İordaniyada təhlükə altındayıq. İki təhlükə vardı: ya biz hadisələrin axarı ilə gedib uduzuruq, ya da bir kənarda qalırıq və bu halda ölkə parçalanır".

Qorxu və hədələr

İsrail generalalrı əmin idilər ki, əgər onlar nəzərdə tutduqları şəraitdə vuruşmalı olsalar, inamlı qələbə qazanacaqlar.

Eyni zamanda ərəb radiolarından və İsrail qəzetlərinin səhifələrindən qan-qan deyən bəyanatlar yağmaqda davam edirdi. Holokostdan cəmi 22 il keçdiyi bir vaxtda ərəblərin hədələri qorxulu səslənirdi.

İsraili axirət ahval-ruhiyyəsi sarmışdı. Adamlar acı-acı zarafat da edirdilər: "Müharibədən sonra görüşərik…Harada? Telefon köşkündə?.." Yəni müharibədən sonra İsraildə bir köşkə sığışacaq qədər insan qala bilərdi.

A group of men build shelters in Tel Aviv, June 1967

Tel-Əvivdə mülki müdafiə hazırlıqları, iyun, 1967

Hökumət tabut anbarları yaratmışdı, ravvinlər parklarda yeni qəbristanlıqlar üçün yer ayırırdılar, adamlar minlərlə litr donor qanı vermişdilər.

Baş nazir Levi Eşkolun mayın 28-də xalqa müraciəti bu əhval-ruhiyyənin yaxşılaşmasına kömək etməmişdi.

Bu çıxışdan sonra keçirilən bir iclasda İsrail generalları onun abrını ətəyinə bükmüşdülər.

Bir neçə komandanın diasporanın yəhudi liderlərinə müraciətlə işlətdiyi dil, hökumət rəsmilərinin dilindən qat-qat aqressiv və təhqiramiz idi. İsraildə doğulmuş köklü yəhudiləri elə tərbiyə etmişdilər ki, onlar 1950-1960-cı illərdə nasistlərlə vuruşmaqdan çəkinmiş Avropa yəhudilərini zəif və passiv görürdülər.

Əsasən də 30-40 yaşlarında olan köklü yəhudi generallar üçün, həm rus, həm də idiş dilində ivrit dilində olduğu qədər danışmağı sevən Eşkol diaspora əzvaylığının mücəssəməsi idi. Bu əlbəttə, ədalətsiz yanaşmaydı. O Fələstinə çox gənc ikən gəlmiş və dövlət quruculuğu ilə məşğul olmulşdu.

Levi Eshkol

Gənc İsrail generalları baş nazir Levi Eşkola inamsızlıqla yanaşırdılar

Dörd diviziya komandirindən biri, briqada generalı Elad Peled həmin iclasda idi. Peled mənə 2002-ci ildə bunları demişdi: "O vaxt nəsillər arasındakı ruh fərqi böyük önəmə malik idi. Biz kovboy idik, cəbhə adamıydıq. Biz yaşlı nəslə azad olmayan adamlar kimi baxırdıq. Onları hələ azad etməmişdilər…Təhsil naziri məndən soruşmusdu: "Birdən siz deyən kimi olmasa…Siz dövlətin varlığı ilə oynayırsınız…" Mən ona demişdim ki, müharibənin nəticəsindən 100 faiz əminəm".

Bir çox İsrail baş nazirləri kimi, Eşkol həm də müdafiıə naziri idi. Amma onu İsrailin müharibə qəhrəmanlarından birinin xeyrinə bu postu xuliqana oxşayan təkgöz general Moşe Dayana təhvil verməyə məcbur etmişdilər.

Bu əsgər özünün mühüm fəlsəfəsini 1956-cı ildə bir kibbutzda (kolxoza bənzər təsərrüfat) öldürülmüş Ray Rotberqin dəfn mərasimində bəyan etmişdi: "Bizim nəslin taleyi tələb edir ki, biz daim silahlı və hazır, güclü və qətiyyətli olaq. Çünki xəncər əlimizdən düşsə, biz öləcəyik".

Müharibə ərəfəsi

Nasir böyük stavkalarla qumara girişmişdi. Misirin müasir hava qüvvələrui vardı, lakin ordusu zəif idi. Onun generalları əmin idilər ki, Nasirin mənəm-mənəmliyi onları müharibənin kandarına gətirib çıxarıb.

Böhranın beynəlxalq səviyyədə çözülməsinə edilən cəhdlər iflasa uğramışdı. Amerikalıların və britaniyalıların beynində olan yeganə ideya Tiran boğazını zor gücünə açacaq Qırmızı Dəniz Reqattası idi.

Amma ABŞ və Britaniya admiralları bu ideyanı heç də xoşlamırdılar. Onlar narahat idilər ki, bu əməliyyat baş tutmaya bilər və beləliklə, Nasirə daha bir qələbə qazandırılmış olar.

İyunun 2-də, cümə günü İsrail generalları kabinetin müdafiə komitəsi qarşısında qətiyyətli təklif qoymuşdular. Onlar siyasətçilərə deyirdilər ki, Misiri əzişdirə bilərlər. Amma vaxtı itirdikcə, bu işi görmək də çətinləşir.

Bundan bir neçə gün əvvəl İsrailin casus təşkilatı Mossadın rəhbəri Meyr Amit gizli şəkildə və saxta pasportla Vaşinqtona yola düşmüşdü. O müharibə üçün bundan daha artıq gözləmək niyyətində deyildi. O yaşı 50-yədək olan kişi əhalisinin orduya çağırılması nəticəsində ölkə iqtisadiyyatının tam dayanmasından narahat idi.

Amit 2002-ci ildə mənə ABŞ-ın müdafiə naziri Robert McNamara ilə həlledici söhbətindən danışmışdı.

"Mən dedim ki…müharibə tövsiyə edirəm".

"McNamara yalnız iki sual verdi: Nə qədər çəkəcək? Mən dedim ki, bir həftə çəkər. "Nə qədər itki olacaq?" Mən dedim ki, müstəqillik müharibəsində olduğundan daha az. Yəni 6000. McNamara dedi: "Səni başa düşdüm".

Amerikalılar aşkar siqnal verirdilər. Onlara demişdilər ki, İsrail müharibəyə gedir və onlar bunu dayandırmaq üçün heç nə etmirdilər.

Amit İsrailə Vaşinqton səfiri Abe Harman-la içərisi əleyhqazla dolu təyyarədə qayıdırdı. Onlar Tel-Əvivə iyunun 3-də, şənbə günü axşam çatmışdılar.

Maşın onları birabaşa Eşkolun mənzilinə aparmışdı. Orada Eşkol onları əsas nazirlərlə birlikdə gözləyirdi. Amit dərhal müharibə istəyirdi. Harman daha bir həftə gözləməyi təklif edirdi.

Dayan bununla razılaşmırdı: "Biz yeddi, doqquz gün də gözləsək, minlərlə ölən olacaq. Gözləmək məntiqli bir iş deyil. Gəlin əvvəlcə birinci zərbəni vuraq, sonra siyasi tərəfinə baxaq".

Orada olan hər bir kəs başa düşürdü ki, qərar qəbul edilib. İsrail müharibəyə gedir. Hökumət bu qərarı ertəsi gün səhər təsdiq etdi.

Misirdə Nasir bu qənaətdə idi ki, İsrail iyunun 4 və ya 5-də hücum edə bilər. O bu nəticəyə İraqın zirehli diviziyasının İordan vadisinə hərəkətinə görə gəlmişdi. O bilirdi ki, İsrail qüvvələr balansının bu şəkildə dəyişməsinə yol verə bilməzdi.

Qəfil hücum

İyunun 5-i səhər 07:40-dək Ezer VeysmanTel-Əvivdəki Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri mərkəzində hökm sürən gərginliyə zorla tab gətirirdi.

İsrailin müharibə planı Fokus Əməliyyatı adlanan qəfil hücumdan asılı idi. Bu plana görə Misirdən başlayaraq bütün ərəb hərbi hava qüvvələri elə yerdə məhz edilməli idi.

Onlar bu hücuma illərlə hazırlaşmışdılar və indi bu həmləyə lap az qalırdı.

Misirlilərdən və və başqa ərəb ordularından fərqli olaraq israillilər ev tapşırığını yerinə yetirmişdilər.

Onlar illər ərzində yüzlərlə kəşfiyyat uçuşu edərək Misir, İordaniya və Suriyadakı hər bir hava bazasının dəqiq mənzərəsini öyrənmişdilər. Pilotların dəftərçələrində hədəflərin, uçuş marşrutlarının və çağırış siqnallarının detalları qeyd olunmuşdu. Radio dinləmələrindən onlar hətta hər bir ərəb komandanının səsini tanıya bilirdilər.

Bu, böyük uğur idi. Feldmarşal Amer və Misirin yüksək rütbəli zabitləri Sinaydakı Bir Tamada hərbi hava bazasında görüş keçirirdilər. Onlar elə iclasa təzəcə başlamışdılar ki, ilk İsrail təyyarələri bombardmana başladılar. Generallardan biri elə mat qalmışdı ki, çevriliş və ya müəyyən bir Misir xəyanətinin baş verdiyini düşünmüşdü.

Amerin təyyarəsi havaya qalxmağa macal tapsa da, bir müddət enməyə yer tapmamışdı, çünki Misirin bütün bazaları hücum altında idi.

Tel-Əvivdə Ezer Veysman həyəcan içindəydi. Hücumlar gözlənildiyindən yaxşı alınmışdı. Bu hücumlar düşmən üçün tam gözlənilməz olmuşdu. O dərhal arvadına zəng etmişdi: "Biz müharibədə qələbə qazandıq" - deyə qışqırmışdı.

Həmin gün az sonra İordaniya və Suriya hərbi hava qüvvələrinin əksər hissəsi məhv edilmişdi. İsrail səmalara nəzarət edirdi və indi işi yalnız bitirmək qalırdı.

Egyptian aircraft destroyed on airfield (5 June 1967)

Misirin hərbi hava qüvvələri İsrailin önləyici zərbələri ilə darmadağın edilmişdi

İsrail kral Hüseynə müharibəyə girməmək xəbərdarlığı etmişdi. Lakin kral artıq qərar qəbul etmişdi və o ordusunu Misir generalından daha az qabiliyyətli zabitə tapşırmışdı.

Günortadan az əvvəl döyüşlər Yerusəlimdə başlanmışdı. İordaniyalılar atəş açmışdılar. Kral Hüseyn İsrailin əgər iordaniyalılar bir kənarda dursalar onlara toxunulmayacağı barədə vədlərinə məhəl qoymamışdı. 1966-cı il Samua reydindıən sonra kral israillilərin vədlərinə etibar etmirdi. Hüseyn inanırdı ki, Misirlə birlikdə daxil olduğu alyansı tərk etsə taxt-tacını itirəcək.

Daha cənubda İsrailin quru qoşunları Sinay səhrası ilə irəliləyirdi. Onlar üç böyük sıçrayışla irəli gedirdilər. Misirlilər müxtəlif mövqelərdən igidcəsinə döyüşürdülər, lakin israillilər kimi improvizə edəcək dərəcədə təlim görməmişdilər.

Qahirədəki baş ordu qərargahında panika hökm sürürdü. General Salahdin Hədidi öz kreslosuna düşüb qalmışdı. O hələ də inanırdı ki, müharibədə yarı məğlubiyyət baş verib. Amma Misirin vəziyyəti bundan qat-qat ağır idi.

Bununla belə, küçədəki adamlar bayram edirdilər. Adamları küçələrə hakim partiyanın təşkil etdiyi avtobuslar gətirmişdi. "Ərəbin Səsi" radiosu onların etibar etdikləri xəbər və həqiqət mənbəyi idi. Radio dalğalarından isə xülyalar yağırdı.

Saat 20:17-dək artıq 86 İsrail təyyarəsinin vurulduğu və Misir tanklarının İsrailə girdiyi xəbər verilmişdi. Sinay cəbhəsində general Məhəmməd Abdel Qani Qamasi cəfəngiyyat olduğunu bildiyi bu xəbərlərə "artan dəhşətlə" qulaq asırdı.

İllər sonrası mən Əhməd Səiddən efirdə niyə yalanlar yağdırdığını soruşmuşdum. Nil çayının üstündə bir vaxtlar dəbdəbəli, indi isə uçub tökülən mənzilində o, özünü müdasfiə edirdi.

Egyptian warplanes lie destroyed on the tarmac after an Israeli Air Force pre-emptive strike June 5, 1967 against Egyptian airfields at the start of the Six-Day War.


5 iyun: Misir təyyarələri elə yerdəcə məhv edilmişdi

"Biz adamları rəqs etməyə yox, döyüşə çağırırdıq…Biz inanırdıq ki, bizim yayınlarımız bizim ən güclü silahımızdır. Dinləyicilərimizin əksəriyyəti savadsız idi və radio onlara yetişmək üçün ən yaxşı vasitə idi…"

1967-ci ildə məğlubiyyət barədə əsl xəbərlər gələndə Nasir və Amer villalarına çəkilmişdilər. Sonralar prezident olaraq İsraillə tarixi sülh sazişini imzalamış və öz qvardiyası tərəfindən sui-qəsdlə qətlə yetirilmiş Ənvər Sədat Qahirənin küçələrini piyada gəzirdi.

"Məyus və sınmış" halda o, Nasir loyalistlərinin ehramlara aparan xiyabanda aşağı-yuxarı hərəkət edib xəyal olunan qələbənin saxta xəbərlərini necə bayran etdiklərinə baxırdı.

Yeni mənzərə

Sonrakı 5 gündə İsrail Misir, İordaniya və Suriya ordularını qaçmağa məcbur etmişdi. O Misirdən Qəzza zolağı və Sinay səhrasını, Suriyadan Qolan təpələrini, İordaniyadan isə Qərb sahili və Şərqi Yerusəlimi almışdı.

Son iki minillikdə ilk dəfə idi ki, yəhudilərin Yerusəlimdəki qədim müqəddəs ocaqları onların öz nəzarətində idi. Çox sayda fələstinli qovulmuş, qaçmış və öldürülmüşdü. Hərçənd ölənlərin sayı 1948-cil müharibəsində olduğundan çox deyildi.

Israeli soldiers approach the Dome on the Rock June 7, 1967, in East Jerusalem, Israel on the day of its capture from Jordanian forces


7 iyun: İsrail əsgərləri Şərqi Yerusəlimdəki Qübbətüs-Səhraya yaxınlaşırlar

Nasir istefa vermiş, lakin milyonlarla insan küçələrə tökülüb ağlaşanda və etiraz edəndə fikrini dəyişmişdi.

O öz postunda 1970-ci ildə vəfat edənədək qaldı. Feldmarşal Amer müəmmalı şəraitdə öldü. Ailəsi inanırdı ki, onu zəhərləmişdilər.

Kral Hüseyn Şərqi Yerusəlimi itirsə də, taxt-tacını qoruyub saxlamışdı. O İsraillə gizli dialoqunu davam etdirirdi və 1994-cü ildə sülh sazişi imzaladı.

Suriyada hakim xuntada olan hərbi hava qüvvələri komandanı 1970-ci ildə mütləq hakimiyyətə sahiblənmişdi. Onun adı Hafiz əl-Əsəd idi. Onun oğlu Bəşər 2000-ci ildə atasının vəfatından sonra prezident olacaqdı.

İsraildə baş nazir Eşkol, 1969-cu ildə infraktdan vəfat etmişdi. Onun dul xanımı Miryam qəti əmin idi ki, əri Müdafiə Nazirliyinin müharibə ərəfəsində ondan alınmasının dərdinə dözməmişdi.

Eşkolun xələfi Qolda Meyrə 1973-cü ildə xəbərdarlıq etmişdilər ki, Misir və Suriya qəfil hücuma hazırlaşırlar. Lakin israillilər hələ də 1967-ci il qələbəsinin təkəbbüründən sağalmamışdılar.

Bunun ardınca başlanan müharibədə İsraili Birləşmiş Ştatların havadan verdiyi böyük dəstək xilas etmişdi. Misir inanırdı ki, milli qeyrətini bərpa edib və prezident Ənvər Sədat tarixi sülh nitqləri edirdi.

1967-ci ildən sonra amerikalılar İsrailə başqa nəzərlə baxmağa başlamışdılar. Onlar üç ərəb ordusunu darmadağın etmiş gənc sabralara məftun idilər.

An Israeli soldier, 1967

1967-ci il müharibəsi bir çoxlarının İsrail və onun silahlı qüvvələri barədə fikrini dəyişmişdi

Bir çox qərblilər kimi, 1967-ci ildə prezident Johnson-un elçisi Harry McPherson dərindən təsirlənmişdi: 

"Israil müharibədə solğun bənizli, cüssəsiz yəhudi prototipini sındırıdı; mənim gördüyüm əsgərlər möhkəm, əzələli və günəş altında yanmış uşaqlardı. Burada həm də zabitlər və səfərbərlər arasında intizam və demokratiyanın fövqəladə kombinasiyası vardı; səfərbərlər nadir hallarda əsgəri salam verir, amma tez-tez mübahisə edirdilər, lakin kimin qalib gələcəyinə şübhə yeri qalmırdı".

Müharibədən qayıtmış 25 yaşlı İsrail əsgəri yoldaşlarına deyirdi: "Biz nə isə çox qiymətli bir şeyi itirmişik. Biz öz balaca ölkəmizi itirmişik".

Palestinians surrender to Israeli soldiers in June 1967 in the occupied territory of the West Bank.

Qərb Sahilində İordaniya işğalını İsrail işğalı əvəz etmişdi

Bu gün xəbərlərlə az-çox maraqlanan insanların hər gün eşitdiyi "zorakılıq, işğal, məskənlər, Yerusəlimin gələcəyi" kimi söz və ifadələr başlanğıcını həmin müharibədən alır. İşğalın cizgiləri çox tez görünməyə başlamışdı. Qarşıdan gələn təhlükələrə heç kəs məhəl qoymamışdı.

Müharibədən dərhal sonra İsrailin ilk baş naziri David Ben Qurion qələbədən çox da xumarlanmamağa çağırmışdı. Beyt Berldə etdiyi çıxışında bu İsrail solçularının düşünən başı deyirdi ki, işğal olunmuş ərazilərdə qalmaq yəhudi dövlətinin imicini pozacaq və hətta onu məhv edə bilər. O deyirdi ki, Yerusəlimi saxlamaq şərtilə ərəblərdən alınmış bütün torpaqlar onlara qaytarılmalıdır. İstər sülh sazişi ilə, istərsə də sazişsiz…

Xarici işlər naziri Abba Eban İsrailin Qolan yüksəkliklərindən Süveyşə qədər uzandığını göstərən xəritələrə "sülhün qarantiyası yox, erkən müharibəyə dəvət kimi kimi" baxırdı.

French-built Israeli tanks in action in this photo taken June 1967 during the six-day war on the Golan Heights.

İsrail tankları Qolan yüksəkliklərində

Lakin İsraili bürümüş əhval-ruhiyyə hər hansı ehtiyatı rədd edirdi. Çünki İsrailin ərəblər üzərindəki qələbəsi bu qədər həlledici olmuşdu. Müharibənin cəmi bir həftəsi ərzində İrsail ictimaiyyəti ümidsizlikdən, təntənəyə düşmüşdü.

Dindar yəhudilər belə hesab edirdilər ki, bu qələbə Allahın verdiyi möcüzədir. Dünyəvi yəhudilər də qələbə anının verdiyi sevinc içində yaşayırdılar. Sonralar yəhudi məskənləri hərəkatını başlatmış desantçı Hanan Porat dünyəvi yəhudilərin, Qərb Divarı alındıqdan az sonra necə ağlaşdıqlarını heç vaxt unuda bilməyəcəkdi. Bu divar Şərqi Yerusəlimdə ikinci yəhudi məbədinin qalıqlarından idi.

"Məndə belə bir hissiyyat vardı ki, burada, Yerusəlimdə yəhudi millətinin daxili həqiqəti açılıb. Bu bir möcüzə idi. Çünki İncildəki həqiqətlə real həyatdakı həqiqət birləşmişdi. İsrail xalqının bütün vücudundan elektrik cərəyanı keçirdi".

Israeli paratroopers at Western Wall (09 June, 1967)


İsrail desantı yenicə ələ keçirilmiş Qərb Divarının yaxınlığında. Bu şəkil bütün dünyada yəhudilər üçün rəmzi məna daşıyırdı.

Rahib Zvi Yehuda Kukun təlimləri Porat da daxil bir çox məskunların ürəyinə yatırdı. Dini sionizmin başçısı olan Kuk öyrədirdi ki, İsrailin silahlı qüvvələri Allahın işidir.

"İMQ (İsrailin Müdafiə Qüvvələri) tam ilahi bir şeydir. Bu ordu rəbbin öz bəndələrinə onların öz torpağını idarə etmələri üçün verdiyi zəmanətdir" - deyirdi Kuk.

Bu da təlim edilirdi ki, Allahın yəhudi xalqına hədiyyə etdiyi torpağı itirmək olmaz.

Burada yeganə çətinlik bu idi ki, fələstinlilər də bu torpağı özlərininki hesab edirdilər. Onlar bu torpağın müqəddəs yerlərini hifz etməyi özlərinə borc bilirdilər.

ABŞ przeidenti Johnson-un Yaxın Şərq müşaviri Bob Anderson müharibədən bir ay sonra xəbərdarlıq edirdi ki, Yerusəlimin ərəblər üçün xüsusi əhəmiyyəti var.

O deyirdi ki, Qədim şəhər Yerusəlimin küçələri qaragüruhu ayağa qaldırmaq qüdrətindədir və bu baş verərsə, "bizim bir çox mötədil dostlarımız" ziyan çəkə bilər.

Bəzi israillilər düşünürdülər ki, qəsb etdikləri torpaqların bir hissəsini sülhlə dəyiş-düyüş edə bilərlər. Lakin bu Şərqi Yerusəlimə aid deyildi. Şəhərin bu hissəsi Qərb sahilindən qoparılmış və sonra isə ilhaq edilmiş torpaq parçasının hesabına daha da böyümüşdü.

Avqustun sonlarında Xartumda keçirilən sammitdə ərəblər papaqlarını əllərinə alıb onları bu qədər alçaltmış birilərindən torpaq dilənmək əhval-ruhiyyəsində deyildilər. Ərəb liderləri deyirdilər ki, İsraillə nə danışıq, nə tanıma, nə də sülh sazişi ola bilməz.

Heyrətamiz bir şəkildə 1967-ci ilin məğlubiyyəti Fələstin milli hərəkatına təkan vermişdi. Həmin vaxta qədər Fələstin Azadlıq Təşkilatı (FAT) Nasirin əlində oyuncaq idi. Bu təşkilat müstəqillik uğrunda mübarizə aparmaqdan daha çox, fələstinliləri buxovlayırdı.

Lakin 1967-ci ildə Yasir Ərəfat və Fətah fraksiyasında nəzarəti ələ aldı. 1968-ci ildə FAT-ın həyata keçirdiyi bir neçə "vur-qaç" əməliyyatından sonra İsrail təşkilatın İordaniyadakı Kərame qaçqın düşərgəsindəki qərargahına reyd keçirdi.

Lakin israillilər burada Fələstin partizanlarından və İordaniya artilleriyasından gözləmədikləri reaksiyanı gördülər. Nəticədə israillilıər Kərameni dağıtdılar, lakin bunun üçün saatlarla gecə döyüşləri aparıb 30 qurban verdilər.

Bu döyüşdə 100-dən çox FAT döyüşçüsü həlak olmuşdu, lakin onlar indi özlərini qəhrəman hesab edirdilər. Bunun ardınca Ərəfat FAT-ın sədri oldu, fələstinlilərin beynəlxalq simvolu və İsrailin isə ən pis terrorçu hesab etdiyi şəxsə çevrildi.


Müharibədən sonra nələr oldu?

  • Yitzak Rabin iki müddətdə İsrailin baş naziri oldu. Əvvəlcə 1970-ci illərin ortasında, daha sonra isə 1992-1995-ci illərdə. Özünün ikinci baş nazirlik müddətinə o fələstinlilərlə tarixi Oslo sülh sazişini imzaladı və buna görə Nobel Sülh mükafatı aldı və 1995-ci ildə İsrail ultramillətçisi tərəfindən qətlə yetirildi.
  • İordaniya kralı Hüseyn 1970-ci ildə FAT qüvvələrini ölkəsindən qovdu və onların İsrailə qarşı 1973-cü il müharibəsinə qoşulmaq üçün Misir və Suriyanın çağırışlarını rədd etdi. Uzun illər davam edən məxfi danışıqların ardınca, 1994-cü ildə İordaniya İsraillə sülh sazişi imzaladı. Kral Hüseyn 1999-cu ildə rəhmətə getdi.
  • Hafiz əl-Əssəd 1970ci ildə çevrilişlə sahibləndi və bundan bir il sonra referendumla prezident seçildi. O ölkəni 2000-ci ilədək idarə etdi. Suriyanın İsraillə münasibətləri gərgin olaraq qalırdı. Dəməşq 1973-cü ilin Yaxın Şərq müharibəsində Qolan yüksəkliklərini geri almaq üçün uğursuz cəhd etdi. Əsəd İsraillə işğal olunmuş ərazilərin qaytarılmasını nəzərdə tutmayan hər hansı sülh sazişi imzalamaqdan imtina edirdi.
  • Cəməl Əbdül Nasir 1970-ci ildə infarktdan vəfat etdi. Onun xələfi prezident Ənvər Sədat nəhayət 1979-ci ildə İsraillə tarixi sülh sazişini imzaladı, lakin 1981-ci ildə Misir ordusunun bir zabiti tərəfindən hərbi parad vaxtı sui-qəsdlə qətlə yetirildi.

Yaşayan miras

1967-ci il müharibəsi İsraili işğalçıya çevirdi. Bu həm israillilər, həm də fələstinlilər üçün fəlakət idi. İsrail qəsb olunmuş torpaqlarda beynəlxalq qanunlara məhəl qoymayaraq yəhudilər üçün məskənlər salırdı.

Abba Eban o vaxt proqnoz vermişdi ki, fələstinlilərin "bayraq, şərəf, ləyaqət və müstəqillik təşnəsi heç vaxt tükənməyəcək".

Palestinians and Israeli troops face each other in Hebron (file photo)
Müharibənin nəticələri hətta bu gün, 50 il sonra da görünür

1967-ci il müharibəsinin nəticələrini aradan qaldırmaq üçün sülh danışıqları 1990-cı illərdə başlanıb. O vaxt baş nazir olan Yitzak Rabin köhnə düşməni Yasir Ərəfatın əlini 1993-cü ildə Ağ Evin yaşıl çəmənliyində prezident Bill Clintonun parıltılı təbəssümü altında sıxıb.

Lakin sülh prosesi lap başlanğıcdan hər iki tərəfdən qüsurlu idi. Amma olanı bu idi. İsrailin ifrat sağçıları bu məsələyə çox ciddi yanaşırdılar. Onlar inanırdılar ki, sülh prosesi Allahın yəhudi xalqına verdiyi bütün ərazilərin onların nəzarətindən çıxmasına şərait yarada bilər.

Yəhudi ekstremist Yitzak Rabini 1995-ci ildə sui-qəsdlə qətlə yetirdi. Onun qatili xaini və yəhudi xalqına təhlükə hesab etdiyi adamı öldürməkdən o qədər məmnun idi ki, hətta ilk dindirmədə fincanı əlinə götürüb sağlıq deməyə başlamışdı.

Rabin israillililər üçün lazımlı adam idi. Onlar öz təhlükəsizliklərini ona etibar etmişdilər. Onu elə buna görə də öldürmüşdülılər.

Bəlkə də sülh prosesi, elə Rabin sağ qalsa da iflasa uğrayacaqdı. Lakin 1967-ci ildə öz ordusunu qələbəyə aparmış bir şəxs olmasaydı, sülhün ümumiyyətlə heç bir ümidi qalmazdı.

1967-ci ildən 50 il keçəndən sonra Donald Trump da bütün yeni ABŞ prezidentləri kimi israillilər və fələstinlilər arasında sülh yaradacağına ümid edir.

Əgər bu ümidlər reallaşsa, onda tərəflər 50 il bundan əvvəl zəbt edilmiş torpaqların məsələsini həll etməli olacaqlar. 1967-ci il elə bir drama idi ki, israillilərin və fələstinlilərin bütöv nəsilləri hələ də onun nəticələrini yaşayırlar.

Ürəyində Yerusəlim yerləşən Müqəddəs Torpaq din, mədəniyyət və millətçiliyin böyük tektonik layları üstündə qərar tutub. Amma bunların arasından keçən çat xətləri heç vaxt hərəkətsiz qalmır və hətta təhlükəli tərpənişlər edir. Ona görə də bu torpaqda 1967-ci ilin qoyduğu mirası unutmaq variant sayıla bilməz/bbc.com.


Digər xəbərlər
SON XƏBƏRLƏR