Azərbaycan Ramazan bayramını qeyd edir

img

26-06-2017 [09:34]


Azərbaycanda Ramazan bayramı qeyd olunur. Bu il ölkəmizdə bayram iyunun 26 və 27-nə təsadüf edib.

Otuz gün ərzində oruc tutmaqla İslam dinin əsas şərtlərindən birini yerinə yetirən dindarlar bununla həm ruhən və cismən saflaşmış oldular, həm də bu müddətdə aclığa qarşı öz iradələrini nümayiş etdirdilər.

Ramazan ayı həm də xüsusi tərbiyəvi əhəmiyyətə malikdir. Allah yolunda orucluq tutanların Xudavəndi-Aləm yanında ərzi böyükdür.

Həzrəti-Məhəmməd salavatullahın mübarək hədisi-şərifində buyurulur ki, Adəm oğlunun hər əməli özü üçündür. Təkcə orucluqdan başqa. Orucluq Allah üçündür, əvəzini də Allah verir.

Məhz Ramazan ayının axırıncı 10 gecəsinin birində Quran nazil edilib. Deyilənlərə görə, bu hadisə ayın 23-dən 24-nə, ya da 26-dan 27-nə keçən gecə baş verib. Bu gecələr "Qədr gecələri” adlanır.

Min illərdən bəri qeyd edilən Ramazan bayramı dünya müsəlmanları üçün ən müqəddəs mərasimlərdən sayılır. Oruc tutmaq müsəlmanın riayət etməli olduğu 10 vacib əməldən biridir.

Ramazan bayramı Azərbaycanda dini azadlıqların olmadığı Sovet İttifaqı dağılandan sonra yenidən geniş qeyd edilməyə başlayıb. Sovet ideologiyasının 70 il ərzində apardığı antitəbliğat və qadağalar soydaşlarımıza bu müqəddəs mərasimi unutdura bilməyib.

Ramazan bayramı 1993-cü ildən Azərbaycanda dövlət səviyyəsində qeyd olunur.

İslam dinində müqəddəs ay sayılan Ramazanda müsəlmanlar pəhriz saxladıqları üçün Ramazana «ağlın nəfsə qalib gəldiyi ay» da deyirlər.

Oruc insanın Allaha minnətdarlıq niyyətilə icra etdiyi bir ibadətdir. Bu ayda müsəlmanlar iradəsini gücləndirib, nəfsini tərbiyə etmiş oldular, öz dözümlülüklərini yoxladılar, əxlaqlarını pisliklərdən qorudular.

Ramazan bayramının adət-ənənəsinə görə, bayram günü müsəlmanlar qohum-əqrəbaları ilə əlaqə saxlamalı, qəbiristanlığa gedərək rəhmətlikləri yad etməli, küsənləri barışdırmalı, uşaqları sevindirməli və digər xeyirxah işlər görməlidirlər.

Bundan başqa, imkanı olan hər bir müsəlman bayram namazından öncə fitrə sədəqəsi verməlidir. Fitrə bayram namazından qabaq çıxarılmalıdır, əks halda bu, sadəcə sədəqə hesab oluna bilər.

BAYRAMINIZ MÜBARƏK!

Digər xəbərlər
SON XƏBƏRLƏR