"Artilleriya silahları, PUA və zirehli texnikalar xaricə satılır" - Nazir

img

23-06-2017 [21:23]


Azərbaycanda istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşidi artaraq 213-dən 1200-ə çatdırılıb".

Report-un məlumatına görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov iyunun 23-də Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin "Şərq” İstehsalat Birliyinin 40x46 millimetrlik MSGL 40 tipli qumbaraatanlar üçün müxtəlif növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, nazirliyin fəaliyyəti dövründə ümumilikdə 1 milyard 745 milyon manatdan çox məhsul istehsal edilib: 

"Həmin məhsulların 80 faizdən çoxu müdafiə təyinatlı məhsullardır. 2007-ci illə müqayisədə 2016-cı ildə ümumi məhsul istehsalının həcmi 6,7 dəfə, müdafiə təyinatli məhsulların həcmi isə 42 dəfə artıb. Ötən müddət ərzində dünyanın inkişaf etmiş aparıcı şirkətlərindən alınan ən müasir texnologiya və avadanlıqlarla təchiz olunan 58 adda istehsal sahəsi yaradılıb. Yeni yaradılan istehsal müəssisə və sahələrində, ümumilikdə, 283,5 min kvadratmetrlik tikinti və yenidənqurma işləri görülüb, 500 min kvadratmetr sahədə abadlaşdırma işləri aparılıb. Yaradılmış istehsal sahələrində bütün tələblərə cavab verən və insan amilini minimuma endirən rəqəmsal proqram təminatlı 25-dən çox mürəkkəb texnoloji xətt və avadanlıq dəstləri, 2200-dən çox müxtəlif təyinatlı dəzgah, on minlərlə cihaz, alət və tərtibatlar alınaraq quraşdırılıb. Bütün bunların hesabına bu gün nazirliyin tabeliyində olan zavodların sayı artaraq 18-dən 28-ə çatdırılıb".

Y.Camalov bildirib ki, ötən müddət ərzində istehsalı mənimsənilmiş məmulatlardan "Mübariz”, "İstiqlal”, "Yalquzaq” və sair snayper tüfənglərini, AK-74 və NATO standartlarına uyğun avtomatları, müxtəlif növ tapançaları, minaatanları, qumbaraatanları və onların atəş yığımlarını, optik cihazları, minaları, aviasiya bombalarını, "Matador” və "Marauder” tipli zirehli maşınları, "Gürzə”, "Əqrəb” və "Bəbir” kəşfiyyat-patrul maşınlarını, "Orbiter-2M, 2B, 3B və "Orbiter-4”, "Aerostar-BP” və "Zərbə” tipli pilotsuz uçuş aparatlarını və başqalarını göstərmək olar: "Bu gün müəssisələrimiz fəaliyyətə başladığımız ilk dövrlərdən fərqli olaraq, rəqabətədavamlı, yüksək dəqiqliyə malik, elm tutumlu ən müasir silah, sursat, optik vasitələr və sair məhsullar istehsal etməklə həm Milli Ordunun, həm də digər güc qurumlarının sifarişlərini yerinə yetirmək iqtidarındadır.

Müştərək müəssisələrin yaradılması üzrə beynəlxalq əməkdaşlığa da böyük önəm verilir. Bunun əyani sübutu kimi, xarici tərəfdaşlarla birgə yaradılmış pilotsuz uçuş aparatlarının istehsalı müəssisəsini göstərmək olar. Belə ki, yaradılmış yeni nəsil "Zərbə KM” tipli pilotsuz uçuş aparatları uğurla sınaqdan çıxarılıb və istehsal olunaraq sifarışçilərə təhvil verilib. Eləcə də həmin silahın daha təkmilləşdirilmiş modeli olan "Zərbə KH” (kumulyativ başlıqlı) pilotsuz uçuş aparatının yaradılması istiqamətində intensiv işlər davam etdirilir. Azərbaycanın milli məhsulu olan "Tufan” zirehli maşını üzrə işlər də uğurla başa çatdırılıb, mütəxəssislərin iştirakı ilə təqdimatı keçirilib və seriyalı istehsalına hazırlıq işləri aparılır. Bununla yanaşı, yüksək güclü elektromaqnit impuls şüalanma layihəsi üzrə də işlər uğurla davam etdirilir. Onu da qeyd edim ki, hazırda nazirliyin müəssisələrində peşəkar kadr potensialı formalaşıb. Vaxtilə mütəxəssislərimiz xarici təcrübənin öyrənilməsi və təlim məqsədilə bu sahədə inkişaf edən xarici ölkələrə gedirdilər. Sevindirici haldır ki, bu gün bizim təcrübənin öyrənilməsi istiqamətində bir sıra ölkələrdən ünvanımıza müraciətlər daxil olur. Müəssisələrdə yeni istehsal sahələrinin yaradılması hesabına, ümumilikdə 2300-dən çox yeni iş yeri açılıb. Eyni zamanda, işçilərin orta aylıq əməkhaqqı 2006-cı illə müqayisədə 5,5 dəfədən çox artaraq, respublika üzrə orta göstərici səviyyəsinə çatdırılıb".

Nazir qeyd edib ki, Müdafiə Sənayesi Nazirliyi 35-dən çox beynəlxalq sərgidə iştirak edib: "Son dəfə cari ilin mayında Türkiyənin İstanbul şəhərində keçirilən "IDEF-2017” beynəlxalq müdafiə sərgisində 260 adda müdafiə təyinatlı məmulat nümayiş etdirilib. Bu sərgidə ziyarətçilərə yeni məhsullar da təqdim olunub və böyük maraqla qarşılanıb. Müdafiə Sənayesi Nazirliyi xarici ölkələrdə keçirilən sərgilərdə iştirak etməklə yanaşı, 2014-cü və 2016-cı illərdə Bakıda keçirilən Beynəlxalq Müdafiə Sənayesi sərgilərinin təşkilatçısı rolunda çıxış edib. Belə bir nüfuzlu tədbirin regionda ilk dəfə Azərbaycanda keçirilməsi ölkəmizin regionda lider olduğunun əyani nümunəsidir. İnanırıq ki, 2018-ci ildə keçiriləcək sərgi də Bakı şəhərini hərbi-texniki əməkdaşlığın qurulması üçün beynəlxalq mərkəz kimi dünyada tanıdacaq. Bu gün məhsullarımızdan döyüş sursatlarının, müasir atıcı və artilleriya silahlarının, pilotsuz uçuş aparatlarının, zirehli texnikaların və sairənin ixracı həyata keçirilir. Hazırda ixrac müqavilələrinin dəyəri 101 milyon ABŞ dolları təşkil edir və bunun da 54 milyon dolları qüvvədə olan müqavilələrdir".

Y.camalov vurğulayıb ki, Müdafiə Sənayesi Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin və digər güc qurumlarının müdafiə təyinatlı məmulatlara tələbatının önəmli hissəsini yerli müəssisələrin hesabına ödəməyə nail olub: "Bu sahədə mövcud imkanlarımız daha da genişdir. Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilib. Bunu ötən ilin aprel döyüşləri də bir daha sübut etdi. Silahlı Qüvvələrimiz tərəfindən işğalçı ölkənin ordusuna sarsıdıcı zərbələr endirilməsi nəticəsində bir sıra yaşayış məntəqələri və əhəmiyyətli yüksəkliklər azad edildi".

Digər xəbərlər
SON XƏBƏRLƏR