Banklarda böhranın ikinci fazası başlaya bilər?

img

23-06-2017 [15:36]


Bu günlərdə Mərkəzi Bank uçot dərəcəsi və likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddinin dəyişməz saxlanılması, faiz dəhlizinin aşağı həddinin isə 12 fazidən 10 faizə endirilməsi ilə bağlı qərar qəbul edib. 

Bu dəyişikliyin nominal xarakter daşıyacağı heç bir şübhə doğurmur. Çünki, Mərkəzi Bankın hətta makro-maliyyə sabitliyi dövründəki fəaliyyətində də Azərbaycanda faiz dəhlizinin parametrləri kreditlər üçün real faiz dərəcələrinin müəyyənləşdirilməsində rol oynaya bilməyib. Fikrimizcə, son zamanlar manatın məzənnəsində nisbi sabitliyin müşahidə olunduğu, lakin onun dayanıqlı olmasını şərtləndirən tendensiyaların qərarlaşmadığı indiki durumda bu dəyişiklik əhəmiyyətli təsirlərə malik olmayacaq. Yenə də manatla kredit faizləri yuxarı olaraq qalacaq. Bu da həmçinin manatla depozitlərin də yüksək olmasını şərtləndirəcək. Hazırda əksər banklarda manatla 1 illik depozitlərin orta faizi 15 faiz təşkil edir. Bu isə kredit qoyuluşları aşağı düşən və riskləri çoxalan bankların xərclərini durmadan artırır. 

Gəlin sadə bir misalla bu vəziyyəti təsvir edək. Tutaq ki, 50 min dollarlıq valyuta ilə əmanət illik 3 faizlə yerləşdirilib. Əgər həmin vəsaitin sahibi onu geri çəkib, manata dəyişib yenidən manat əmanəti kimi yerləşdirərsə, bu zaman təkrar qoyulan əmanətin məbləği 85 min manat və illik faiz dərəcəsi isə 15 faiz olacaq. Bu isə o deməkdir ki, bank əmanətçiyə ayda 1062 manat 50 qəpik və yaxud ildə isə 12750 manat faiz gəliri ödəməlidir. Əmanətçiyə aylıq ödənilən məbləğ bankda çalışan 1 işçinin orta aylıq əmək haqqı səviyyəsində xərcin artması deməkdir. 

Əgər bank əmanət kimi qəbul etdiyi vəsaiti səmərəli yerləşdirib, ondan ayda ən azı 20-25 faiz qazanc əldə etməzsə o halda bir müddətdən sonra banklar manatla yüksək faizlə qoyulan əmanatləri qaytarmaqda çətinliklərlə üzləşəcək ki, bu da banklarda böhranın ikinci fazasının yaranmasına səbəb olacaq. Çünki, yığılmış vəsaitlərin yerləşdirilməsi isə yalnız bankın kredit siyasətindən deyil, manatın devalvasiyasından, həmçinin ölkədəki mövcud iqtisadi durumdan və sahibkarların vəziyyətindən də asılıdır. Odur ki, müvafiq qurumlar bu barədə düşünməli və bankların maliyyə mötəbərliyini pisləşdirən tendensiyaların qarşısını vaxtında almalıdırlar.

ADR Hərəkatının lideri Qubad İbadoğlu


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı