Milli Qəhrəmana qarşı laqeydlik - "Bunu edən icra başçıları işdən çıxarılsın"

img

23-06-2017 [01:21]


Çox fikirləşdim bu haqda yazım, ya susum. Amma, vicdanımla bacarmadım. Son vaxtlar tez-tez də olmasa, gözümüzə bəzi ürəkağrıdan, hətta mən deyərdim ki, daha çox düşmən marağına xidmət edən hallar dəyir ki, onların tez bir zamanda aradan qaldırılması lazımdır. Özü də, çox sərt və ciddi cəzalar tətbiq etmək yolu ilə.

Bir qədər əvvəl isə gözümə ötən ilin aprel hadisələri zamanı canını Vətəni Azərbaycan üçün qurban verən Milli Qəhrəman, polkovnik-leytenant Murad Mirzəyevin atası hörmətli Telman Mirzəyevin açıq mətbuat vasitəsiylə aidiyyatı orqanlara müraciəti dəydi. Özü də, bu müraciət elə-belə adi müraciət deyildi. Və şəxsən mən çox istərdim ki, Vətən uğrunda canından keçən şəhidə qarşı belə laqeyd, biganə yanaşdığına görə cənab prezident, Ali Baş Komandan Sabirabad Rayonun İcra Başçısından tutmuş digər vəzifəli şəxslərinə kimi ən sərt formada cəzalandırsın.

Doğrusu, mən hələ də bəzi icra başçılarının və vəzifəli şəxslərin öz saymazyana və yekəxana davranışlarını başa düşə bilmirəm və onların hərəkətlərinin nədən belə olmasını da anlamaqda çətinlik çəkirəm. Siz təsəvvür edin ki, polkovnik-leytenant Murad Mirzəyev sıradan adi bir zabit olmayıb və o igid insan öz canı bahasına digər əsgər və zabitlərimizlə bərabər Silahlı Qüvvələrimizin tarixinə qızıl səhifə yazan oğullardan biridir. Ölkə başçısından tutmuş müdafiə nazirinə kimi, geniş ictimaiyyət davamlı şəkildə ötən ilin aprel hadisələri zamanı ordumuzun yazdığı şərəf tarixi haqqında, o işi görən hər bir oğul barəsində ürəkdolusu danışdığı bir zamanda, biz bu cür xoşagəlməz hallarla rastlaşırıq. İnanıram ki, həm dünən, həm də bu yazıdan sonra Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı və onun ətrafı hərəkətə keçib, məsələnin əsla belə olmadığını sübut etməyə çalışacaqlar. Özünüzü yormayın, cənab başçı və sizin bəzi bivec əməkdaşlarınız. Mən Sizdən çox, Şəhid Murad Mirzəyevin atası Telman Mirzəyevə, onun söylədiyi acı həqiqətlərə daha çox inanıram.
Açığı, mən də düşünürdüm ki, bu igid zabitimizin xatirəsini əbədiləşdirmək üçün Sabirabadın İcra Hakmiyyəti yəqin ki, bu bir ildən çox müddətdə yəqin ki, nə isə etmiş olar. Çox təəssüf və çox üzücü bir mənzərə var ortalıqda.
Görünür ki, yanılmışam. Ortada Milli Qəhrəman və Xüsusi Təyinatlı Qoşunların komandir heyətindən biri olan polkovnik-leytenant Murad Mirzəyevin xatirəsinə rayon rəhbərliyinin son dərəcə laqeyd yanaşması kimi acı reallıq var.

Şəhidin ailəsinin durumu normaldır. Onların hər hansı maddi və mənəvi sıxıntıları yoxdur. Onları incidən, onları narazı salan isə Sabirabad rayonun əlaqədar vəzifəli şəxslərinin səhlənkarlığı və biganəliyidir. Axı, adı çəkilən igid zabitimiz Murad Mirzəyev və onun kimi sinəsini güllə qabağına verib, yağı düşməni zəbt etdiyi torpaqlarımızdan rədd olub getmələri üçün canını qurban vermiş yüzlərlə oğullarımız həqiqətən də indi təkcə Sabirabadın, İmişlinin, Bakının, Astaranın, Şəkinin və digər rayon və şəhərlərin deyil, bütövlükdə Azərbaycanın qəhrəmanı övladları sayılırlar. Və bu necə vətənpərvərlikdir ki, o cür tanınmış biz zabitə və ən əsası Milli Qəhrəmana və Şəhidə bu cür laqeyd münasibət göstərilir?

Şəxsən mən ölkə başçısına və 1-ci vitse prezidentə müraciət edirəm ki, bundan sonra hansı rayon və şəhərdən Şəhid ailəsi ilə bağlı hər hansı əsaslandırılmış narazılıq və ya şikayət olarsa, həmən icra başçıları və müvafiq vəzifəli şəxslər DƏRHAL vəzifələrindən kənarlaşdırılamlı və onlara yaxın 10 il ərazində rəhbər vəzifə tutmaq qadağan edilsin. Bəlkə bu metodla, bu üsulla ölkədə bəzi icra strukturları, bəzi reallıq və vicdan hissini itirmiş vəzifəli şəxslər öz hərəkət və davranışlarından ciddi nəticə çıxartdılar?

Görəsən Sabirabad və digər rayonlarda, hansılarında ki, aprel hadisələri zamanı Şəhid olmuş qəhrəman əsgər və zabitlərimizlə bağlı hələ də bəzi işlər görülməyib icra başçıları və digər rəhbər şəxslər nə düşünürlər? Onlara bundan sonra daha nə qədər vaxt lazımdır ki, bunlar ən xırda texniki xarakterli işləri həyata keçirtsinlər?

Ən sonda, doğrusu Sabirabad Rayon İcra Başçısının Azərbaycana neçə il xeyir verdiyini bilməsəm də, onu xüsusi olaraq qeyd etmək istəyirəm ki, Murad 14 yaşından hərbçi olub, 26 il vətəninə şərəflə xidmət edib. Və o bu gün Azərbaycanın sayılıb-seçilən əsl İgid Milli Qəhrəmanlarından biridir. Onunla təkcə sözdə deyil, real işlərdə, konkret əməllərdə fəxr edib, adını daha da ucalara qaldırmaq lazımdır.

Tanrı Murad Mirzəyev kimi qəhrəman Şəhidlərimizə rəhmət etsin!

Bəzi məmurlara isə qəflət yuxusudan ayılmaq üçün tez bir zamanda ağıl və imkan yaratsın! Yoxsa, onların bəziləri üçün belə münasibət acı nəticələrə gətirib çıxaracaq. Necə ki, inanıram ki, yaxın saatlarda bu məsələ Prezident Adminstrasiyası tərəfindən ən sərt formada həm araşdırılacaq və lazımı qərarlar qəbul olunacaq.

Üzeyir Cəfərov, Hərbi ekspert, ehtiyatda olan polkovnik leytenant.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq