DTX-nın həbs etdiyi gömrükçülərin məhkəməsi başladı - Proses

img

22-06-2017 [17:48]


Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində külli miqdarda qızıl məmulatlarını Azərbaycandan çıxarmaqda təqsirləndirilərək həbs edilən 5 nəfərdən ibarət mütəşəkkil dəstə üzvlərinin işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Trend xəbər verir ki, hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Hazırlıq iclası başa çatıb və iş üzrə məhkəmənin baxış iclası iyulun 5-nə təyin edilib.

İttihama görə, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 2016-cı il dekabrın 18-də Biləsuvar Gömrük İdarəsinin gömrük keçid məntəqəsindən gömrük nəzarətindən gizli ümumi çəkisi 2 kiloqram 145 qram olan qızıl külçələri və digər qızıl məmulatlarını xarici ölkə vətəndaşları ilə sövdələşərək ölkədən çıxarmaqda şübhəli bilinən Azərbaycan vətəndaşları - Fəxrəddin Allahverdiyev, Faiq Məmmədov, Ələkbər Rəhimov, Elsevər Hüseynov və Elçin Seyidov saxlanılıblar.

Saxlanılan şəxslərdən F.Allahverdiyev Cinayət Məcəlləsinin 206.3.2-ci (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), Ə.Rəhimov, F.Məmmədov və E.Hüseynov 206.3.2-ci (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 312.2-ci (Rüşvət vermə (aktiv rüşvətxorluq), vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə), E.Seyidov isə 206.3.2-ci (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 206.3.3-cü (Qaçaqmalçılıq, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) və 311.2-ci (Rüşvət alma (passiv rüşvətxorluq), vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddələri ilə ittiham olunurlar.

Qeyd edək ki, təqsirləndirilən şəxslərdən E.Seyidov Dövlət Gömrük Komitəsinin əməkdaşı olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR