“Təhsil qanunu” niyə dəyişdirilir: Xarici təhsilə maraq, yoxsa qəbul səviyyəsinin aşağılığı?

img

08-06-2017 [12:52]


Xəbər verdiyimiz kimi, iyunun 13-də "Təhsil haqqında” Qanuna dəyişiklik məsələsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Dəyişikliyə əsasən, universitetlərin nəzdində müvafiq hazırlıq kursları yaradılacaq və bu ödənişli hazırlıq kursları vasitəsilə bakalavr pilləsinə imtahan vermədən qəbul həyata keçiriləcək.

Məsələ ilə bağlı BakuPost.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, təklif olunan dəyişiklik cari il üçün nəzərdə tutulmayıb: "Ali məktəbələrə qəbulda islahatların aparılacağı gözlənilən idi. Bu məsələ bir neçə müddətdir ki, müzakirə olunur. Lakin hesab edirəm ki, təklif olunan dəyişiklik cari il üçün nəzərdə tutulmur. İlk növbədə ona görə ki, 2017-2018-ci tədris ili üçün Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrinə qəbul üçün rəsmi qəbul başlayıb.

Bundan əlavə, ali təhsil müəssisələrinin belə bir hazırlıq qruplarının yaradılması ilə bağlı hazırlığı başlamayıb.

İkinci tərəfdən isə, bu heç də azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil almağa getmələrinə maneə olmayacaq. Ona görə ki, hazırlıq qruplarında təhsil alan tələbələr 1 ildən sonra yenidən qəbul imtahanlarında iştirak edəcəklər və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali məktəblərə qəbul olacaqlar. Çünki hazırlıq qruplarında təhsil almaq hansına hüquqi qüvvəyə malik deyil. Bu, dünya təcrübəsində mövcud olan təcrübədir”.

K.Əsədov qanuna ediləcək dəyişikliyi zəruri edən amilin son illər ali məktəblərə qəbulun aşağı düşməsi olduğunu düşünür:"Bu addımın atılmasını zəruri edən amil kimi son illər universitetlərə qəbulun aşağı düşməsi və universitetlərin gəlirlərdən məhrum olması olduğunu düşünürəm. Lakin bir məsələni təkrar qeyd edim ki, ali təhsil müəssisələrinin abituriyent səviyyəsində hazırlıq keçmələri üçün maddi-texniki bazaları və avadanlıqları yoxdur. Çünki onlar akademik səviyyədə bakalavr, magistr təhsili üçün dərslik və tədris materiallarına sahibdirlər, abituriyentlər üçün isə onlar lazımlı deyil. Bundan başqa, bütün universitetlərdə ali məktəblərə qəbul üçün ixtisas qruplarının müəllim heyəti mövcud deyil”.

Ekspert hazırlıq qruplarında təhsil alacaq gənclərlə bağlı təklif də irəli sürüb:"Mən təklif edirəm ki, bu hazırlıq qruplarında təhsil alan tələbələr 1 il sonra qəbul imtahanlarında iştirak edib həmin universitetlərə qəbul olsalar, birinci kursdan yox, dərsə ikinci kursdan başlasınlar”.


Digər xəbərlər
SON XƏBƏRLƏR