“İstedadlı əllər”in işləri sərgiləndi

img

05-06-2017 [17:35]


Dünən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində Uşaqları Beynəlxalq Müdafiə gününə həsr edilmiş tədbirlərin davamı olaraq "Talant” Tədris Mərkəzinin Rəsm dərnəyinin tələbələrinin əl işlərindən ibarət sərgi keçirildi. 

 "İstedadlı əllər” adlanan bu sərginin əsas məqsədi uşaqların dünyaya baxışı, rəng duyumları, milli-mənəvi dəyərlərlə bağlı düşüncələri, eləcə də, uşaqlara qayğının və onların qorunmasının vacibliyini həmyaşıdlarına rəsmlər vasitəsi ilə nümayiş etdirmək idi. Sərgidə 5 yaşından 25 yaşına qədər 20 həvəskar rəssamın sulu boya, quaş və rəngli karandaşlarla işlənmiş 80-dan artıq əl işləri nümayiş etdirildi. Sərgilənən rəsmlər arasında portret və mənzərə janrı üstünlük təşkil edirdi. 

Kiçik rəssamların öz təxəyyülünü əks etdirən rəsm əsərləri xüsusi maraq doğururdu. Məsələn, 11 yaşlı Ayxan Poladın özünəməxsus tərzdə işlədiyi portret sərgidə ən çox baxılan rəsmlər sırasında idi. Balaca Helinin "Qız qalası”, Ayan və Ləman bacılarının rəngli mənzərə rəsmləri, Həcər, Günay və Fidanın ağ-qara portretləri, Ləmanın cizgi filmi qəhrəmanları, Lalə, Fatimə, Aydan, Nərmin və Nurayın natürmort janrında çəkilmiş rəsmləri, Məltəmin al-əlvan gülləri seyrçilərin ən çox bəyəndiyi rəsmlərdən idi. Sərginin maraqlı iştirakçılarından biri də 23 yaşlı Fəridə idi. O, ibtidai sinif müəlliməsidir. Şagirdlərinə daha praktik rəsm dərsi keçə bilməsi üçün "Talant” Tədris Mərkəzinin Rəsm dərnəyinə müraciət edən Fəridə Babayeva çıxışında artıq nəinki tələbələrində rəssamlıq bacarığının artdığını, özünün də bu sahəyə daha da həvəsləndiyini və rəssamlıqla daha ciddi məşğul olmaq istədiyini vurğuladı. 

 "Talant” Tədris Mərkəzinin Rəsm dərnəyinin rəhbəri Nihal Qüdrətli öz çıxışında qeyd etdi ki, bu onun tələbələrinin sayca ikinci sərgisidir. O, keçənilki ilk sərgidən sonra tələbələrinin rəssamlığa marağının daha da artdığını və növbəti sərgidən daha çox şey gözlədiyini vurğuladıb. "Sevdiyi məşğuliyyətin, zövq aldığı işin insanın istəkli sənətinə çevrilməsi, onunla bəlkə də həyatını qazanması böyük xoşbəxtlikdir” deyən Nihal müəllimə bu sahədə uşaqlarını dəstəklədiyi üçün hər bir valideynə təşəkkürünü bildirdi. Sonra "Talant” Tədris Mərkəzinin rəhbərlərindən Lalə Əliyeva, Gülzə Hüseynova, Rəsm dərnəyin tələbələri Fidan Əliyeva, Günay Abdullayeva və valideynlərdən Aynur Əsgərova sərgi ilə bağlı öz fikirlərini bölüşdülər. Sərginin sonunda daha çox fərqlənən və bəyənilən əl işlərinin müəlliflərinə həvəsləndirici diplomlar təqdim olundu.





Digər xəbərlər
SON XƏBƏRLƏR