Nazir Fikrət Məmmədov vətəndaşları qəbul etdi, tapşırıqlar verdi

img

26-05-2017 [17:14]


Bu gün ədliyyə naziri Fikrət Məmmədov Tovuz rayonu Olimpiya İdman Kompleksində Tovuz, Şəmkir, Gədəbəy və digər rayon və şəhərlərdən olan vətəndaşların qəbulunu keçirib.

Mia.az nazirliyə istinadən bildirir ki, qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Səfər zamanı ədliyyə naziri, həmçinin yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, bölgənin hakimləri və ədliyyə işçiləri ilə müşavirə keçirib.

Nazir ölkə Prezidentinin cari ilin fevralında imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamının müstəsna əhəmiyyətini vurğulayaraq, vətəndaşların azadlıq hüququnun qorunmasına daha məsuliyyətlə yanaşılmasını, habelə şəffaflığın, məhkəmə qərarlarının ədalətliliyinin və icrasının təmin olunmasının vacibliyini, eləcə də qərəzli yanaşmanın, korrupsiyaya şərait yaradan halların yolverilməzliyini qeyd edib, aidiyyəti tövsiyə və tapşırıqlar verib.

Eyni zamanda, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, rüşvətxorluğa, qanunsuz tələblərə və digər neqativ hallara son qoyulması, hər bir məmurun təvazökar olması ilə bağlı dövlət başçısının tələbləri diqqətə çatdırılaraq etik davranış qaydalarına dönmədən əməl olunması, vətəndaşlara daha həssas və qayğı ilə yanaşılması vurğulanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR