“Prezidentə dedim, sənin babanla nərd oynayan adamam..." - Şirməmməd Hüseynovdan maraqlı açıqlamalar

img

26-05-2017 [13:56]


"Əgər orda bircə cümlə varsa ki, 100 illik yubiley dövlət səviyyəsində qeyd olunsun, deməli, bu, dövlət bayramıdır. Rəsulzadə bu bayrağı parlamentin üstünə qaldırmışdı, İlham Əliyev də o bayrağı 162 metr yüksəkliyə qaldırdı”.

Mia.az bildirir ki, bu sözləri araşdırmaçı alim, dəyərli ziyalımız, jurnalistikamın ağsaqqalı Şirməmməd Hüseynov prezident İlham Əliyevin Xalq Cümhuriyyətimizin 100 illiyinin keçirilməsi barədə imzalanan sərəncamını "Yeni Müsavat” qəzetinə şərh edərkən bildirib.

Onun sözlərinə görə, dünyada sayı 100 milyondan çox olan xalqlar olsa da dövlətləri yoxdur:

 "Kürdləri görürsən nə oyunlar çıxarırlar? Yəhudiləri görürsən? Hindistanda millət var ki, 100 milyondur, dövləti yoxdur, a kişi! Çində 35 milyon uyğur var. Sən 10 milyon olacaqsan, müstəqil dövlətin var. Məhəmməd Əmin deyir ki, bir millət gərək əzmlə, iradə ilə, şövqlə yaşamağı bacarsın. Şövqlə yaşamayan millət bir şey yarada bilməz.  Biz bir az geniş düşünməliyik. Müstəqillik əldə etmişik. Amma bu müstəqilliyi idarə edənlər sovet dövründən qalanlardır. Müstəqillik dövrünün kadrları hələ təzə yetişir, 25 ildir. Mən Çingiz Aytmatovdan soruşdum ki, bizim Avropa səviyyəsində idarə olunmaq mexanizmi nə vaxt yaranacaq? Dedi, 5-6 nəsil sonra. Qardaş, Cümhuriyyət cavandır da. İran dövləti 2750 illiyini bayram elədi. Türklər 2085-ci ildə Türkiyə adlı dövlətin min illiyini bayram edəcəklər. Qardaş, gərək bunları başa düşəsən. Azərbaycan adlı dövlətimiz olmayıb axı. Bunlar yaratdılar. Olub Ağqoyunlular, Qaraqoyunlular. Bir də ki, gərək tullana biləcəyin məsafəni biləsən, ondan artığı barədə danışmayasan. Adamın boyundan yuxarı tullanması çətindir”.

Ş. Hüseynov AXC-nin 100 illiyinə hazırlaşdığını deyib:  "Mən Cümhuriyyətimizin 100 illiyinə 50 ildir hazırlaşıram. Məhəmməd Əminin 5 cildliyini hazırlayıb nəşr etdirmişəm. Üzeyir bəyin iki cildini buraxmışam. "İstiqlal”ı çap elədim. Budur bax, mənim 100 illiyə hədiyyəm”.

Şirməmməd Hüseynov prezident İlham Əliyevlə görüşü zamanı onunla arasında olan maraqlı söhbəti də açıqlayıb.

"Prezidentə dedim, mən bura gələndə fikirləşirdim ki, 57 il bundan qabaq sənin baban Əziz Əliyevlə nərd oynayan adamam, budur, kitabda da yazılıb. Həmin kitabda professor Cəfərov öz xatirəsini yazıb ki, mən axşam Əziz Əliyevgilə getdim. Məni içəri dəvət etdilər gördüm ki, Əziz Əliyev Şirməmməd Hüseynovla nərd oynayır. Dedim, məni bu görüşə çağıranda düşündüm ki, dünyanın işinə bax e, 57 il bundan qabaq mən nərd oynadığım kişinin nəvəsi prezident olub, mən də onunla görüşə gedirəm. Prezident də dedi ki, hələ mənimlə nərd oynamamısan”.

Ş. Hüseynov Cümhuriyyət qurucularının məzarlarının Azərbaycana gətirilməsi ilə bağlı müzakirələrə də toxunub: "Hər bir nəslin qarşısında elə vəzifələr var ki, o, birinci növbədədir. Bu saat Azərbaycan dövləti qarşısında duran bir nömrəli vəzifə Qarabağ məsələsidir. Yəni elə məsələlər var ki, qəbiristanlıq məsələsinin ortaya qoyulması vaxtı deyil. Bu saat biz Cümhuriyyət dövründən elə şeyləri tapmalıyıq ki, bu millətə faydası dəysin. Hər şeyin vaxtı var. Türk-İslam aləmində ilk parlamentin 100 illiyidir. Onun təcrübəsi bizə vacibdir, mən 3 cild yazıb qoymuşam. Bu Cümhuriyyətin memarı Müsavatdır. Müsavatı da Məmməd Əmin Rəsulzadə, onun məsləkdaşlarıdır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR