Şriftin ölçüsü / 199 dəfə oxunub

“Yarım” vurub “Laçınım” mahnısını oynamaqla ermənilərin dədəsini də yandırırıq

18 May 2017 [12:36]

Azərbaycanın Laçın rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 25 il keçir. 


1992-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələrinin Laçın rayonunu ələ keçirməsi ilə Dağlıq Qarabağ "de-fakto” Ermənistana birləşdirilib.


Lakin səbirli xalq olduğumuz üçün hələ dözə bilirik. Əsas odur ki, yadımızdan çıxmasın. Unutmamaq üçün hələ bir sıra işlər də görmüşük. Məsələn, "Laçın” adında restoranlarımız, kafelərimiz, asvtoservislərimiz də var. Hələ bu harasıdır ki?!! Arada bir toylarda "yarım” vurub "Laçınım” mahnısını oynamaqla ermənilərin dədəsini də yandırırıq.   


Qeyd edim ki, Laçın rayonu ərazicə böyük rayonlardan olsa da, onun əsas əhəmiyyəti Ermənistanla Dağlıq Qarabağ arasında koridor rolu oynaması idi. Erməni işğalı nəticəsində Laçında 1 şəhər, 1 qəsəbə və 120 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb. İşğal nəticəsində 64 min sakin məcburi köçkünə çevrilib.


Laçın rayonu mədəni- iqtisadi cəhətdən də işğal altıa düşüb, 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı, 40-a qədər mədəni və tarixi abidə, onlarla təhsil müəssisəsi hazırda işğal altındadır. İşğal nəticəsində 1835 kvadrat kilometr ərazisi olan Laçın rayonundakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib və ya erməniləşdirilib. Mühüm geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına, mədəniyyətinə, turzim və bir sıra strateji əhəmiyyətli sahələrə ciddi ziyan vurub. İşğalçılıq nəticəsində rayonun yüngül sənaye mərkəzləri, kənd təsərrüfatı sahələri yararsız hala salınıb. 


Ermənistan dövlətinin sözügedən işğal cinayətinə qarşı dünya dövlətlərinin hərəkətsiz cavabı səbəb oldu ki, Laçın rayonu işğal edildikdən sonra bütün Qarabağ ətrafı rayonlar işğal olunsun.


Beynəlxalq təşkilatlar, sülh-demokratiya carçılığından dəm vuran Qərb dünyası, qardaşlıqdan danışan müsəlman aləmi hələ də özünü görməzliyə vurur, bununla da, dolayısı yolla erməni işğalına dəstək verirlər. Dünya ailə-uşaq institutları, müvafiq beynəlxalq təşkilatlar, bəlkə, aşağıdakı statistik rəqəmlər sizin daş vicdanınızı oyadar: "Laçın rayonunun ermənilər tərəfindən işğalı nəticəsində 1 yaşdan 16 yaşadək 24374 uşaqdan 18-i şəhid, 225 nəfəri əlil olub, 31 uşaq isə hər iki valideynini itirib.”

Vüsal Hətəmov

Yeni Nəbz



SON XƏBƏRLƏR