Laçın rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsindən 25 il ötür...

img

17-05-2017 [16:23]


Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsindən 25 il ötür.

Azərtac xəbər verir ki, bununla bağlı laçınlı məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində ümumrayon anma mərasimi keçirilib.

Rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və şəhid ailələri, ağsaqqallar, gənclər qəsəbədə ucaldılmış xatirə Abidə-Kompleksinin önünə gül-çiçək dəstələri düzərək, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər. Respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasim iştirakçıları Laçının təbiətini, tarixi abidələrini, işğaldan əvvəlki və sonrakı görüntülərini, laçınlı məcburi köçkünlərə dövlət qayğısını əks etdirən fotostendlərlə tanış olublar.

Laçınlı məcburi köçkünlər Prezident İlham Əliyevin münaqişənin həlli ilə bağlı aparılan danışıqlardakı mövqeyini dəstəklədiklərini, eyni zamanda, işğal altındakı torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmri ilə erməni faşistlərinə qarşı silaha sarılmağa hər an hazır olduqlarını bildiriblər.

Xatırladaq ki, 1992-ci il mayın 18-də erməni hərbi birləşmələri 1835 kvadratkilometr ərazisi olan Laçın rayonunu – bir şəhər, bir qəsəbə və 125 kəndi işğal edib, bu yerlərin 60 min nəfərə yaxın sakinini doğma torpağından didərgin salıblar. Müharibə zamanı 267 nəfər laçınlı şəhid olub, 66 nəfər girov götürülüb, 120 nəfər sağlamlığını itirib, yüzlərlə uşaq yetim qalıb. İşğal nəticəsində rayondakı 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat müəssisəsi və müxtəlif təyinatlı istehsal müəssisələri, 13 min 745 ev talan və məhv edilib, 250-dən çox tarixi abidə erməni vandalizminə məruz qalıb. İctimai və şəxsi təsərrüfatlardakı 25 min baş iribuynuzlu və 200 min başdan çox davar, minlərlə arı ailəsi, əhalinin bütün varidatı işğal zonasında qalaraq qarət edilib. Ümumilikdə, işğal nəticəsində Laçın rayonuna 7,1 milyard ABŞ dollarından çox ziyan dəyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR