Şriftin ölçüsü / 157 dəfə oxunub

San Dieqoda geniş konsert keçirilib - İcra başçısı çıxış edib

12 May 2017 [01:24]
Nəsimi rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə Kaliforniyanın San Dieqo şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə geniş konsert keçirilib

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar ABŞ-ın Kaliforniya ştatında silsilə şəklində keçirilən təntənəli tədbirlər may ayının 10-da statin ikinci ən böyük şəhəri olan San Dieqo şəhərində davam etdirilib.

Nəsimi rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə San Dieqonun ən tanınmış və qədim incəsənət mərkəzlərindən hesab olunan Balboa Teatrında keçirilmiş konsertə 1300 nəfərdən çox şəhər sakini tamaşa edib.

Bu nəhəng tədbirdə incəsənət ustalarımız tərəfindən milli musiqi və rəqslərimizdən əvəsiz nümunələrin səsləndirilməsi və nümayişi geniş tamaşaçı kütləsi tərəfindən böyük rəğbət və ayaqüstü alqışlarla qarşılanıb.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış etmişlər.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlət quruculuğunda göstərdiyi müstəsna tarixi xidmətlər barədə danışaraq qeyd edib ki, dahi dövlət xadimi Heydər Əliyev 1993-cü ildə xalqın israrlı çağırışlarından sonra Bakıya qayıtmış, qısa müddət ərzində ölkədə sabitliyin yaradılmasına nail olaraq və önəmli siyasi və iqtisadi islahatlara, eləcə də milli maraqlarımıza əsaslanan xarici siyasətin həyata keçirilməsinə start verərək, çağdaş Azərbaycanın sürətli inkişafının əsasını qoyub.

Ümummilli Liderin Azərbaycanın inkişafı strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və nəticədə, ölkəmiz bütün sahələrdə günü-gündən daha da qüdrətlənir, həm bölgədə, həm də bütün dünyada nüfuzlu dövlət kimi qəbul olunur. Ulu Öndərin müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyəti özünün əzəmətli ifadəsini öncə ölkəmizin və xalqımızın nicata qovuşmasında, geniş mənada isə, müasir dövlət quruculuğu siyasətinin həyatımızın bütün sahə və istiqamətlərini əhatə etməsində tapıb.

A.Əsgərov qeyd edib: "İyirmi beş ildən artıqdır ki, Azərbaycan xalqı ictimai-siyasi, sosial-iqtisadi həyatın yeni bir dövrünü-müstəqillik dövrünü yaşayır. Bu dövr ərzində ölkəmiz dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr isə ölkəmizin qüdrətini daha da artırmaqdadır”.

Tədbirdə çıxış edən San Dieqo Vilayətinin Nəzarətçilər Şurasının üzvü Ron Roberts belə bir gözəl mədəniyyət gecəsinin təşkilinə görə təşəkkürünü bildirib. O, Azərbaycanın inkişafını və güclənməsini son illərdə yaxından izlədiyini qeyd edərək,
Bakı ilə San Dieqo arasındakı münasibətlərinin getdikcə daha da sıxlaşmasından məmnun olduğunu diqqətə çatdırıb. R.Roberts çıxışının sonunda 10 mayın San Dieqo Vilayətində "Azərbaycan Musiqisi Günü” elan edilməsinə dair bəyannaməni təqdim edib.

Sonra Heydər Əliyevin ömür yolunu əks etdirən video-material tamaşaçıların diqqətinə təqdim olunub.
Daha sonra konsert proqramı başlayıb. Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, professor Siyavuş Kəriminin rəhbərliyi altında nümayiş etdirilən proqramda Azərbaycan musiqisinin müxtəlif janrları təqdim olunub. Xalq artistləri Mənsum İbrahimov, Samir Cəfərov, Azər Zeynalov, əməkdar artist Aygün Zeynalova, gənc müğənni Arzu Əliyeva, əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Şirzad Fətəliyev (nəfəsli alətlər), tanınmış ifaçılar Aydın Əliyev (qarmon), Elşən Qasımov (nağara) və Nərgiz Əliyeva (royal) tərəfindən yüksək məharətlə ifa edilən rəngarəng mahnı və muğam təsnifləri, simfonik musiqi əsərləri, ariyalar, eləcə də gənc rəqqasə Röyalə Əliyevanın təqdim etdiyi müxtəlif xalq rəqslərimiz bütün tamaşaçıları valeh edib.
Həmçinin, Qara Qarayevin "Yeddi Gözəl” baletindən valsın Kaliforniyanın San Dieqo Baleti tərəfindən ifası böyük maraq doğurub.
Konsert tamaşaçıların ayaqüstü və gurultulu alqışları ilə qarşılanıb.

Konsertdən sonra San Dieqonun siyasi-ictimai xadimlərinin, eləcə də San Dieqoda yaşayan Azərbaycan diasporu və digər dost icmaların aparıcı təmsilçilərinin iştirakı ilə geniş qəbul –ziyafət keçirilib.





SON XƏBƏRLƏR