Şriftin ölçüsü / 747 dəfə oxunub

Azərbaycan kommunistləri 9 mayı qeyd etdi

10 May 2017 [14:29]
İkinci dünya müharibəsində Alman faşizmi üzərində qələbənin 72-ci ildönümü münasibəti ilə Azərbaycan kommunistləri Sovet İttifaqı Qəhramanı Mehdi Hüseynzadənin Bakı şəhərində ucaldılmış abidəsi önünə gələrək, onu ziyarət etmiş, abidənin önünə əklil və tər qərənfil dəstələri qoyublar. 

Mia.az xəbər verir ki, tədbirdə KPİ-Sov. İKP İK MŞ-nın üzvü, AKP MK-nın sədri Rauf Qurbanov qələbənin əldə olunmasında əvəzolunmaz rolu olan həm ön, həm arxa cəbhə müharibə veteranlarını bu böyük qələbə münasibətilə təbrik etmiş, Qələbə gününün onilliklər boyunca müqəddəs bir bayram olduğunu qeyd edib. O, öz nitqində söyləmişdir ki, məhz bu günün sayəsində Sovet İttifaqının xalqları faşizm köləliyindən xilas olub, bir çox Avropa və Asiya ölkələri öz müstəqilliyini əldə etmişdilər. Veteranların qəhrəmanlıqlarından söz açan partiya sədri, tədbir iştirakçılarının nəzərinə aşağıdakıları çatdırmışdır: "İllər keçir, amma qəhrəmanlarımızın cəsur əməlləri sönmür. Tarixə daha diqqətlə nəzər saldıqda biz milyonlarla insanın həyatını alt-üst edən yeni-yeni faktlar aşkarlayırıq. Biz, bu gün, sülh dövründə, böyük hörmət və ehtiramla Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızı yad edirik. Məhz onların əldə etdikləri böyük qələbə sayəsində indi bizlər dinc yaşayır, övladlarımızı tərbiyə edir, gələcək üçün planlar qurur, sabahımız haqqında rahat düşünürük. Biz heç vaxt qələbə üçün ödənilən o, yüksək qiyməti unutmamalı, onu nəsillərdən nəsillərə ötürməliyik".

Tədbirdə qonaq qismində RFKP-nın üzvü, Rusiya Federasiyası Udmurtiya Respublikası İjevsk şəhəri Pervomaysk RPK-nin birinci katibi, Sarapul rayon Deputatlar Şurasında RFKP fraksiyasının sədri Elgiz Hacıyev də iştirak etmişdir. Qonaq tədbir iştirakçılarını Udmurtiya kommunistləri adından salamlamış və onları qələbə bayramı münasibəti ilə təbrik edib.

Daha sonra partiya işində aktiv fəaliyyətlərinə görə bir sıra yoldaşlar RFKP MK-nın təsis etdiyi xatirə medalları ilə təltif olunmuşlar. Mərasimin sonunda tədbir iştirakçıları xatirə şəkilləri çəkdirmişlər. Bununla da qələbənin 72-ci ildönümünə həsr olunmuş təntənəli tədbir öz işini başa çatdırıb.

Silsilə tədbirlər Azərbaycan Kommunist Partiyasının fəaliyyətdə olan bütün rayon-şəhər təşkilatlarında da keçirilib.





SON XƏBƏRLƏR