Los-Ancelesdə erməni lobbisinin təxribatçı hərəkətləri uğursuzluqla nəticələnib - Konsulluq

img

09-05-2017 [11:38]


Xəbər verdiyimiz kimi, ABŞ-ın Los-Anceles şəhərində ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar geniş konsert keçirilib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşkilatçılığı və Bakı şəhəri, Nəsimi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Los-Ancelesin Orfeum Teatrında təşkil olunan konserti 2 minə yaxın amerikalı tamaşaçı alqışlarla qarşılayıb.

Bu barədə Mia.az-a Baş Konsulluqdan məlumat verilib.

Baş konsul Nəsimi Ağayev konsertdən əvvəl çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlət quruculuğunda göstərdiyi tarixi xidmətlərdən danışıb. O qeyd edib ki, Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbindən sonra Bakıya qayıdıb, qısa müddətdə ölkədə sabitliyin yaradılmasına nail olub, önəmli siyasi, iqtisadi islahatlara, milli maraqlarımıza əsaslanan xarici siyasətin həyata keçirilməsinə start verib, çağdaş Azərbaycanın sürətli inkişafının əsasını qoyub. Ulu Öndərin əsasını qoyduğu inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov tədbirdə çıxış edərək bildirib ki, Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyəti özünün əzəmətli ifadəsini öncə ölkəmizin və xalqımızın nicata qovuşmasında, geniş mənada isə müasir dövlət quruculuğu siyasətinin həyatımızın bütün sahə və istiqamətlərini əhatə etməsində tapıb.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu tərəfindən hazırlanan və Heydər Əliyevin ömür yolunu əks etdirən film təqdim olunandan sonra konsert proqramı başlayıb. Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti, professor Siyavuş Kəriminin rəhbərliyi ilə nümayiş etdirilən proqramda Azərbaycan musiqisinin müxtəlif janrları təqdim olunub. Xalq artistləri Mənsum İbrahimov, Samir Cəfərov, Azər Zeynalov, Əməkdar Artist Aygün Zeynalova, gənc müğənni Arzu Əliyeva, Əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Şirzad Fətəliyev (nəfəsli alətlər), tanınmış ifaçılar Aydın Əliyev (qarmon), Elşən Qasımov (nağara) və Nərgiz Əliyeva (royal) tərəfindən yüksək məharətlə ifa edilən rəngarəng mahnı və muğam təsnifləri, simfonik musiqi əsərləri, ariyalar, eləcə də gənc rəqqasə Röyalə Əliyevanın təqdim etdiyi rəqslər tamaşaçıların marağına səbəb olub.

Qara Qarayevin "Yeddi gözəl” baletindən valsın Kaliforniyanın San-Dieqo Baleti tərəfindən ifası da böyük maraq doğurub.

Qeyd edək ki, Los-Ancelesdəki radikal və aqressiv erməni lobbisi tədbirdən öncə müxtəlif vasitələrlə konsertin keçirilməsinə mane olmağa çalışıb. Məqsədlərinə nail olmadıqlarını görən erməni lobbi təşkilatları tədbir günü Orfeum Teatrının qarşısında etiraz aksiyası keçirib. Ancaq tamaşaçılar etiraz aksiyasına etinasızlıq göstəriblər və erməni lobbisi növbəti uğursuzluqla üzləşib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR