Şriftin ölçüsü / 177 dəfə oxunub

İqtisadiyyat Nazirliyi media nümayəndələrini mükafatlandırıb - Tədbir

06 May 2017 [15:57]
Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar tədbiri keçirilib.

"Azərlotereya" ASC-nin və Bakı Biznes Mərkəzinin dəstəyi ilə keçirilmiş tədbirdə rəsmi şəxslər və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib. İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov müasir Azərbaycanın memarı Heydər Əliyevin ölkəmizin inkişafı üçün gördüyü mühüm işlərdən geniş bəhs edib, bu dahi şəxsiyyətin dövlətçiliyimizin möhkəmləndirilməsində və iqtisadiyyatımızın inkişafında əvəzsiz xidmətlərindən danışıb.

Vurğulanıb ki, Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edən Heydər Əliyev ölkəni xaos və böhrandan qurtarıb, vətəndaş müharibəsinin qarşısını alıb, atəşkəsə nail olub, ölkədə siyasi sabitlik yaradıb. Qeyd olunub ki, Heydər Əliyevin siyasi kursu prezident İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla davam etdirilir, dünyada layiqli yerini tutmuş və regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmiş Azərbaycan inkişaf edir, siyasi sabitliyi, tolerantlığı, özünəməxsus iqtisadi inkişafı ilə seçilir.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, mətbuatın inkişafına da böyük diqqət və qayğı göstərdiyini vurğulayıb.

Sonra Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar İqtisadiyyat Nazirliyinin Azərbaycan Mətbuat Şurası ilə birlikdə KİV nümayəndələri arasında təşkil etdiyi "Heydər Əliyev və iqtisadi islahatlar" mövzusunda yaradıcılıq müsabiqəsinin nəticələri açıqlanıb. 

Qeyd edilib ki, İqtisadiyyat Nazirliyi tərəfindən belə müsabiqələr ənənəvi olaraq hər il keçirilir. Bu ilki müsabiqəyə 46 KİV tərəfindən 84 material təqdim edilib. 

Təqdim edilmiş materiallar İqtisadiyyat Nazirliyində yaradılmış və Azərbaycan Mətbuat Şurasının da təmsil olunduğu Müsabiqə Komissiyası tərəfindən qiymətləndirilib və qaliblər müəyyən edilib. Tədbirdə qaliblər elan olunub, onlara diplomlar və mükafatlar təqdim edilib. Ümumiyyətlə, bütün müsabiqə iştirakçıları diplomlarla təltif olunub, onlara mükafatlar verilib.

Sonda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş İqtisadiyyat Nazirliyinin əməkdaşlarına YAP-ın vəsiqələri təqdim olunub.



SON XƏBƏRLƏR