XALÇA MÜQƏDDƏSDİR, ONUN HƏR BİR NAXIŞINDA BİR TARİX YAŞAYIR

img

30-04-2017 [16:08]


Hər il may ayının 5-i respublikamızda "Xalçaçı günü” kimi qeyd olunur. Bu, Fazil Abasquluzadə üçün iki qat bayramdır. Axı, o, gözəl sənətkar, mahir xalça ustası, istedadlı rəssamdır. Onu respublikada tanımayan az tapılar. Bu peşə bayramı ərəfəsində bir qələm sahibi kimi, ondan yazı yazmaq qərarına gəldim. Onu da deyim ki, özünün bundan xəbəri yoxdur.

Azərbaycanın milli sərvətlərindən biri də onun xalçalarıdır. Mən bu sahədə çalışanları millətimizin fədakarı, vətənpərvəri adlandırıram. Biz jurnalistlər Azərbaycan tarixini qələmlə yazırıqsa, onlar bu tarixi xalçalara köçürürlər. Fazil Abbasquluzadə kimi. Bu insan sənətinin vurğunudur, cəfakeşidir, desəm yanılmaram. Bir dəfə yazıçı dostum Arif Ərşadla söhbətimiz Fazil haqqında düşdü. Dostuma bir neçə sual verdim:

-İnsanda sənətinə bu qədər məhəbbət hardandır?

Arif ani olaraq sükuta daldı, sonra təmkinlə suallarıma cavab verməyə başladı.

-Fazil bu sənətsiz yaşaya bilməz, onu yaxından tanıdığım üçün deyirəm. Xalçaçılıq onun həyatı, amalı, arzuları, ümidləridir.

-Fazilin yaratdığı hər bir əsər hansısa bir ölkədə dövlət başçılarına hədiyyə veriləndə şəxsən mən bir azərbaycanlı kimi qürur duyuram. Görəsən, həmin an onun özü hansı hissləri keçirir?

Bir dəfə ona belə bir sual vermişdim. Belə cavab verdi ki, "əsərlərim hədiyyə kimi yüksək səviyyədə təqdim olunanda sanki başımın üzərində üçrəngli Azərbaycan bayrağının dalğalandığını hiss edirəm. Bu mənə var-dövlətdən də, şan-şöhrətdən də qiymətlidir”. Bir məsələyə toxunmaq istəyirəm. Fazil zəhmətkeş, fədakar, işgüzar adamdır. Çox məhsuldar işləyir. Gecəsi-gündüzü yoxdur. Hər bir əsər onun övladıdır. "Övlada isə fərq qoymaq olmaz”. Bu, Fazilin sözləridir, – deyə Arif sözünə yekun vurdu.

Fazil Abasquluzadənin yaradıcılıq potensialı böyükdür. 30 ildən artıqdır ki, bu gözəl, əhəmiyyətli və incə sənətin sahibidir. Respublikanın əməkdar mədəniyyət işçisidir. Respublika Rəssamlar İttifaqının, Beynəlxalq Rəssamlar fondunun üzvüdür. Onun toxuduğu xalçalar ayrı-ayrı zaman kəsiyində Ulu öndər Heydər Əliyevin vasitəsilə Amerikanın, Türkiyənin, Gürcüstanın, Ukraynanın sabiq prezidentləri Bil Klintona, Süleyman Dəmirələ, Eduard Şevardnadzeyə, Leonid Kuçmaya hədiyyə edilmişdir. O, SSRİ xalq rəssamı Tahir Salahovun 50-dən çox rəsm əsərlərini xalçalara köçürmüşdür. Həmin əsərlər Almaniyada, Fransada, Rusiyada, Portuqaliyada, İtaliyada və bir çox başqa ölkələrin sərgi salonlarında nümayiş etdirilmişdir. Bu, Fazilin uğurlarıdır. Buna ancaq sevinmək olar.

Burada bir epizodu xatırlamaq istəyirəm. Bacım Balidə Məmmədova Mockva şəhərində yaşayır. O, Azərbaycan milli məktəbinin direktorudur. Yay aylarında istirahət etmək üçün öz doğma şəhəri Sumqayıta gəlir. Bir gün mənə dedi ki, Almaniyada səfərdə olanda Tahir Salahovun rəsm əsərləri ilə yanaşı, xalçalara köçürülmüş nümunələrə də rast gəldik. Məndən soruşdu ki, "ay Eyruz, Fazil Abasquluzadə kimdir, tanıyırsan?” Cavab verdim ki, "bəli tanıyıram. Xalçaçılıq sənətinin mahir və gözəl rəssamlarından biridir. Niyə soruşursan?” Bacım cavab verdi ki, "həmin əsərlərə heyran qaldıq. Almanların heyrətini görəndə həm Tahir Salahova, həm də Fazil Abasquliuzadəyə görə qürur hissi keçirdim”.

Mənə elə gəlir ki, bundan yüksək qiymət ola bilməz.

Yuxarıda qeyd etmişdim ki, bu məqaləni Fazildən xəbərsiz yazmışam. Ona görə də qiyabi də olsa, onunla müsahibə aparmaq fikrinə düşdüm. Bunun üçün onun yaradıcılığı ilə dərindən maraqlandım. Toxuduğu xalçalara baxdım, sənətsevərlərlə ünsiyyət yaratdım, fikirlərini öyrəndim. Kifayət qədər material topladıqdan və özümdə tam arxayınçılıq hiss etdikdən sonra qərarımı qətiləşdirdim. Əvvəl onu təbrik etmək qərarına gəldim.

-Fazil müəllim, "Xalçaçı günü” münasibətilə Sizi təbrik edirəm.

-Sağ olun.

-Azərbaycan xalçaçılığın qədim tarixi var. Bu haqda tarixçi-alim Herodotun əsərlərində də rast gəlmək olar. Bu haqda qısa məlumat verməyinizi istərdim.

-Azərbaycan xalçaçılıq sənətinin inkişafı Sasanilər dövründən başlanır. Həmin dövrdə çox vaxt ipəkdən və qızıl-gümüş saplardan nəfis şəkildə xalçalar toxunurdu. Bu sənət getdikcə təkmilləşdi. İndi bizim xalçalar Amerikanın, Avstriyanın, İngiltərənin, Misirin, Almaniyanın, Rusiyanın, Türkiyənin sərgi salonlarını və muzeylərini bəzəyir. Bu bizim milli sərvətmizdir. Bununla ancaq fəxr etmək olar.

-Bəzi qərb rəssamlarının əsərlərində, miniatürlərində bizim xalçalar da təsvir olunur, doğrudurmu?

-Bəli. Bir neçə misal çəkim. XV əsrdə Niderland rəssamlarından Nans Memlinqin "Məryəm öz körpəsi ilə” tablosunda Şirvan xalçası, Van Eykun "Müqəddəs Məryəm” əsərində "Zeyvə” xalçası, Alman rəssamı Hans Holbeynin "Səfirlər” (XV əsr) əsərində Qazax xalçası təsvir olunmuşdur. Ümumiyyətlə, Azərbaycanın Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ, Təbriz xalçaları dünyada öz gözəlliyinə, milli ornamentlərinə, rəng boyalarına görə çox məşhurdur.

-Azərbaycan xalçaçılığın inkişafında Lətif Kərimovun əməyi böyük olub.

-Doğru buyurursunuz. Onun əməyi danılmazdır. Lətif müəllim böyük şəxsiyyət idi. Onun yaradıcılığı bir məktəb, bir universitetdir desəm, yanılmaram. L.Kərimovun 1986-cı ildə Londanda yüzdən çox əsərinin fərdi sərgisi açılmışdı. Əsərləri arasında "Bəndi-Rumi”, "Xətai”, "Əsrlərin nəğməsi” və s. göstərmək olar. Azərbaycanda "Xalçaçılıq və xalq tətbiqi sənəti” dövlət muzeyinin onun adına verilməsi Lətif Kərimovun həqiqətən böyük bir şəxsiyyət olduğunu sübut edir. Onu da qeyd edim ki, Azərbaycan xalça muzeyi dünyada ilk muzey sayılır. Bununla ancaq öyünmək olar.

-Əsərlərinizin cöğrafiyası böyükdür. Xarici ölkələrdə nümayiş olunmasını demək istəyirdim.

-Elədir. Bu gün mənim və mənimlə çiyin-çiyinə çalışanları əl işləri dünyanın 28 ölkəsində müxtəlif sərgi salonlarında və muzeylərində nümayiş etdirilib.

-Bir çox dövlət başçılarının şəkillərini zərif və çox nəfis şəkildə xalçaların üzərində görmüşük. Bəs respublikanın hansı tarixi şəxsiyyətlərini misal gətirə bilərsiniz?

-Məmnuniyyətlə. Ulu öndər Heydər Əliyev, Akademik Zərifə Əliyeva, Məhəmməd Hüseyn Şəhriyar, Məhəmməd Füzuli, Nizami Gəncəvi, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub və sair.

-Sumqayıtda müəllimlər, həkimlər, jurnalistlər, dərzilər, saatsazlar sülaləsinə rast gəlinir. Estafet təcrübəli əllərdən gənclərə ötürülür. Ailə üzvlərinizdən sənətinizi davam etdirən varmı?

-Bəli, var. Oğlanlarım Tural və Niyad mənim sənətimin davamçılarıdır. İnanıram ki, estafet etibarlı əllərdədir.

-Xalça fərdi əməyin məhsulu deyil. Bu kollektivin birgə əməyidir. Xalçaçılardan kimin zəhmətini qiymətləndirmək istərdiniz?

-Doğru buyurursunuz ki, xalçaçılıq kollektiv əməyin məhsuludur. Bu haqda geniş məlumat verə bilərəm. Bununla belə, vaxtınızı çox almaq istəmirəm. 30 il ərzində mənimlə çiyin-çiyinə çalışanların adlarını iftixarla çəkə bilərəm.İSMAYILLI, LAHICxalçaçılıq məktəbinin yetirmələrindən Bəstini, Gülnazı, Həcəri, Zümrüdü, Həliməni, Mehparəni, Mələyi, İradəni, Rəmziyyəni, Gülzamanı, Almazı, Zəkəriyyəni, Bənövşəni, Şahnazı, Südabəni, Əsvəni, Sonanı,QUBAxalçaçılıq məktəbinin yetirmələrindən Leylanı, Müqəddəsi, Rəsmiyyəni, Leysanı, Aybənizi, Sarıteli, Validəni, Məlahəti xüsuilə qeyd etmək istərdim. Onların yaratdıqları sənət əsərləri dünyanın 30 ölkəsində nümayiş etdirilib.

-Bir qələm sahibi ilə söhbətim olub. Deyir, mən yorulanda, Azərbaycan klassik şairlərinin bir neçə rübaisini oxuyandan sonra özümdə rahatlıq tapıram. Siz necə, rahatlığı nədə tapırsınız?

-Mən də poeziya vurğunuyam. Bununla belə, hər bir xalçanı toxuyub başa çatdırandan sonra özümü rahat hiss edirəm. Ona görə yox ki, çiynimdən yük götürülür, xeyir, fikirləşəndə ki, öz əməyinlə kimisə sevindirə bilmisən, bax onda ovqatım həmişə xoş olur.

-Bilirik ki, xalça toxumaq asan başa gəlmir. Bunun üçün ideya tapılmalı, mövzu seçilməli, əsərin ana xətti müəyyənləşməlidir. Bunlarla yanaşı, maddi vəsait də tələb olunur. Sizdə vəziyyət necədir?

-Hər bir mövzu kollektiv tərəfindən müzakirə olunur. Müxtəlif rəylər irəli sürülür. Sağlam fikirləri qəbul edir və onun üzərində iş qurmağa başlayırıq. Bu, bizim iş üslubumuzun əsas şərtləridir. Onu da demək istəyirəm ki, milli xalq sənətimiz olan xalçaçılıq sənətinə dövlət tərəfindən diqqət və qayğı gərəkdir. Biz öz işimizdən zövq alırıq. Onun nəticələrini görəndə isə ikiqat sevinirik.

-Yaxın gələcəkdə bizi nə ilə sevindirəcəksiniz? Demək istəyirəm ki, hal-hazırda hansı əsər üzərində çalışırsınız?

-Yaradıçılığım davamlıdır. Azərbaycanın tanınmış şairi Musa Yaqubun yaradıcılığına həsr olunmuş "Bu dünyanın qara daşı göyərməz” adlı əsər üzərində işləyirəm. Azərbaycanın digər hörmətli və sevimli şairi Ramiz Rövçənə aid eskizlər demək olar ki, hazırdır. Bilirsiniz ki, Qarabağ bizim yaralı yerimizdir. Bu mövzuya da toxunmuşam. Tariximizlə bağlı yeni əsər üzərində işimi davam etdirirəm.

-Sizi tez-tez ədəbi məclislərdə görmək olar. Bu nədir, maraq, yoxsa tələbat?

-Ədəbiyyat vurğunuyam. Görüşlərdə iştirak etməyim ədəbi mühitdə olan yeniliklərlə tanış olmaqdır, üstəgəl mənəvi qida alıram, zənginləşirəm.

Müsahibəni burada bitirirəm. Bilmirəm, Fazil qardaşın tələblərinə və baxışlarına uyğun gəldi, ya yox, bunu yalnız özü deyə bilər.

Evimdə zəngin kitabxanam var. Divardan Nizami Gəncəvinin şəkili olan böyük bir xalça asılıb. Gəncədə toxunulub. Hər dəfə ona baxanda böyük dahi şairin aşağıdakı misraları yadıma düşür:

Xidmət etmək sayılır kişilikdən nişana,

Xalqına xidmət etmək bir şərəfdir insana.

Fazil Abasquluzadə xalqına xidmət edən mahir xalça ustasıdır. Mən deyərdim, təkçə xalça ustası deyil. O, həm tarixçi, həm rəssam, xalqını, millətini sevən vətənpərvər, cafakeş və səmimi bir insandır. Belə bir insanla ünsiyyətdə olanda sənətinə olan vurğunluğunun canlı şahidi olursan. Fazil hər bir əsərini yaradarkən sanki onun nəfəsini duyur, hiss edir. İstədiyini alanda duyğulanır, qanadlanır, daha böyük və möhtəşəm əsərlər yaratmaq istəyir. Bu gözəl bir istəkdir, arzudur. İstəklər və arzular gerçəkləşəndə isə insan həyatının şirinliyini və gözəlliyini daha dərindən dərk etməyə başlayır. Mənə elə gəlir ki, Fazil Abasquluzadəni yaşadan da budur. Bu şərəfli və əhəmiyyətli işdə böyük xalça ustası Fazil qardaşıma yeni-yeni yaradıcılıq uğurları diləyirəm.

Eyruz Məmmədov,

Respublikanın əməkdar jurnalisti

Birlik.az

(xüsusi olaraq birlik.az saytı üçün)

Sosial şəbəkələrdə paylaş:


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub