Beytulla Hüseynovun qardaşı əmlak davasına qalxdı, özü isə Əli Abbasovu hədəfə aldı - Rabitəçilərdən etiraz

img

28-04-2017 [14:38]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Emin Məmmədovun vəkili çıxış edərək Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin məktubunu elan edib. O bildirib ki, təqsirləndirilən Emin Məmmədov, Namazalı Məmmədov və Səhrab Hümbətov Rabitə Nazirliyinə vurulmuş maddi ziyanı tam olaraq ödəyiblər.

Hakim bildirib ki, hazırda mülki iddiaçının nümayəndəsi prosesdə iştirak etmədiyidn buna münasibət bildirmək olmaz: "Nazirliyinin nünayəndəsi gələr, bu məsələyə arayış verər".

Daha sonra hakim bildirib ki, Beytulla Hüseynovun qardaşı Ramiz Hüseynov məhkəməyə məktubla müraciət edib. O, məktubda qeyd edib ki, qardaşı Beytulıa Hüseynov əmlaklarına həbs qoyulan zaman onun da mülkinə həbs qoyublar:

"Şamaxıda ev, Nizami rayonunda yerləşən torpaq sahəmə qardaşıma görə həbs qoyulub. Halbuki, həmin mülklərin Beytulla Hüseynova heç bir dəxli yoxdur. Ona görə xahiş edirəm, həmin mülklərdən həbs götürülsün".

İclasda çıxış edən V. Zeynalovun vəkili Ceyhun Yusifov bildirib ki, ittihamın mahiyyəti onlara aydın deyil: "İttihamı 74 dəfə oxumuşam. 1-ci səhifədə yazılan məbləği 4-cü səhifədə özləri təkzib ediblər. Vidadi Zeynalov paket alan olub, paket verən yox".

Anar Mustafayevin vəkili Gülşən Salmanova isə çıxış edərək deyib ki, ittihamda məbləğ şişirdilib: "Anar Mustafayevə 867 min manatlıq ittiham verilib. Başa düşmürəm ki, bu məbləğ hardan çıxıb. Ekspertiza keçirilməlidir ki, bu məsələlər araşdırılsın".

Təqsirləndirilən Bakı Telefon Rabitəsi İstehslat Birliyinin sabiq rəisi Beytulla Hüseynov da çıxış edib. 

O çıxışında bildirib ki, istintaq zamanı verdiyi ifadələr təhrif olunub: "Mən danışdıqlarımı yox, özləri istəyənləri bura yazıblar. Səmimi deyirəm, mənə 10 milyon mənimsəmə yazıblar. Oturaq, mənə bu məbləği sübut eləsinlər, mən həmin dəymiş ziyanı ödəyim. Rəqəmləri elə şişirdiblər ki, sanki nazir mən olmuşam".

Bütün vəkillər ekspertiza keçirilməsi ilə bağlı vəsatəti dəstəkləyiblər. Prokuror Fərid Nağıyev isə ekspertiza keçirilməsi ilə bağlə vəsatətin təmin olunmamasını istəyib. Məhkəmə ekspertiza ilə bağlı vəsatətləri təmin etməyib.

Vidadi Zeynalovun vəkili Bəylər Məmişov çıxış edib.

O bildirib ki, Vidadi Zeynalovla bağlı ittiham 74 səhifədən və bir cümlədən ibarətdir: "Sonda 7 milyon, 10 milyon və 153 milyon kimi ittihamlar səsləndirilir. Bunların hansı Vidadi Zeynalova aiddir? Hansı ziyanı ödəsin, hara ödəsin?Dövlət ittihamçısı hesablasın, yekun məbləğ çıxarsın".

İclasda hakim Vidadi Zeynalova ifadə verməyi təklif edib.

Vidadi Zeynalov təzyiqi olmasını əsas gətirib və ifadə vermək üçün vaxt verilməsini istəyib.

İclasda çıxış edən Anar Mustafayev isə bildirib ki, Maliyyə Nazirliyi 153 milyon ziyanla bağlı akt yazıb: "Niyə gəlmirlər, onlara suallarım var. 20 gün ərzində 84 müəssisəsini yoxlayıblar. 4 müəssisədə 154 adda məhsulun yoxlanması ilə bağlı akt var. Bu fiziki cəhətdən qeyri-mümkündür. Bütün rekordları qırıblar. Yazıblar ki, 51 faiz şişirtmə var. Onların yazdığı ilə hesablayanda mal qalır gömrükdə. Türkiyə bizə havayı mal verirdi? Bəs müəssisənin mənfəti hanı?".

Hakim isə bildirib ki, rəqəmləri sonda məhkəmə hesablayıb qərar verəcək: "Bunun üçün ekapertizaya ehtiyac yoxdur. Məhkəmə çətinlik çəkəndə ekspertiza təyin edir"

Məhkəmə prosesi mayın 3-də davam edəcək.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı