AMEA-nın müxbir üzvü Nərgiz Paşayevaya "Qızıl medal" təqdim olundu - FOTO

img

28-04-2017 [13:57]


AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"na layiq görülüb. Mükafat alimə AMEA Rəyasət Heyətinin 2016-cı il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Ümumi yığıncaqda təqdim olunub.

AMEA-dan Mia.az-a verilən məlumata görə, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri olan professor Nərgiz xanım Paşayevaya bu mükafat müstəqillik illərində elm, təhsil sahəsində həyata keçirilən mühüm beynəlxalq layihə – Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin, Nizami Gəncəvi Fondunun yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsi, Azərbaycan ədəbiyyatının dünya miqyasında tədqiq olunması sahəsindəki müstəsna xidmətlərinə görə verilib.

Qeyd edək ki, 2012-ci ildə ölkəmizə səfər edən ingilis alimi, professor Robert Hoylandın AMEA-nın müxbir üzvü Nərgiz Paşayeva ilə görüşü zamanı akademik əməkdaşlıq istiqamətində geniş müzakirələr aparılmış, alim elmi məruzə ilə çıxış etmək üçün professor N.Paşayevanı Oksford Universitetinin Şərqşünaslıq fakültəsinə dəvət etmişdir. AMEA-nın müxbir üzvü Nərgiz Paşayeva 2013-cü ilin oktyabrın 28-də Şərqşünaslıq fakültəsində dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığına dair elmi-akademik seminarda məruzə ilə çıxış etmiş, məruzə universitetin alim və tədqiqatçıları tərəfindən böyük maraqla qarşılanmışdır. Professor N.Paşayeva çıxışı zamanı bu universtitetdə Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin yaradılması ideyasını irəli sürmüşdür.

2013-cü ildən fəaliyyət göstərən Elmi Mərkəz şərqşünaslıq və digər sahələrdə elm və təhsillə bağlı bütün məsələlərdə Azərbaycan üzrə koordinator səlahiyyətlərinə malikdir. Elmi Mərkəzin İngiltərə tərəfindən rəhbəri professor Robert Hoylanddır.

Hazırda Mərkəz Oksford Universiteti tərəfindən tərtib və təsdiq edilmiş 5 illik elmi-tədris proqram üzrə kitabların yüksək akademik səviyyədə tərcüməsi, Bərdə şəhərində arxeoloji tədqiqatların aparılması, beynəlxalq konfransların keçirilməsi, əlyazmaların öyrənilməsi, magistr və doktorant hazırlığı istiqamətlərində fəaliyyət göstərir. Eyni zamanda mədəni-akademik layihələr də həyata keçirərək dünya elmi-intelektual birliyi ilə əlaqələr yaradır.

Digər xəbərlər
SON XƏBƏRLƏR