MSK geniş araşdırmalara başladı - Partiyalarla bağlı

img

28-04-2017 [12:10]


Bu il ötən illərlə müqayisədə daha az siyasi partiyanın maliyyə hesabatını təqdim etməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda siyasi partiyalarla bağlı geniş araşdırmaya başlayıb.

Bu barədə apa-ya açıqlamasında MSK sədrinin müavini Natiq Məmmədov bildirib.

N. Məmmədov deyib ki, MSK partiyaların maliyyə hesabatlarını təqdim etməsində qeydə alınan mənfi tendensiyanın kökündə nə durduğunu araşdırır:"Yaranmış vəziyyət Azərbaycanda 20 ildən artıq müddətdə partiya quruculuğu məsələlərinin detallı araşdırılması zərurətini ortaya qoyub. Maliyyə hesabatlarının təqdim edilməməsi ilə bağlı inzibati tədbir görmək birtərəfli və düzgün olmaz. Əsaslı araşdırma aparandan, problemin səbəblərini müəyyən edəndən sonra müvafiq addımlar atmaq olar. Yəni, tək maliyyə hesabatlarının keyfiyyəti yox, o cümlədən partiya quruculuğu, rəhbər qurumların səlahiyyət məsələləri, partiyalarda qanunvericiliyin tələblərinin nə dərəcədə yerinə yetirildiyi araşdırılmalıdır. Məsələn, bir çox partiyada sədrlər dünyasını dəyişib, təşkilatçılıq problemləri var. Hərtərəfli araşdırmadan sonra müvafiq addımlar atılacaq. Artıq hərtərəfli, geniş araşdırma başlayıb”.

MSK sədrinin müavini paralel olaraq, partiyaların maliyyə hesabatlarını təqdim etməsinin asanlaşdırılması yollarının da axtarıldığını nəzərə çatdırıb: "Bir məqamı da qeyd edim ki, MSK maliyyə hesabatları ilə bağlı partiyaların maarifləndirilməsi tədbirləri keçirir. Ancaq öncə də qeyd etdiyim kimi, bir çox halda maliyyə hesabatları ilə əlaqədar problemlər partiyadaxili məsələlərə söykənir”.

Qeyd edək ki, Azərbaycanda 55 siyasi partiya qeydiyyatdan keçib. Qanunvericiliyə əsasən, partiyalar hər il aprelin 1-ə qədər ötən ilin maliyyə hesabatlarını MSK-ya təqdim etməlidir. Bu il keçən il üzrə maliyyə hesabatını cəmi 44 partiya təqdim edib. Maliyyə hesabatlarının MSK-ya təqdim olunmağa başladığı 2015-ci il, o cümlədən 2016-cı ildə 51 partiya MSK-ya maliyyə hesabatını təqdim edib. Bu il 11 partiya - Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Milli Demokrat İdrak Partiyası, Azərbaycan Kəndli Partiyası, Vahid Azərbaycan Partiyası, Müstəqil Azərbaycan Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası və Azərbaycan Tərəqqi Partiyası hələ də maliyyə hesabatını təqdim etməyib.

Xatırladaq ki, bu il keçən il üzrə maliyyə hesabatlarını təqdim etməyən partiyalardan 3-ü ötən 2 il ərzində də MSK-ya hesabat təqdim etməyib. Bunlar Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Vətənpərvərlər Partiyasıdır.Azərbaycan Demokratik Sahibkarlar Partiyası isə 2015-ci il üzrə maliyyə hesabatını təqdim etməyib.



Digər xəbərlər
SON XƏBƏRLƏR