XİN 7 ölkəyə müraciət etdi: "Vətəndaşlarınızı Qarabağa buraxmayın"

img

27-04-2017 [17:05]


Azərbaycan Xarici İşlər Nazirliyi 7 ölkənin rəhbərliyinə rəsmi müraciət edib.

Bu barədə açıqlaamnı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev verib. 

Onun sözlərinə görə, 13-15 sentyabr 2017-ci il tarixində Ermənistan tərəfindən İrəvanda və Azərbaycanın işğal edilmiş ərazilərində "Tibbdə reabilitasiyanın müasir aspektləri” mövzusunda VIII beynəlxalq konfransın keçirilməsi planlaşdırılır:

"Konfransa Rusiya, Çexiya, Tacikistan, Almaniya, Qazaxıstan, Özbəkistan və Gürcüstandan olan tibb üzrə mütəxəssislər dəvət olunub. Azərbaycanın işğal olunmuş ərazilərində bu tədbiri təşkil etməklə, Ermənistanın məqsədi tibbi reabilitasiyanın müasir aspektlərini müzakirə etmək deyil. Ermənistanın güddüyü əsl məqsəd siyasi təxribat xarakteri daşıyır. Ermənistan bu yolla yenə də qondarma rejimi təşviq etməyə və dəvət olunan şəxsləri özünün siyasi təbliğat alətinə çevirməyə çalışır.

Bu, Ermənistan tərəfindən həyata keçirilməsi planlaşdırılan növbəti təxribatdır.

Konfransa dəvət olunan xarici ölkə vətəndaşlarını Ermənistanın bu yalanına uymamağa və rəsmi İrəvanın əlində təbliğat alətinə çevrilməməyə, işğal olunmuş ərazilərə Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və qanunlarının pozulması ilə müşayiət olunan qeyri-qanuni səfərlərdən çəkinməyə çağırırıq. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfərlər hüquqi məsuliyyət ehtiva edir. Vətəndaşları sözügedən tədbirə dəvət olunmuş ölkələri də öz vətəndaşlarının bu konfransda qeyri-qanuni iştirakının qarşısını almaq üçün təsirli addımlar atmağa çağırırıq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR