Vergilər Nazirliyinə işə qəbul imtahanı keçirildi

img

15-04-2017 [17:27]


Bu gün Vergilər Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə birlikdə ərazi vergi orqanlarında və rayon vergilər şöbələrindəki vakant vəzifələrə işə qəbulla bağlı test imtahanı keçirib.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən mia.az-a verilən məlumata görə, müsabiqə elanı KİV-də, o cümlədən Vergilər Nazirliyinin rəsmi internet saytında, habelə "Facebook” və digər sosial səhifələrdə yerləşdirilərək ictimaiyyətə açıq elan edilib. Elanda sənəd qəbulu, müsabiqənin keçirilməsi şərtləri və qaydaları barədə ətraflı məlumat öz əksini tapıb. Test imtahanına namizədlərin daha yaxşı hazırlaşmağına imkan yaratmaq məqsədi ilə test imtahanında istifadə olunan sualların tərtib edildiyi ədəbiyyat siyahısı Nazirliyin internet saytı vasitəsi ilə namizədlərə çatdırılıb. Müsabiqəyə sənəd qəbulu 27 fevral 2017-ci il tarixdən 12 mart 2017-ci il tarixədək elektron ərizə formasında aparılıb.

Müsabiqədə iştirakla bağlı 1444 nəfər vətəndaş müraciət edib, onlardan vakant vəzifələrin tələblərinə uyğun olan 1324 nəfəri namizəd qismində müsabiqədə iştiraka buraxılıb.

Müsabiqə test imtahanı və müsahibə olmaqla iki mərhələdə keçirilir. Qanunvericiliyə uyğun olaraq, test imtahanında uğur qazanmış namizədlər müsahibənin ikinci mərhələsinə – müsahibəyə buraxılırlar. Müsahibələrdə namizədlərin ümumi dünyagörüşü, onların müvafiq sahədə bilikləri və onları tətbiq etmək bacarıqları yoxlanılır. Şəffaflığın təmin edilməsi üçün müsahibə kollegial şəkildə – Müsabiqə Komissiyası tərəfindən aparılır, bu zaman audio-video çəkilişdən istifadə edilir.
Müsahibədə uğur qazanan namizədlər dövlət vergi orqanlarının ehtiyat kadrlar siyahısına daxil ediləcək və onların vakant vəzifələrə təyinatı üzrə müvafiq tədbirlər görüləcək. Müsahibənin nəticələri Nazirliyin internet saytı vasitəsi ilə ictimaiyyətə açıqlanacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR