“Accessbank”ın İdarə Heyətinə yeni sədr təyin edilib

img

14-04-2017 [17:54]


"Accessbank” QSC-nin İdarə Heyətinin (İH) sədri Mixael Hofmanın 5 illik səlahiyyət müddətinin bitməsi ilə əlaqədar olaraq, Bankın Səhmdarların Ümumi Yığıncağının qərarı ilə bu vəzifəyə Rolf Reyxard təyin edilib.

Bu barədə Bankın açıqlamasında bildirilir. Məlumatda deyilir ki, yeni sədr 2014-cü ildən "AccessBank”da maliyyə üzrə İcraçı Direktor vəzifəsində çalışıb.

"AccessBank-ın güclü komandası ilə çalışacağımdan və əvvəlki sədrin uğurlu fəaliyyətini davam etdirməkdən çox məmnunam. Azərbaycanın aparıcı banklarından biri olaraq biz hər zaman olduğu kimi müştərilərimizə müasir və etibarlı maliyyə xidmətləri təqdim edəcəyik” – R. Reyxard öz şərhində bildirib.

"AccessBank”da iş fəaliyyətindən öncə R. Reyxard 20 ildən artıq Almaniyanın bir sıra iri banklarında risklərin idarə edilməsi üzrə müxtəlif vəzifələrdə çalışıb. O, Höte Universitetində fəlsəfə doktoru dərəcəsini alıb və Yeni Zelandiyanın Oklend, Almaniyanın Kil və ABŞ-ın Yuta universitetlərində iqtisadi təhsil alıb.

Xatırladaq ki,"AccessBank” 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, "KfW", "LFS Financial Systems GmbH" adlı alman konsaltinq şirkəti və "Access Holdinq" tərəfindən yaradılıb. Azərbaycanın aparıcı banklarından biri olan "AccessBank” tam çeşidli bank xidmətləri təqdim edir.



Digər xəbərlər
SON XƏBƏRLƏR