Avtosfer.az saytının 3 yaşı oldu

img

12-04-2017 [17:44]


Bu gün bizim Avtosfer.az saytının 3 yaşı tamam olur. Başımı necə qatıblarsa indi yadıma düşür. Bu sayt mənə çox şey öyrətdi. Ən əsası da Ərşad Hüseynov kimi bir nəhənglə dostluğu möhkəmləndirdik.

Bu sayt mənimçün nə qədər önəmlidirsə cəmiyyətimiz, sürücülər, piyadalar və yol polisləri üçün də o qədər önəmlidir. Bu saytı biz Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və yaxşı dostların dəstəyi ilə yaratdıq. Şuraya çox təşəkkür edirəm ki, bu gün də saytı qoruyub saxlamağa kömək edir.

Dəstək olan başqa dostlar da var. Sağolsunlar. Sayta görə dostluq edənlər də var. Onlar da sağolsunlar. Bir gün bu sayt olmasa, o dostları itirmək barədə heç düşünmürəm. Çünki həyatın qanunudur. Onlar sünidir.

Avtosfer.az saytına sağdan-soldan zərbə döşəyənlər də oldu, üzdə dost, arxada düşmən kimi görünənlər də. Hamısından xəbərim var.

Əsad odur ki, Avtosfer.az saytı cəmiyyətimiz üçün bir boşluğu doldurdu. Bu saytda heç vaxt kiməsə təmənnalı, pullu xidmət göstərilməyib. Heç vaxt "SMS göndər, suala cavab verək" deməmişik. Əksinə, sual verənlərə, suallara cavab yazanlara hədiyyə vermişik. Sürücülərin hüquq və vəzifələrindən danışırıq 3 ildir. Və dönüb geriyə baxanda görürəm ki, sürücülərimizin çoxu hüquqlarını öyrənib, amma vəzifələrini öyrənmək istəmirlər. Hamı düşünür ki, necə edim cəriməni ödəməyim. Bu, çox səhv düşüncədir. Qayda pozmamaq daha yaxşı olardı.

Yol polisləri arasında çoxlu sədaqətli dostlar qazanmışam. Düzdür, formal dostluqlar daha çoxdur. Amma inanın, bu sistemdə çox mərd oğlanlar var. Hamısına təşəkkür edirəm. Hətta, DYP-nin rəhbər şəxsləri arasında sağlam düşüncəli insanlar tanıdım. "Biz tənqidə normal yanaşırıq, tənqid olanda işimizi ona uyğun qurub problemləri həll edirik" deyən general gördüm. Bunları sözdə eşitsəydim inanmazdım, amma oldu. Sağlam tənqidə normal yanaşdılar.

Bütün bunların fonunda, "bizdən yazma, qoy işimizi görək" deyənlər də var. Onlar bu gün də var. Nə edək? Biz jurnalistlərin işi ondan ibarətdir ki, bu cür insanların arasında baş çıxarmalıyıq. Buna çalışırıq.

Mənim bu Avtosfer.az saytı ilə bağlı böyük ümidlərim var. Hərdən mənə ağır gəlir ki, nə üçün bir-birini gözdən salmaq üçün sayt yaradan, əxlaqsızlığı təbliğ edən saytlara dəstək olan adamlar insanlar üçün faydalı iş görənlərə dəstək vermirlər? Bu sual məni çox düşündürür.

Ümid edirəm ki, bu sayt hamının saytı kimi bir iz qoyacaq. Dəstək olan hər kəsə təşəkkür edirəm. Dəstək olurmuş kimi görünənlər də sağolsunlar. Təki ayağımızdan çəkməsinlər, qalanını özləri bilər.

3 yaş hələ azdır. Bu yaşda insan yeni-yeni dil açmağa başlayır. Qismət olsa, sizlərlə birlikdə daha da böyüyəcəyik və danışacağıq...

Elməddin Muradlı



Digər xəbərlər
SON XƏBƏRLƏR