Şriftin ölçüsü / 368 dəfə oxunub

Şərəfli ay...

11 Aprel 2017 [12:16]

Zaur ƏHMƏD

Düz 23 il öncə...Ailəmiz üçün ağır bir xəbər aldıq. Atam Ağdamda qəhrəmancasına şəhid oldu. İndi şərəfli olsa da, o zaman bu şərəfi duyacaq həddə deyildik.

23 il öncə gecə... Ağır, şiddətli döyüş olmuşdu. Sumqayıt batalyonu 10-dan çox şəhid verdi, xeyli yaralı...

Xatırladığıma görə, mərhum Prezident Heydər Əliyev televiziyada çıxışı zaman bu ağır itki barədə danışmışdı. Həmin dövrlərdə cəbhədən şəhid xəbərləri çox gəlirdi deyə, adi bir xəbər kimi qarşılayanlarda var idi. Amma biz də...

Zaman keçdi. İllər ötdü. Keçən zaman dərdi, qüssəni apardı. Onların yerinə qürur hissi gəldi. Amma 23 ildə sınıqlığın izləri qaldı. Yəqin ki, bir ömür bizimlə gədəcək, amma qürur, şərəf bu sınıqlığı kimsənin görməsinə izin verməyəcək.

Ötən ilin aprelində cəbhədə daha bir qəhrəmanlıq salnaməsi yaşandı. Onlarla igidimiz Azərbaycanın Vətən Daşı olmağı üstün tutdu. O şəhidlər təqvimdə sıradan bir ay olan apreli bir daha şərəfləndirdilər. Artıq tariximizdən silinməyəcək iz var aprel ayında. Şərəf izi, qürur izi... Tanrı bu şərəfi bizə nəsib edib. Ağır da olsa, şərəfi, qüruru bizə yetər...

Bu gün atamın şəhid olmasının il dönümü ilə bağlı öncə Şəhidlər Xiyabanını, daha sonra Sumqayıtda ucaldılan abidəsini ziyarət etdik. Tanrı şəhidlərimizin qanını yerdə qoymasın, qisasını alamağı da bizə qismət eləsin. 

Vətənimiz bütöv, Bayrağımız uca, Dövlətimiz qüdrətli olsun...




Digər Xəbərlər

SON XƏBƏRLƏR