Mətbuat Şurasında bu saytlardan şikayətlərə baxıldı

img

04-04-2017 [17:28]


Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının iclası keçirilib.

Mia.az xəbər verir ki, toplantını açan MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

İclasda müzakirə edilən ilk məsələ Bakı şəhər 20 saylı məktəbin direktor əvəzi Yaqut Məmmədovanın «Rubrika.az» saytına qarşı müraciəti olub. İclasda sözügedən media orqanının rəhbəri Nicat Mahmudovla yanaşı, mübahisəli vəziyyətlə bağlı adı çəkilən «pia.az» saytının baş redaktoru Azər Qaramanlı da iştirak edib. Şikayətə səbəb olduğu bildirilən «siam.az» və «anaxeber.az» saytlarının nümayəndələri iclasa qatılmayıblar. Şikayətçi tərəfin nümayəndəsi bildirib ki, «Rubrika.az» saytı məsələ ilə bağlı təkzib versə də, digər saytlar narazılıq doğuran materialı yayımlayıblar. Araşdırma nəticəsində məlum olub ki, həmin material «pia.az» saytında yayımlanmayıb. «Rubrika.az» saytının rəhbərinin diqqətinə çatdırılıb ki, hər hansı məsələ ilə əlaqədar material hazırlanarkən qarşı tərəfin mövqeyinə aydınlıq gətirilməsi obyektivliyin təmin olunması baxımından vacibdir. Jurnalist bunu mütləq şəkildə nəzərə almalıdır. Əks halda hazırlanmış materialın qərəz məqsədli olduğu barədə fikir formalaşır. Peşə fəaliyyətinə həssas yanaşan, ictimai missiya yerinə yetirməyi qarşısına məqsəd qoyan hər hansı kütləvi informasiya vasitəsi belə şübhələrin yaranmasına əsas verməməlidir. «Rubrika.az» saytının rəhbərliyinə mövcud xüsusda tövsiyələr verilib. Saytın rəhbəri N.Mahmudov iradlarla razılaşıb. Məlumat verilməsinə baxmayaraq iclasda iştirak etməyən «siam.az» və «anaxeber.az» saytları isə müzakirədən yayınmaqla qərəzli mövqedə olduqlarını isbatlayıblar. Hər iki kütləvi informasiya vasitəsinin fəaliyyəti ilə daha ciddi ölçü tədbirinin götürülməsi məqsədəuyğun sayılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin «cumhuriyyet.net» saytına qarşı şikayətinin müzakirəsi zamanı bildirilib ki, sözügedən sayt qarşı tərəfin fikrinə aydınlıq gətirməlidir. Baş redaktor Nəsimi Şərəfxanlı iradı səmimi qəbul edib, təkzib veriləcəyini və Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mövqeyinə aydınlıq gətirəcək materialın dərcinə hazır olduğunu diqqətə çatdırıb. Komissiya üzvləri həmçinin şikayətçi dövlət qurumuna mətbuatla işin daha səmərəli aparılması üçün tövsiyələrini veriblər.

Bakı şəhər Badamdar qəsəbə sakini Bəylərova Süsən Xanoğlan qızının «azxeber.com» saytı ilə bağlı müraciəti zamanı komissiya üzvləri cavabdeh sayta material təqdim edərkən diqqətli olmağı, qarşı tərəfin mövqeyinə aydınlıq gətirməyi tövsiyə ediblər. Saytın təmsilçisi Hacıbəy Heydərli yanlışlığın tez bir zamanda aradan qaldırılacağını, təkzib veriləcəyini və qarşı tərəfin mövqeyinə aydınlıq gətiriləcəyini vurğulayıb.

Xəzər rayonu 26 saylı BŞX-nin təsərrüfat müdiri Adışirinov Nemət Fikrət oğlunun «Daryaz.az» saytı ilə bağlı şikayətinə gəlincə, komissiya üzvləri bildiriblər ki, cavabdeh media orqanının tənqid obyektinə münasibətdə tutduğu mövqe yanlışdır. O, təkzib verməli, qarşı tərəfin mövqeyinə aydınlıq gətirməlidir. Oxşar hallar təkrarlanacağı təqdirdə sayt barədə daha ciddi ictimai qınaq tədbiri seçiləcəkdir.



Digər xəbərlər
SON XƏBƏRLƏR