Eşşək, metroda öpüş və söz azadlığı

img

01-04-2017 [14:35]


Neçə vaxtdır, hamı ölkədəki qiymət artımından gileylənir. Mən özüm də hər gün bahalaşmanın əziyyətini çəkənlərdənəm. Ət, yağ, qənd, çörək, işıq, qaz, su, nə bilim, Azərbaycanda gözlə görünən nə varsa, hər şey bahalaşıb. Sözsüz ki, bu bahalaşma ancaq halal pul qazananları narahat edir.

Amma məni daha çox narahat edən başqa şeydir. Bu ölkədə gözə görünən nə varsa, hər şeyin bahalaşdığı bir məqamda ucuzlaşma da var. Yeganə ucuzlaşan şey isə sözdü, söz…

Azdan-çoxdan biz də söz adamı sayılırıq. Çörəyimiz sözdən çıxır. Yəqin ki, həmkarlarım yaxşı başa düşər, söz adamı üçün sözün dəyərdən düşməsi acqarına gəzməkdən də pisdir. Söz o qədər urvatdan düşüb ki, söz ustalarının da hörməti qalmayıb. Tay əvvəlki kimi şairə, yazıçıya, jurnalistə qoyulan hörmət yoxdur. Təəssüf…

9 günlük bayram və ondan sonrakı qısa dövrdə baş verənlər buna əyani sübutdur. Düz iki həftədir sosial şəbəkələrin, yazılı və elektron medianın gündəmi gic-gic mövzularla dolub. İş o yerə çatdı ki, nəinki sosial şəbəkələr, edektron media, hətta radio və telekanalların baş xəbərləri eşşəklə bağlı oldu. Bekarçılıqdan saytlar eşşək ətinin xeyir və zərərindən, eşşəyin müsbət və mənfi xüsusiyyətlərindən araşdırmalara başladılar. Azərbaycanda eşşək üzrə mütəxəssislər az olduğundan mövzunu çox uzada bilmədilər. Belə baxanda, həqiqətən çox maraqlı bir ölkədə yaşayırıq. Yemək-içməyimiz bol olsa, yaşamalı yerdir. Çünki bir ölkədə günlərlə eşşək məsələsi müzakirə olunursa, o cəmiyyətdə nəsə var.

Bu dəfə isə başqa bir mənasız mövzunu saqqız kimi uzatmaqla həftəni başa vurduq. Jurnalist həmkarım Xaqani Səfəroğlunun metroda gənclərin öpüşməsinə etirazını təpiklə bildirməsi sosial şəbəkələrdə geniş müzakirəyə səbəb oldu. Məlum status sosial şəbəkə istifadəçilərini iki cəbhəyə ayırdı. Bir tərəf həmkarımın haqlı olduğunu bildirdi, ictimai yerdə öpüşməni pislədi. Digər tərəf isə iki gəncin öpüşməsində zərərli bir şeyin olmadığını əsas gətirərək Xaqanini tənqid atəşinə tutdu.

Hər kəsin öz fikri var və buna hörmətlə yanaşmaq lazımdır. Bu tipli mövzuların sosial şəbəkədə müzakirəsində qəbahət bir şey yoxdur. Amma metroda öpüşmə məsələsinin ölkə mediasının da baş xəbərlər sırasına çıxması başadüşülən deyil. Öpüşmənin insan orqanizminə xeyir və zərərlərindən tutmuş, harda öpüşmək olar-olmaza kimi hər şey yazıldı, pozuldu. Hətta bir sıra rəsmi qurumlardan da öpüşmə ilə bağlı münasibətlər də öyrənildi. Eşşək və öpüş məsələsi Azərbaycanda söz və mətbuat azadlığının sərhədlərinin olmadığını göstərdi.

Ayrı vaxt bizdə araşdırma jurnalistikasının olmadığını deyənlər susa bilərlər. Ortada fakt var. Dünyanın heç bir mediası eşşək və öpüş məsələsi ilə bağlı bu qədər detallı müzakirə apara bilməzdi, amma biz ən xırda detallara qədər izah elədik.

İndi nə edək ki, bizdə söz o qədər urvatdan düşüb ki, ancaq eşşək söhbətinə yarayır. Başqa yolumuz da yoxdur. Hər şeyin bir həddi olmalıdır. Movcud durumda sərhəddən o tərəfə keçmək isə eşşəklik olar.



Digər xəbərlər
SON XƏBƏRLƏR