Anar Məmmədov ticarət mərkəzini də satdı - “Baku Outlet Park” əldən çıxdı

img

29-03-2017 [23:10]


Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov ona məxsus ticarət mərkəzini satıb. Azevronyus.com xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzalında yerləşən "Baku Outlet Park” ticarət mərkəzi əl dəyişib.

Ticarət mərkəzində çalışanların verdiyi məlumata görə, keçən həftə satılan ticarət mərkəzinin yeni sahibinin adı hələ ki, gizli saxlanılır. Ticarət mərkəzinin sahibi təhvil-təslim üçün gəlsə də, onu görə bilməyiblər: "Anar Məmmədovun özünü görmədik, amma nümayəndəsi Fəxrəddin müəllim ofisdə idi. Onlar mağazaları gəzib bəzi məlumatları yazdılar. Burda qonşuluqda bəzi mağazalar var ki, onlar neçə aydır icarə haqqını verə bilmir. Onlara deyiblər ki, narahat olmayın, bütün mağazaların borcları sıfırlanacaq. Açığı buna çox sevindik”.

Məlumatı verən satıcı deyir ki, "Baku Outlet Park” ticarət mərkəzində alver çoxdan ölüb: "Yerpulunun baha olması istər-istəməz mallara da təsirini göstərirdi. Ümidimiz buranın yeni sahibinədir. Buradan yüzlərlə insan evinə çörək aparır. Biz nə istəyirik? Əl-ələ verib dolanaq”.

Qeyd edək ki, Bakı avtovağzal kompleksindəki "Outlet Park” 2011-ci ildə fəaliyyətə başlayıb.
Ticarət mərkəzindən verilən məlumata görə, 8500 kvadrat metr ərazidə fəaliyyət göstərən "Zara”, "H&M”, "Pull&bear”, "Bershka”, "Stradivarius”, "Adidas”, "Nike”, "Reebok”, "Puma” və s. markaların geyim və ayaqqabıları il boyu böyük endirimlə müştərilərə təqdim olunur.

Məlumat üçün bildirək ki, XX əsrin 70-ci illərində ABŞ-da yaranan və 90-ci illərin sonunda məşhurluğun zirvəsinə çatan "Outlet” mərkəzlər inkişaf etmiş ölkələrdə ildən-ilə daha da genişlənir. Son ildə belə mərkəzlərdə satışların həcmi 52% artıb. Bir qayda olaraq, belə dükanlarda ötən mövsümlərin modelləri satılır. Beləliklə, tanınmış brendlərin mallarını bəzən hətta 90%-ə çatan endirimlərlə əldə etmək olur.

Onu da qeyd edək ki, ötən ilin ortalarınadək Beynəlxalq Avtovağzal Kompleskinə nəzarət bütövlükdə Məmmədovlar ailəsini nəzarətində olub. Və Məmmədovlar burdan il ərzində milyonlarla manat gəlir götürüblər.

Ancaq ötən ilin oktyabrında Ticarət Mərkəzinin Mənmmədovlardan alınaraq, başqa birinə dövr edildiyi bildirilir. Bu haqda saytımızda məlumat verdiyimizdən (MƏMMƏDOVLARIN BÖYÜK BİZNESİ ƏLLƏRİNDƏN ALINIR?! – Avtovağzaldakı Ticarət Mərkəzi bağlandı) təkrarlamaq istəmirik.

Anar Məmmədovun burda yerləşən "Baku Outlet Park” ticarət mərkəzini başqasına dövr etməsi də, sabiq nazirin ailəsinin Azərbaycandakı bütün biznesinin əlindən alındığından xəbər verir.



Digər xəbərlər
SON XƏBƏRLƏR